Bu il fevralın 26-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 29 ili tamam olur. Bu qəddar və amansız soyqırımı aktı insanlığın tarixinə dəhşətli terror hadisələrindən biri kimi daxil olmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz işgəncələrə, təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəlir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar tərəfindən insanların başlarının dərisi soyulmuş, müxtəlif əzaları kəsilmiş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarınları yarılmış, adamlar diri-diri torpağa basdırılmış və ya yandırılmış, cəsədlər minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinlər yollarda, meşələrdə pusqu quran erməni hərbçilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdir. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.
Son yüz ildən artıq bir dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan və digər xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Bu nifrət ideologiyasının törətdiyi faciəli nəticələr tarixdən yaxşı məlumdur. XIX əsrin sonlarından etibarən böyük dövlətlərin himayəsindən istifadə edən erməni millətçiləri "Böyük Ermənistan" yaratmaq xülyasına düşmüş, iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək, yüz minlərlə günahsız azərbaycanlını qətlə yetirmişlər. 1905-1907-ci illərdə İrəvan və Zəngəzurda (müasir Ermənistan Respublikası ərazisində), Tiflisdə, Bakıda, Naxçıvanda, Gəncədə, Qarabağda, 1918-1920-ci illərdə Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda dinc əhaliyə amansızcasına divan tutulmuşdur.
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər.
Azərbaycan İdman Könüllüləri İctimai Birliyi adından Sizləri bu haqq yolunda dünya ictimaiyyətini, idman qurumlarını düzgün və qərəzsiz məlumatlandırmağınızı xahiş edir və işğalçı Ermənistan Respublikasının təcavüzünü pisləməyə çağırırıq!
AZƏRBAYCAN İDMAN KÖNÜLLÜLƏRİ İCTİMAİ BİRLİYİ ADINDAN
26 fevral 2021-ci il
Azərbaycan, Bakı şəhəri