Masallı rayonunun Qasımlı kəndindən olan heykəltəraş İlqar Balayevin övladları Aqşin və Müstəqil Balayev qardaşları Vətən müharibəsi mövzusunda bir sıra əsərlərin müəllifidir.
LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə heykəltəraş qardaşlar “Qələbə” adlı heykəl - barelyef hazırlayıblar.
Müstəqil Balayev qardaşı Aqşinlə birlikdə vətənpərvərlik mövzularına tez-tez müraciət edir, sanballı əsərlər yaradırlar. Qardaşların əllərindən çıxan sənətkarlıq nümunələri respublikamızın hər yerində həmişə rəğbətlə qarşılanır.
Hazırlanan möhtəşəm əsərdə Azərbaycan xəritəsi əks olunub. Xəritədə heykəltəraş qardaşlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmini ustalıqla yaratmışlar. Əsər aylarla zəhmət tələb edən işlər sırasında olub ki, nəticədə şah əsər alınıb.
Əsərdə Qələbə sevincinə yer verən heykəltəraş rəssamlar xarı bülbül, Qarabağ atları, Vətən Müharibəsinin qalib əsgərlərindən olan topçu Vüsalın məğrur duruşu, Şuşa qalası, Şuşa məscidi və s. əks olunub.
Qeyd edək ki, gənc heykəltəraşların atası İlqar Balayev də tanınmış rəssam və heykəltəraşdır. Müstəqil və Aqşinin bu sənətə yiyələnməsində atasına təşəkkür edirlər.
Qardaşlar deyir ki, ilk müəllimimizdə məhz atamız olub.
Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.