“Xarı bülbül Aksiyası” adlı yaradıcılıq müsabiqəsinə start verilib

“Xarı bülbül Aksiyası” adlı yaradıcılıq müsabiqəsinə start verilib
  • Cəmiyyət

  • “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin təşkilatçılığı ilə cari ilin 30 noyabr-20 dekabr tarixlərini əhatə edən I və II Qarabağ Müharibəsində şəhid olanların xatirəsinə və Azərbaycan xalqının qələbəsinə həsr olunan əfsanəvi “Xarı bülbül Aksiyası” keçirilir və Xarı bülbül model nişan müsabiqəsinə start verilib.

    Sosial-Ekoloji Mərkəzdən LEQAL.AZ-a bildirilib ki, illərlə əsarətdə olan Azərbaycan torpaqlarında yetişən Xarı bülbülün qələbə simvoluna çevrilməsi təsadüfi deyil, zəngin florası olan Qarabağ torpağı Azərbaycana saysız nemətlər bəxş edib, bunlardan biri Xarı bülbül adı ilə tanınan Ophrys fəsiləsindən olan latınca Ophrys caucasica adlanan çiçəkdir. Endemik və xüsusi yetişmə üsulu olduğu üçün bu bitkini başqa yerdə əkmək olmur.

    Aksiyanın əsas məqsədi I və II Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə, Azərbaycan xalqının qələbəsinə və Qarabağın azad olunmasına həsr olunmuş simvolunun yaradılmasıdır. Bundan sonra Xarı bülbül döş nişanı-sancağının noyabr ayı boyunca xüsusilə əlamətdar tarixlər olan 8, 9, 10 noyabr, həmçinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və birlik günündə taxılması ənənə halını almasıdır.

    İlk olaraq Xarı bülbül döş nişanı-sancaqlar hazırlanaraq təmənnasız bir sıra təşkilata paylanılacaq və gələcəkdə xeyriyyə məqsədilə satışa çıxarılaraq, xeyriyyə təşkilatlarının topladığı vəsait hərbçi və qazilərin ailələrinin ehtiyaclarının ödənilməsi üçün xeyriyyə fonduna köçürüləcək.

    Xarı bülbül aksiyasının başlanğıc mərhələsi olaraq, rəssamlar və xalq tətbiqi sənəti ilə məşğul olan ustalar arasında Xarı bülbül çiçəyi formasında qeyri adi və hazırlanma üsulunda asan olan döş nişanı-sancaq modelinin hazırlanması müsabiqəsi elan olunub.

    Qeyd edək ki, belə bir aksiya İngiltərədə 1924-ci ildən başlayaraq hər il noyabrın 11-də Poppy Appeal təşviqi adlanan Birinci Dünya Müharibəsinə həsr olunan Sülh Günü və ya Anma Günü kimi qeyd olunur, minlərlə insan tərəfindən hərbi münaqişələrdə ölən insanların xatirəsini anaraq sinələrinə parlaq qırmızı lalə çiçəkləri formasında döş nişanları-sancaqları taxıb aksiya keçirilir.

    Xarı bülbül aksiyası üçün Xarı bülbül model nişan müsabiqəsinin əsas məqsədi “Xarı bülbül aksiyasının” nişanı olan Xarı bülbül çiçəyi formasında döş nişanı-sancaqlarının hazırlanması və bununla bütün əlamətdar tarixlərdə bu sancaqlardan istifadə edərək bütün dünyaya Azərbaycan xalqının birliyinin nümayişi məqsədilə keçirilir.

    Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqədə rəssamlar və xalq tətbiqi sənəti ilə məşğul olan ustalar və bütün maraqlanan şəxslər iştirak edə bilər. İştirakçılar üçün yaş həddi yoxdur. Xarı bülbül çiçəyi formasında asan hazırlanma üsulunda və qiymət baxımından hər kəs üçün uyğun olmalıdır.

    Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, təvəllüdü, təhsil aldığı müəssisə, ölkə, şəhər, ünvan və əlaqə nömrəsi) əlavə edərək, hazır işin foto şəkilini, ətraflı izahını, hazırlanmaq üçün eskizini (nişanın təxmini ölçüsü 5sm x 5sm olmalıdır) 2020-ci il dekabrın 20-nə kimi [email protected] elektron ünvana göndərməlidir. Müsabiqənin münsiflər heyətində Azərbaycanın məşhur rəssamları və xalq tətbiqi sənəti ustaları təmsil olunacaqlar. Müsabiqənin qalibləri dekabrın 21-də elan olunaraq diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günündə - onlayn dəfilənin təşkil olunması nəzərdə tutulur.

    PAYLAŞ:

    Oxşar xəbərlər