Yaponiyanın hökumət orqanlarının cəmləşdiyi Tokionun Naqataço rayonunda yerləşən konfrans mərkəzində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum” mövzusunda brifinq keçirib. Brifinqdə Yaponiya KİV-lərinin, aparıcı beyin mərkəzlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
LEQAL.AZ xəbər verir ki, tədbiri professor Osabu Miyata açaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat verib. Qeyd edib ki, ötən əsrin 90-cı illərində başlayan münaqişə zamanı Azərbaycan tərəfindən təxminən 30 min insan həlak olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salan professor, iki ölkə arasında 1992-94-cü illərdə tam miqyaslı müharibə baş verdiyini bildirib. Xarici havadarların və erməni diasporunun köməyi nəticəsində Ermənistanın həmin dövrdə üstünlük qazandığı qeyd edilib. Münaqişənin həli istiqamətində 2009-cu il Madrid prinsiplərinin qəbul olunduğunu xatırladan yapon professor onun müxtəlif səbəblərdən həyata keçirilmədiyini deyib. Ermənilərin Dağlıq Qarabağa məskunlaşdırılması tarixinə toxunan ekspert bunun Rusiya və İran arasında Gülüstan və Türkmənçay müqavilələri imzalandıqdan sonra baş verməsi barədə ətraflı məlumat verib.
Tədbirdə əsas məruzə ilə çıxış edən səfir G.İsmayılzadə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini nümayiş etdirən səfir, Sovet hökuməti tərəfindən ölkəmizin tarixi ərazisi olan Zəngəzurun və digər ərazilərin Ermənistana verildiyini xatırladıb. Vurğulayıb ki, bununla da Naxçıvan Azərbaycandan ayrı salınıb. 1920-ci ildə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətinin əhalisinin təqribən yarısının azərbaycanlılardan ibarət olduğunu xatırladan səfir, keçmiş Sovet İttifaqı dövründə onların Ermənistandan tədricən köçürüldüyünü və qovulduğunu qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan G.İsmayılzadə 1988-ci il, 1992-1994-cü illər ilə bağlı faktlar, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında geniş məlumat verib. Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımını xatırladıb.
Vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə 4 qətnamə qəbul edib. Həmin qətnamələr Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 27 ildir ki, bu qətnamələrin tələbi yerinə yetirilmir. Səfir xatırladıb ki, 1993-cü ildə qətnamələr qəbul edilərkən Yaponiya da BMT TŞ-nin qeyri-daimi üzvü olub. Ermənistan beynəlxalq hüququn normalarına və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə riayət etməyib.
G.İsmayılzadə vurğulayıb ki, BMT TŞ-nin qətnamələrinin tələblərini yerinə yetirilməsi üçün dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən təzyiq göstərilmədiyinə görə Ermənistan özünü cəzasız hiss edir və yeni təxribatlar törədir.
Səfir ATƏT-in Minsk qrupunun həmsədrlərinin iki ölkə arasında münaqişənin həlli istiqamətində fəaliyyəti, Madrid prinsipləri haqqında da ətraflı məlumat verib.
Ermənistanın baş naziri N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsinə toxunan diplomat, həmin vaxtdan bu ölkənin Azərbaycana qarşı daha aqressiv və təxribatçı siyasət apardığını konkret faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırıb. 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribatı haqqında geniş məlumat verib. Bildirib ki, həmin təxribatın məqsədi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft və qaz boru xətlərinə zərər vurmaq olub.
Ermənistanın son təxribatlarına toxunan səfir bildirib ki, cari il sentyabrın 27-də səhər saat 6:00 radələrində işğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutub. Vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində həlak olanlar və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.
Səfir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir. Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Səfir qeyd edib ki, Rusiya Federasiyasının vasitəçiliyi ilə baş tutmuş Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskva görüşü nəticəsində oktyabrın 10-da saat 12:00-dan etibarən humanitar atəşkəs barədə razılığının əldə olunmasına baxmayaraq, Ermənistan bu razılığı kobud şəkildə pozmaqda davam edib. Humanitar atəşkəsin elan edilməsindən qısa zaman sonra Azərbaycanın Ağdam və Tərtər rayonları artilleriya atəşinə tutub. Oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 10 mülki şəxs, o cümlədən azyaşlı uşaqlar və qadınlar həlak olub, 41 nəfər isə ağır yaralanıb.
Oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın sıx məskunlaşmış yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tutduğunu qeyd edən səfir, Tərtər rayonunda dəfn mərasimi zamanı qəbiristanlığın atəşə tutulması nəticəsində 4 mülki şəxsin həlak olduğunu, 5 nəfərin isə ciddi xəsarət aldığını söyləyib. Qeyd edib ki, məqsədli şəkildə azərbaycanlı mülki şəxsləri hədəfə alaraq, dinc insanların qətl edilməsi halı olan bu akt, Ermənistanın törətdiyi növbəti barbarlıqdır və insanlıq əleyhinə cinayətidir.
Bundan əlavə, səfir oktyabrın 17-də də gecə saatlarında Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğunu və sayca üçüncü dəhşətli hücumun çox sayda mülki insanların itkisinə səbəb olduğunu qeyd edib. Bildirib ki, bu hücum nəticəsində daha 13 nəfər, o cümlədən 2 uşaq həlak olub, 50-dən çox sakin ciddi yaralanıb. Səfir vurğulayıb ki, Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalı, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.
Azərbaycanın bir daha xoş niyyət nümayiş etdirərək, humanizm prinsipləri əsasında oktyabrın 18-də növbəti humanitar atəşkəsə razılıq verdiyini xatırladan səfir, bu dəfə də Ermənistan silahlı qüvvələrinin razılıq elan olunduqdan dərhal sonra Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də bu rayonunun işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutduğunu qeyd edib. Həmçinin, iki dövlətin sərhədində yerləşən Gədəbəy və Tovuz rayonlarındakı Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirib.
G.İsmayılzadə, Ermənistanın bu təcavüzkar və terrorçu əməllərinin, dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən də qətiyyətlə pislənilməsinin zəruri olduğunu söyləyib və beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.
Səfir bildirib ki, Ermənistan ordusunun bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Ermənistanın cinayətkar rəhbərliyi cəbhədə vəziyyəti gərginləşdirmək və təxribatlar törətmək yolu ilə Ermənistan əhalisinin diqqətini daxili problemlərdən, ölkənin acınacaqlı vəziyyətindən, COVID-19 ilə bağlı yaranmış fəlakətdən yayındırmaq məqsədi daşıyır.
G.İsmayılzadə bir daha vurğulayıb ki, döyüşlər Ermənistanın deyil, Azərbaycanın ərazisində gedir, Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyon azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib. Məhz Azərbaycan mütəmadi olaraq Ermənistan tərəfindən təcavüz və təxribatlara məruz qalır və buna görə də öz torpaqlarını düşmən işğalından azad etmək üçün beynəlxalq hüquq və prinsiplər əsasında tam hüquqa malikdir. Səfir bildirib ki, istənilən dövlət tərəfindən verilən bəyanatda Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək, işğalçı Ermənistanın pislənməsi vacib məsələdir.
Təqdimatın sonunda, G.İsmayılzadə Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalından azad olunmuş ərazilərinin xəritəsini iştirakçılara təqdim edib.
Tədbirdə çıxış edən professor Akira Matsunaqa bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi, ölkə informasiya blokadasına düşmüşdü və Ermənistanın təcavüzü haqqında məlumatları dünyaya çatdırmağa çətinlik çəkirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır. Ermənistanın Azərbaycana qarşı təcavüzünün xaricdəki erməni lobbisi və digər qüvvələr tərəfindən dəstəkləndiyini qeyd edən professor Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı ikili standartların mövcudluğu haqqında da bəhs edib. A.Matsunaqa vurğulayıb ki, Azərbaycan bu gün yüksək templə inkişaf edir, Ermənistan isə acınacaqlı vəziyyətdədir.
Tədbirin sonunda fikir mübadiləsi aparılıb, iştirakçıların sualları G.İsmayılzadə tərəfindən ətraflı cavablandırılıb.