Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyədə tətbiq olunan sərt məhdudiyyətlərə baxmayaraq, hələ də gündəlik ölüm sayı yüzdən yuxarıdır. Ekspertlər hesab edirlər ki, bütün hallarda infeksiya ilə mübarizənin ən səmərəli yolu yoluxma saylarını aşağı salmaqdır.
LEQAL.AZ Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, fevralın 6-da ölkə üzrə 137 min 649 nəfər testdən keçirilib. Onlardan 7897 nəfərində virus əlaməti aşkarlanıb, 618 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib. Məlum infeksiya səbəbindən son sutka ərzində 108 nəfər ölüb, 8089 şəxs sağalıb.
İndiyədək Türkiyədə 2 milyon 524 min 786 nəfər infeksiyaya yoluxub, 26 min 685 nəfər vəfat edib.
Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimi iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.
Vaksin olunanların sayı isə 3 milyona çatıb. Gələn həftədən başlayaraq vaksin edilənlərə ikinci dozanın tətbiqinə başlanacaq.