Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axundzadə, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Videokonfransda çıxış edənlər 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışıblar.
Qeyd olunub ki, həmin gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını törətdilər. Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır.