AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
  • Cəmiyyət

  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

    Əvvəlcə AMEA-nın Kimya Elmləri Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

    İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli tədbirin gündəliyi barədə məlumat verib. Akademik vurğulayıb ki, hazırda Kimya Elmləri Bölməsi optimallaşma, struktur islahatları və strateji hədəflərin müəyyənləşdirilməsi müstəvisində özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır.

    AMEA prezidenti bölmənin nəzdindəki elmi müəssisələrin fəaliyyətinin müasir dövrün qlobal çağırışlarına və intellektual tələblərinə uyğun yenidən qurulmasında Elm və Təhsil Nazirliyinin səmərəli fəaliyyətini, eləcə də idarəetmədə tətbiq olunan innovativ yanaşmaları yüksək qiymətləndirib. Qeyd edib ki, hesabat çərçivəsində bölmənin nümayiş etdirdiyi sərgi Azərbaycan kimya elminin fundamental nailiyyətlərini əyani şəkildə təqdim edir.

    Sonra  AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri akademik Dilqəm Tağıyev bölmənin hesabatını təqdim edib. Akademik bildirib ki, hesabat ilində Kimya Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrdə tədqiqatlar AMEA tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2021-2025-ci illərdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin prioritet istiqamətləri”nə uyğun aparılıb.

    Akademik Dilqəm Tağıyev qeyd edib ki, ötən il institutlar fəaliyyətlərində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”i, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Fəliyyət Planını və “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar Yol Xəritəsi”ni rəhbər tutublar.

    Məruzəçi təqdimatında diqqətə çatdırıb ki, hesabat ilində KEB-in institutları üzrə elmi tədqiqatlar 12 problem, 41 mövzu və 110 iş üzrə həyata keçirilib. İnstitutların elmi məhsuldarlıq göstəricilərinə toxunan natiq akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Polimer Materialları İnstitutunun alimlərinin 263-ü xaricdə olmaqla, ümumilikdə 505 məqaləsinin dərc edildiyini, eləcə də bu məqalələrə 7300 sayda istinadların olunduğunu bildirib.

    Təqdimatda 2025-ci ildə elmi-tədqiqat müəssisələrində kitab, monoqrafiya və dərslik olmaqla 47 nəşrin (2-si xaricdə), 505 məqalənin (263-ü xaricdə) çap olunduğu, əməkdaşların Scopus elmi bazasında 184, Web of Science bazasında indeksləşən jurnallarda isə 104 məqaləsinin işıq üzü gördüyü diqqətə çatdırılıb.

    Məruzədə bildirilib ki, hesabat ilində bölmənin elmi-tədqiqat müəssisələri 3-ü xaricdə olmaqla 49 patent əldə edib.

    Bundan əlavə, hesabatda bölmənin kadr potensialı, təltifləri, o cümlədən ötən il Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90,  Aşqarlar Kimyası İnstitutunun 60 və görkəmli alimlər, akademik Y.Məmmədəliyevin 120, akademik H.Şahtaxtinskinin 125, akademik T.Şahtaxtinskinin 100 və akademik M.Rüstəmovun 95 illik yubileylərinin qeyd edilməsi barədə məlumatlar təqdim olunub.

    İclasda Rəyasət Heyəti akademik Dilqəm Tağıyevin Kimya Elmləri Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını müzakirə edib. Bölmənin illik fəaliyyəti məqbul hesab olunub müvafiq qərar qəbul edilib. Qərara əsasən, elmi tədqiqatların dövlət səviyyəsində müəyyən edilən “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun, nəticəyönümlü istiqamətlərdə genişləndirilməsi tapşırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərin mineral xammal ehtiyatlarından səmərəli istifadə, “Yaşıl artım” prioriteti və müdafiə qüdrətinin artırılmasına xidmət edən strateji araşdırmalara üstünlük verilməsi qərara alınıb. Bununla yanaşı, innovativ polimer materialların alınması, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılması sahəsində elmi müəssisələr qarşısında konkret vəzifələr qoyulub. Yekun olaraq, bölməyə gənclərin elmə cəlb edilməsi, kimya elminə dair terminologiyanın zənginləşdirilməsi və kimya elmin populyarlaşdırılması istiqamətində fəaliyyəti gücləndirmək tapşırılıb. 

    Daha sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat dinlənilib. Hesabatı Mərkəzin direktor müavini professor Şaiq İbrahimov təqdim edərək bildirib ki, ötən il “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri üzərində işlərin aparılması istiqamətində fəaliyyət göstərib.

    Natiq vurğulayıb ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasında “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması nəzərdə tutulub.

    Məruzədə diqqətə çatdırılıb ki, təsdiq olunmuş sözlüyə əsasən, “Heydər Əliyev Ensiklopediyası”nda Ümummilli Liderin Azərbaycanın dövlət strukturunun və dövlət rəmzlərinin formalaşmasında, Konstitusiyanın hazırlanmasında, ordu quruculuğunda və milli təhlükəsizliyin yaradılmasında olan xidmətləri, Azərbaycan xalqı və dövləti naminə həyata keçirdiyi fəaliyyətin tarixi icmalı, cəmiyyətdəki ideologiyanın Azərbaycançılıq, insanpərvərlik və demokratiyaya istiqamətləndirilməsi üçün gördüyü işlər, habelə xarici dövlətlər və təşkilatlarla əlaqələrin qurulmasında və inkişafında, xalqın sosial durumunun və ölkənin iqtisadiyyatının yaxşılaşdırılmasında, orta və ali təhsilin təşkilində və inkişafında, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, respublikada yeni klinikaların istifadəyə verilməsində, ölkədə olimpiya hərəkatının yaranmasında uğurlu fəaliyyəti, həmçinin Azərbaycanda musiqi mədəniyyətinin, bədii yaradıcılığın, muzey işinin, tarixi memarlıq qoruqlarının yaradılmasında və inkişafında, təbii sərvətlərimizin öyrənilməsinin və səmərəli istifadəsinin təşkilində misilsiz xidmətləri və s. əksini tapacaq.

    Məruzəçi qeyd edib ki, “Heydər Əliyev Ensiklopediyası”na daxil ediləcək 800-ə qədər məqalənin ilkin variantı yazılıb, bunlardan 300-dən artıq məqalə hesabat ilində redaktə olunub və hazırda qalan məqalələr redaktə edilir.

    Həmçinin vurğulanıb ki, 2025-ci ildə Elmi Mərkəzin sahə redaksiyaları tərəfindən hazırlanmış Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi çapdan çıxıb. Bu cild “Hindistanda xalq üsyanı” məqaləsi ilə başlayıb “İqdam” məqaləsi ilə tamamlanır.

    Eyni zamanda Mərkəzin sahələr üzrə elmi redaksiyaları Azərbaycan Milli Ensiklopediyasının 12-ci cildinə aid məqalələrin ilkin variantını hazırlayaraq, redaktə üçün humanitar və təbiyyat elmləri üzrə müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təhvil veriblər. Hesabat ili ərzində çoxcildli Azərbaycan Milli Ensiklopediyasının növbəti cildinə daxil edilmək üçün bütün elmi redaksiyaların hazırladığı məqalələrin ümumi sayı 2313 olub. Məqalələrin ilkin redaksiya variantları hazırlanaraq “Komplektləşdirmə, Texniki Tərtibat və Korrektura” şöbəsinə təhvil verilib və buradan redaktə olıunmaq üçün müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına yönəldilib. İl ərzində “Humanitar elmlər üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya” və “Təbiət elmləri üzrə elmi-ədəbi nəzarət və biblioqrafiya” redaksiyalarında Azərbaycan Milli Ensiklopediyasının növbəti cildlərinə daxil ediləcək 1367 məqalə yoxlanılıb redaktə edilmişdir.

    Məruzə dinlənildikdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, müvafiq qərar qəbul olunub.

    İclasda təqdim olunan hesabatlar ətrafında AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, AMEA-nın müşaviri akademik Adil Qəribov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Neft-Kimya Prosesləri İnstitutunun direktoru  akademik Vaqif Abbasov, BDU-nun kafedra müdiri akademik Abel Məhərrəmov və AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron akademiya şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov çıxış edərək, Azərbaycan elmi qarşısında duran vəzifələr, alimlərin fəaliyyətinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi, onların reytinq göstəricilərinin yüksəldilməsi və elmi istinad indekslərinin artırılması, yüksək elmi nailiyyətlərə imza atan tədqiqatçıların maddi-mənəvi stimullaşdırılması və mükafatlandırılması mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə toxunublar. Həmçinin rəqəmsal elmin hazırkı vəziyyəti fonunda süni intellekt texnologiyalarının tətbiqi, elm və texnologiya statistikasının müasir metodlarla hazırlanması və bu istiqamətlərdə qabaqcıl beynəlxalq elmi təcrübənin dərindən öyrənilməsinin zəruriliyi vurğulanıb.

    Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Kimya Elmlər Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

    İclasın yekununda çıxış edən akademik İsa Həbibbəyli son iki ildə AMEA-da elmi təşkilatların da hesabatlarının yeni elmi-metodoloji standartlar əsasında keçirildiyini bildirib. Qeyd edib ki, elmdə keyfiyyət və səmərəliliyin artırılmasına xidmət məqsədilə hər il təqdim olunan hesabatların müasir meyyarlar səviyyəsinə qaldırılması qarşıda duran əsas tələblərdən biri kimi müəyyən edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər