Sudanın “Bajnews” və “Awalalnahar” informasiya portalları Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar məqaləsini yayıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, məqalədə Vətən müharibəsində ölkəmizin qazandığı Qələbədən bəhs edilir, Xocalı soyqırımının 29-cu ildönümünün bu il Azərbaycanda ötən illərlə müqayisədə fərqli şəkildə anıldığı, müharibədən qalib çıxmış xalq və ölkədə Zəfər ab-havasının yaşandığı vurğulanır.
Müəllif yazır: “2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz döyüş meydanında işğalçı dövlətin silahlı qüvvələrinə qarşı vuruşaraq Zəfər çalıb. Müzəffər Ordumuz müharibə vaxtı Ermənistan silahlı qüvvələrinin Tərtər, Gəncə, Bərdə, Mingəçevir, Ağdam şəhərlərinə raket hücumları nəticəsində dinc əhalinin şəhid olmasının cavabını döyüş meydanındakı rəşadəti ilə verdi. Bu şanlı Zəfər ilə həm erməni işğalına, həm də erməni faşizminə son qoyuldu”.
Məqalədə, həmçinin 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli səylərinin heç bir nəticə vermədiyi, bu müddət ərzində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilmədiyi diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın işğalçı dövlətin təxribatlarına cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat nəticəsində BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarları icra edildi və torpaqlarımız işğaldan azad olundu.
Diplomatın məqaləsində sudanlı oxuculara Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib.