Cənubi Qafqazın lider dövləti Azərbaycanla Mərkəzi Asiyanın önəmli qüvvələrindən olan Qırğızıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi böyük əhəmiyyətə malikdir. Ona görə ki, çox qədim tarixə malik olan Azərbaycanla Qırğızıstan arasında münasibətlər bu gün çox inkişaf etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də, Bakıda mətbuata bəyanatla çıxışında bildirmişdir ki, bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.
Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Məni qardaş həmkarlarım dəvət etmişdilər. Elə bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Mərkəzi Asiya və Fars körfəzi ölkələrinin xarici siyasət idarələrinin başçılarının nazirlər səviyyəsində görüşünə dəvət olunmuşdu. Bütün bunlar təbiidir, çünki Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial görürük. Ən başlıcası, qardaş ölkələrdən olan ənənəvi tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti möhkəmləndiririk. Onların arasında Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir.
Eyni soy-kökə, eyni mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan Azərbaycan və Qırğız xalqları bir-birinə çox sıx tellərlə bağlıdır. Azərbaycan və Qırğızıstan arasında münasibətlərin genişlənməsində isə Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, xalqın təkidli tələbi ilə Ümummilli Lider, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr, onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi illərdə daha da inkişaf edib və uğurla davam edir.
Cari ili aprel ayının 20-də Prezident İlham Əliyevin dəvəti ilə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü qarşısında Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha təsdiq edildi.
Ümumiyyətlə, bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri mövcuddur. Qırğızıstan Prezidenti Sadır Japarovun bu gün Azərbaycana yenidən səfər etməsi, imzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən fikirlər iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə yaradacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək.
Emil CAHANGİROV,
YAP Masallı Rayon Təşkilatı Masallı Poçt filialının təşkilat sədri.