Azərbaycan Respublikasının Baş Prokurorluğu Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvinin, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumatda həmin xəbərlər təkzib edilərək bildirilib ki, “MTK-REAL” mənzil tikinti kooperativinin vəzifəli şəxsləri inşa edilmiş binada eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum ediliblər.
Həmin cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun iki oğlunun və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapıb. Eyni zamanda, “MTK-REAL” mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilib.
Beləliklə, Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 2019-cu il fevralın 5-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib. Qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah olunub.