Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması riskinə qarşı tətbiq olunan növbəti 56 satlıq “Evdə qal!” rejiminə başlanılıb. Dekabrın 11-də yerli vaxtla saat 21.00-da qüvvəyə minən bu rejim bazar ertəsi saat 5.00-dək davam edəcək.
azərtac Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 11-də ölkə üzrə 208 min 873 nəfər testdən keçirilib. Onlardan 32 min 106 nəfərdə virus əlaməti aşkarlanıb, 5 min 607 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 226 nəfər ölüb, 5 min 516 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 20 milyon 709 min 452 nəfər testdən keçirilib, 15 min 977 nəfər ölüb. Hazırda 5 min 552 xəstə infeksiya səbəbindən reanimasiyadır.
Qeyd edək ki, həftənin ilk beş günü Türkiyədə “Evdə qal!” rejimi saat 21.00-dan saat 5.00-a qədər qüvvədə olur. Cümə axşamları isə qarşıdakı iki günü əhatə edən 56 saatlıq məhdudiyyət qüvvəyə minir. Bundan başqa, xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı, 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla digər günlər yalnız saat 13.00-dan 16-dək evdən çıxmağa icazə verilir.