"80-ci illərin ortalarında atamla birlikdə səfər etdiyim şəhərdən heç nə qalmayıb".
LEQAL.AZ xəbər verir ki, bunu Ağdamda səfərdə olan tanınmış gürcü jurnalist Giorgi Saralidze jurnalistlərə açıqlamasında deyib.
Gördüyü mənzərədən olduqca narahat olduğunu deyən G. Saralidze vurğulayıb ki, bu miqyasda dağıntıların niyə törədildiyini anlamaqda çətinlik çəkir: “Gördüklərim məni olduqca kədərləndirir. Mən şəkillərdə buradakı dağıntıları görmüşdüm. Doğrusunu desəm, mən bunu gözləmirdim. Gənc yaşlarımda, 80-ci illərin ortalarında atamla birlikdə buralarda olmuşam. O zamanlar buralar çiçəkləyirdi, indi gördüyüm isə kabus kimidir. Sovet İttifaqı vaxtlarında çox yaxşı bilinən bir şəhər indi sadəcə olaraq yoxdur. Onlarla kilometrlik bir ərazidə hər şey dağıdılıb. Doğrusunu desəm bu məndə dəhşətli bir təəssürat yaradır. Ən başlıcası da mən anlamıram ki, bu niyə edilib. Mənim üçün bu bir tapmacadır”.