Azərbaycan - Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya edilsə sezilər ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə iki ölkə arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarını qoydu.
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Bu görüş də Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasının nümunələrindən biri hesab edilməlidir.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik edərək qeyd edib ki, BAM-ın tikintisi həqiqətən də Sovet İttifaqının bütün respublikalarını birləşdirib. Onun Ümumittifaq tikintisi adlandırılması təsadüfi deyil. Biz, əlbəttə, fəxr edirik ki, Azərbaycan inşaatçıları və mütəxəssisləri də bu tikintidə fəal iştirak ediblər, Azərbaycan inşaatçıları iki dəmir yolu stansiyasını inşa ediblər.
Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Putinə təşəkkürünü bildirən cənab İlham Əliyev deyib: “ Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.”
“Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.”
Cənab İlham Əliyev iki il bundan əvvəl imzalanmış Moskva Bəyannaməsinə toxunaraq qeyd edib ki, Vladimir Putinlə görüşdə müttəfiqlik və qarşılıqlı fəaliyyət çərçivəsində həyata keçirilən əməkdaşlığın bir çox planlarının icra edilməsi məsələləri müzakirə edilmişdir. Heydər Əliyev amilinin dövlətlərarası münasibətlərimizdə mühüm rol oynadığını diqqətə çatdıran ölkə başçısı Ümummilli Liderin Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərdiyini, nəqliyyat sahəsinin inkişafında xidmətlərinin olduğunu qeyd edib.
Müasir Rusiya - Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyini diqqətə çatdıran cənab İlham Əliyev Rusiya və Azərbaycanın təkcə böyük nəqliyyat layihələri həyata keçirmədiyini, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirakını qeyd edərək, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlığın bundan sonra davam və inkişaf etdiriləcəyini bildirmişdir.
Rusif Kərimov ,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi