Ötən il Azərbaycanda 254 cinayətkar qrup zərərsizləşdirilib.
LEQAL.AZ-ın məlumatına görə, bunu yanvarın 23-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
2020-ci ilin prokurorluq orqanları üçün də əlamətdar olmasının diqqətə çatdıran Baş prokuror, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verilən göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyini, bununla əlaqədar qısa müddətdə prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması, işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində struktur və kadr islahatlarının aparıldığını, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yeniləndiyini bildirib: "Hesabat dövründə digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26.004 cinayətin 84,3%-nin açılması təmin olunub, bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib ki, onların da açılma faizi 85,5% olub.
2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalmış, ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilərək, 254 cinayətkar qrup zərərsizləşdirilib. trend.
Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilmişdir. 2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınmışdır ki, onların 94 faizinin açılması təmin edilb".