Yaponiyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar bu ölkənin ictimaiyyətinin obyektiv məlumatlandırılması üçün müxtəlif tədbirlər həyata keçirirlər.
Bu barədə Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər azərtac-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verib.
Diaspor təşkilatının sədri bildirib ki, Xocalıda erməni silahlıları tərəfindən dinc əhaliyə qarşı törədilmiş qırğın barədə yapon ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün internet resurslarına yeni məlumatlar əlavə edilib. Ermənilərin dünya ictimaiyyətini faciə barədə yanlış məlumatlandırmaq cəhdlərinin qarşısını almaq, onların guya bu faciədə günahkar olmadığı barədə informasiyaları obyektiv məlumatlarla dəyişdirmək istiqamətində iş aparılır.
X.Kələntər bildirib ki, rəhbərlik etdiyi təşkilatın fəallarının yapon dilində hazırladığı məlumatlar “Wikipedia” onlayn ensiklopediyasında, Yaponiyada yaxşı tanınan “Azerbaijan”, “Azerbaijan Japan Friendship Center”, “Japan&Azerbaijan”, “Azərbaycan-Yaponiya”, “Azerbaijani diaspora in Japan” və digər sosial şəbəkə səhifələrində yayılıb.
Məlumatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, 1992-ci il fevralın 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi soyqırımı, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb. Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanındığı qeyd edilib. Dünyanın 10-dan çox ölkəsinin, həmçinin ABŞ-ın 20-dən artıq ştatının, İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi tanıdığı vurğulanıb.
Bununla yanaşı, həmin məlumatlarda Xocalı faciəsinin qisasının yerdə qalmadığı, ötən ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların azad edildiyinə xüsusi diqqət yetirilib.
Faciə barədə yapon ictimaiyyətinin məlumatlandırılması ilə bağlı bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən xüsusi aksiyanın planlaşdırıldığını qeyd edən X.Kələntər bu tədbir zamanı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış və üzərində faciə barədə məlumatların əks olunduğu maskaların, xüsusi broşürlərin Azərbaycanın Yaponiyadakı səfirliyinin köməyi ilə paylanacağını bildirib.