Baş Prokurorluq tikinti şirkəti ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib

Baş Prokurorluq tikinti şirkəti ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız həbs olunması nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyaları təkzib edib.

    Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a bildiriblər ki, bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabrında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişinə təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədilə qərəzli olaraq Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar yayılıb.

    Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 2020-ci il 10 iyun tarixli, həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 2020-ci il 12 iyun tarixli müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində ötən il iyulun 16-da cinayət işi başlanıb.

    İstintaqın gedişatında toplanmış sübutlara əsasən Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.

    “Bir daha KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmağa çağırırıq. Vətəndaşların hüquqlarının bərpa olunması istiqamətində tədbirlər davam etdirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə Baş Prokurorluğun məlumatında bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər