AMEA-nın Kimya Elmləri Bölməsi 2025-ci il ərzindəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Kimya Elmləri Bölməsi 2025-ci il ərzindəki fəaliyyətinə dair hesabat verib
  • Cəmiyyət

  • AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Kimya Elmləri Bölməsinin 2025-ci il ərzində fəaliyyətinə həsr olunmuş hesabatı dinlənilib. AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev bölmənin hesabatını təqdim edib.

    Akademik bildirib ki, hesabat ilində Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə tədqiqatlar AMEA tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2021-2025-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun aparılıb.

    Akademik Dilqəm Tağıyev qeyd edib ki, ötən il institutlar fəaliyyətlərində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”i, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Fəliyyət Planını və “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar Yol Xəritəsi”ni rəhbər tutublar.

    Məruzəçi təqdimatında diqqətə çatdırıb ki, hesabat ilində KEB-in institutları üzrə elmi tədqiqatlar 12 problem, 41 mövzu və 110 iş üzrə həyata keçirilib. İnstitutların elmi məhsuldarlıq göstəricilərinə toxunan natiq akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Polimer Materialları İnstitutunun alimlərinin 263-ü xaricdə olmaqla, ümumilikdə 505 məqaləsinin dərc edildiyini, eləcə də bu məqalələrə 7300 sayda istinadların olunduğunu bildirib.

    Təqdimatda 2025-ci ildə elmi-tədqiqat müəssisələrində kitab, monoqrafiya və dərslik olmaqla 47 nəşrin (2-si xaricdə), 505 məqalənin (263-ü xaricdə) çap olunduğu, əməkdaşların Scopus elmi bazasında 184, Web of Science bazasında indeksləşən jurnallarda isə 104 məqaləsinin işıq üzü gördüyü diqqətə çatdırılıb.

    Məruzədə bildirilib ki, hesabat ilində bölmənin elmi-tədqiqat müəssisələri 3-ü xaricdə olmaqla 49 patent əldə edib.

    Bundan əlavə, hesabatda bölmənin kadr potensialı, təltifləri, o cümlədən ötən il Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90,  Aşqarlar Kimyası İnstitutunun 60 və görkəmli alimlər, akademik Y.Məmmədəliyevin 120, akademik H.Şahtaxtinskinin 125, akademik T.Şahtaxtinskinin 100 və akademik M.Rüstəmovun 95 illik yubileylərinin qeyd edilməsi barədə məlumatlar təqdim olunub.

    İclasda Rəyasət Heyəti akademik Dilqəm Tağıyevin Kimya Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını müzakirə edib. Bölmənin illik fəaliyyəti məqbul hesab olunub müvafiq qərar qəbul edilib. Qərara əsasən, elmi tədqiqatların dövlət səviyyəsində müəyyən edilən “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun, nəticəyönümlü istiqamətlərdə genişləndirilməsi tapşırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin mineral xammal ehtiyatlarından səmərəli istifadə, “Yaşıl artım” prioriteti və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji araşdırmalara üstünlük verilməsi qərara alınıb. Bununla yanaşı, innovativ polimer materialların alınması, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılması sahəsində elmi müəssisələr qarşısında konkret vəzifələr qoyulub. Yekun olaraq, bölməyə gənclərin elmə cəlb edilməsi, kimya elminə dair terminologiyanın zənginləşdirilməsi və kimya elmin populyarlaşdırılması istiqamətində fəaliyyəti gücləndirmək tapşırılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər