Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda dalğalandırılıb

Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə 17 noyabr 1990-cı ildə Naxçıvanda dalğalandırılıb
  • Cəmiyyət

  • Ulu Öndərimiz qədim diyarda milli dövlətçiliyimizin bərpası istiqamətində tarixi addımlar atıb

    Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi lider Heydər Əliyevin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Naxçıvanda milli dirçəlişin əsasını qoymaqla Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
    tarixi qərarı
    “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

    1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

    2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

    3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.

    Bizim müstəqilliyə gedən yolumuz həmin
    gündən başlayıb
    Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar Azərbaycanın müstəqillik yoluna işıq saldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

    Dövlət Bayrağımız milli suverenliyin simvolu kimi
    təsdiq olunub
    1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul olunub. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edildi. Ulu Öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib. Burada göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

    Ümummilli Lider deyib: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

    Bayrağımıza böyük ehtiram, dərin məhəbbət

    Görkəmli dövlət xadiminin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkəmizin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılıb.

    Belə Bayraq meydanlarından biri də dövlət atributlarımıza sevgi və hörmətin göstəricisi kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındadır. Muxtar respublikada dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət göstərilir, dövlət rəmzlərimiz və atributlarımız daim uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Sərəncam imzalayıb. Sərəncama əsasən hər il noyabr ayının 17-si Azərbaycan Dövlət Bayrağının Naxçıvanda Qaldırıldığı Gün kimi qeyd edilir. Naxçıvan şəhərindəki Bayraq Meydanında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan Dövlət Bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə geniş imkanlar yaradır, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işində mühüm rol oynayır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

    Bu gün Şuşada da dalğalanan üçrəngli bayrağımız dövlətimizin gücünün, xalqımızın milli birliyinin simvoludur

    Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Bir aydan çox idi dövlətimizin ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsindən qalib çıxan, zəfər çalan Azərbaycan oldu. Müzəffər Ordumuzun cəsarəti, peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Şuşada, digər kənd və qəsəbələrimizdə xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsində ucalan zəfər bayrağımız əbədidir. azərtac-ın Naxçıvan bürosu
    PAYLAŞ:

    Oxşar xəbərlər