Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə AMEA-nın Yer Elmləri Bölməsinin (YEB), AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) və Şəki Regional Elmi Mərkəzinin (Şəki REM) 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü iclasla AMEA-nın elmi bölmələrinin 2025-ci ildəki fəaliyyətlərinə dair hesabatlara başlanılır və qarşıdakı günlərdə ümumilikdə Akademiyanın 6 bölməsinin, eləcə də regional bölmə və elmi mərkəzlərinin hesabatları ictimaiyyətə təqdim olunacaq. Akademik İsa Həbibbəyli vurğulayıb ki, məqsəd elmi nailiyyətləri dinləyib qiymətləndirmək, həmçinin ölkəmizin elmi ictimaiyyətinə təqdim etməkdir. Elmi nailiyyətlərin təbliği üçün hər bölmənin öz saytlarının mövcudluğunun və aktiv istifadəsinin əhəmiyyətinə toxunan akademik İsa Həbibbəyli bildirib ki, cəmiyyət bununla Akademiyada gedən elmi proseslərlə yaxından tanış olmaq imkanı əldə edir və onlarda müəyyən bir fikir formalaşır. AMEA rəhbəri, hesabatlar hazırlanan zaman müasirləşmə modelinin, müqayisələrin, cədvəllərin, diaqramların əksini tapmasının zəruriliyini vurğulayıb.
Akademiyada aparılan struktur islahatları barədə də məlumat verən akademik İsa Həbibbəyli, bunu dövrün çağırışlarının tələb etdiyini və qaçılmaz olduğunu bildirib, ötən müddət ərzində AMEA-da mövcud şatat vahidləri və daxili imkanlar hesabına 30-a yaxın yeni şöbənin yaradıldığını söyləyib. Bu çərçivədə bu günlərdə AMEA-nın elmi müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt üzrə şöbələrin yaradıldığını deyib, aparılan struktur islahatlarının elmin inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Daha sonra AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri akademik İbrahim Quliyev bölmənin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. Bildirib ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”, ölkə başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Konstitusiya və Suverenlik İli”, AMEA-nın Ümumi yığıncağının və Rəyasət Heyətinin aidiyyəti qərarlarının icrasına istiqamətlənib.
Akademik İbrahim Quliyev qeyd edib ki, 2025-ci ildə AMEA-nın Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 15 problemi əhatə edən 44 mövzu, 56 elmi tədqiqat işi, 15 mərhələ üzrə elmi tədqiqat işi yerinə yetirilmiş, 11 mövzu, 20 elmi-tədqiqat işi və 7 mərhələ başa çatdırılmışdır. Hesabat ilində YEB-in əhatə dairəsində olan elmi müəssisələrdə 40-dan çox mühüm nəticə alınmış, təsərrüfat müqaviləsi əsasında 43 elmi-tətbiqi iş yerinə yetirilmişdir.
Diqqətə çatdırılıb ki, nəticələr əsasən, Qarabağ və Şərqi Zəngəzur, Böyük Qayıdış, Xəzər dənizi akvatoriyasında karbohidrogen resurslarının qiymətləndirilməsi, qazkondensat yataqlarının işlənmə prosesinin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrinin, Xəzər dənizinin akvatoriyasında Günəş, külək və dalğa enerji potensialının məkan və zaman paylanmasının və bu enerji növlərinin istifadə texnologiyalarının araşdırılması, aktiv geodinamik proseslərin öyrənilməsi, Kür hövzəsində kosmik peyk məlumatları ilə izlənilmiş qırılma sürüşməsi, Azərbaycandan uzaq zəlzələlərin törətdiyi yer qabığı deformasiyası: neft-qaz və palçıq vulkanı sahələrinin aktivliyi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və sahil dinamikasının tədqiqi, ölkənin su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və alternativ su mənbələrindən istifadə praktikasının genişləndirilməsi kimi aktual mövzuları əhatə edib. Alim vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiq edilməsi əsasında karbohidrogen sistemləri və neft-qaz yataqlarının modelləşdirilməsi və rəqəmsal əkizlərinin yaradılması yolu ilə Cənubi Xəzər hövzəsinin hərtərəfli geoloji və geofiziki modelini əks etdirən interaktiv rəqəmsal xəritələr toplusu olan, analitik modulları birləşdirən və transdissiplinar tədqiqatlar, elmi təhlillər və resursların davamlı idarə edilməsi üçün nəzərədə tutulmuş “Digital Caspian” interaktiv məlumat bazası hazırlanıb.
Məruzəçi qeyd edib ki, beynəlxalq Scimago elmi reytinqində müvafiq göstəricilərə əsasən, Azərbaycan Yer elmləri həm dünya üzrə, həm də aid edildiyi Şərqi Avropa ölkələri qrupunda mövqelərinin dinamik yüksəlişi son beş il ərzində davamlı və stabildir. Azərbaycanın geofizika elmi 2024-cü ilin yekunlarına görə 200-ə yaxın ölkə arasında 36-cı, geomühəndislik elmi 41-ci, geologiya elmi 47-ci mövqedədirlər.
Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik İbrahim Quliyev hesabat ilində Yer Elmləri Bölməsinin əhatə dairəsində olan elmi müəssisələrdə 9 monoqrafiya (1-i xaricdə), 16 kitab və 6 dərslik, 264 məqalə (188-i xaricdə), 117 tezisin (78-i xaricdə) nəşr edildiyini, onlardan 115-nin “Web of Science” və “Scopus” bazasında olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, hesabat dövründə “Azərbaycanın Paleontoloji Atlası”, “Azərbaycanın Yer elmləri 80 illik zaman kəsiyində - zəngin və şərəfli tarixin səhifələri”, “Qarabağ və Şərqi Zəngəzur. Geologiya və mineral resurslar”, “Qarabağın turizm-rekreasiya potensialı”, “Qarabağ iqtisadi rayonunun qədim yurd yerləri və toponimlərinin izahlı lüğəti”, “Şərqi Zəngəzur oykonimlərinin coğrafiya, tarix və dilçilik baxımından tədqiqi” və s. qiymətli tədqiqat əsərləri ortaya qoyulub.
O, həmçinin bölmənin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti, elmin maddi-texniki bazasının yenilənməsi və informasiya təminatı sisteminin təkmilləşdirilməsi, konfranslar, seminarlar və yubileylər və digər məlumatları diqqətə çatdırıb.
Daha sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli RSXM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim edib. Bildirib ki, 2025-ci ildə AMEA nəzdində RSXM-də 3 problemi əhatə edən 5 mövzu, 13 elmi-tədqiqat işi yerinə yetirilib. Mərkəzin əməkdaşları 4 (beynəlxalq və yerli) qrant layihələrində iştirak ediblər.
Hesabat ilində AMEA nəzdində RSXM-də 47 məqalə (12-si xaricdə), 19 tezis (12-si xaricdə) nəşr edilib. Nəşr edilən məqalələrdən 9-u Web of Science və Scopus bazasında olan impakt faktorlu jurnallarda işıq üzü görüb.
Qeyd edib ki, hesabat dövründə ukraynalı mütəxəssislərlə birgə “Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi”, belaruslu alimlərlə birgə “Təbii geodinamik amillərin radon emissiyasının dinamikasına təsirinin öyrənilməsi”, eləcə də “Qarabağ ərazisində seysmikliyin səciyyəvi xüsusiyyətləri və potensial güclü zəlzələ ocaqlarının məkan vəziyyətinin müəyyənlədirilməsi”, “Günəş və Ay fiziki hadisələrinin məlumatları əsasında Azərbaycanda geodinamik proseslərin maqnitometriya üsulu ilə tədqiqi” layihələri üzrə işlər davam etdirilib.
Qurban Yetirmişli bildirib ki, 2025-ci ildə Bakı Televiziya Qülləsi (BTK) və ona bitişik ərazidə geoloji-geofiziki tədqiqatlar aparılıb və sürüşmə riskinin azadılması üzrə təkliflər verilib. Tədqiqat ərazisində zəif və mikro zəlzələlərin qeyd etmək məqsədi ilə lokal monitorinq sistemi də qurulub.
Məruzəçi diqqətə çatdırıb ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi EMSC (Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi), IRIS (Birləşmiş Seysmoloji Araşdırmalar İnstitutu), ORFEUS (Avropa Seysmoloji Müşahidə və Araşdırmaları Mərkəzi), ESC (Avropa Seysmoloji Komissiyası), EGU (Avropa Geofiziklər Birliyi) və AGU (Amerika Geofiziklər Birliyi) kimi beynəlxalq təşkilatların həqiqi üzvüdür. Həmçinin vurğulayıb ki, RSXM 30-dan çox ölkənin seysmoloji və geofiziki institutları ilə - GFZ Geoelmlər üzrə Almaniya Araşdırmalar Mərkəzi, Lawrence Livermore Milli Laboratoriyası (ABŞ), Berkeley Laboratoriyası (ABŞ), Missuri Universiteti (ABŞ), Viktoriya Universiteti (Kanada), Oksford Universiteti (Böyük Britaniya), Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Zəlzələ Tədqiqatı Departamenti, İsrail Geofiziki İnstitutu, Cənubi Afrika Respublikasının Pretoriya Universitetinin Təbii Təhlükə Mərkəzi və s. sıx əməkdaşlıq edir. Alim 2025-ci il ərzində Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Müşahidə və Tədqiqatlar üzrə Milli Elmi Mərkəzi ilə elmi əməkdaşlıq haqqında razılaşma protokolunun imzalandığını da söyləyib.
Baş direktor, həmçinin Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, qrantlar və təltiflər, elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də müəssisənin saytı və sosial şəbəkə hesablarının, “Seismoprognosis observations in the territory of Azerbaijan” jurnalının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Sonra Şəki REM-in 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı Mərkəzin direktoru fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü təqdim edərək bildirib ki, hesabat ilində Şəki REM-də 6 yeni prioritet istiqamətdə, 11 mövzu üzrə 19 elmi-tədqiqat işi yerinə yetirilib, 25 mühüm nəticə əldə olunub.
Y.Şükürlü çıxışında “Konstitusiya və Suverenlik ili”, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, eləcə də “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında”, “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında”, “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında”, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının sərəncamlarından irəli gələrək Mərkəzdə görülmüş işləri diqqətə çatdırıb.
Məruzəçi qeyd edib ki, Mərkəz əməkdaşlarının hesabat dövründə 11-i xaricdə olmaqla 24 məqaləsi, 12-si xaricdə olmaqla 30 tezisi çap olunub. İşıq üzü görmüş məqalələrin 5-i Web of Science və Scopus bazalarında dərc edilib. 2025-ci ildə AMEA-nın Şəki REM-də “Şəki gülüşü və Qabrovo yumoru”, “Bəxtiyar Vahabzadənin Sovet dövrü əsərlərində mətnaltı semantika” və s. olmaqla, ümumilikdə 4 kitab çap olunub.
Alim Mərkəzin əməkdaşları tərəfindən Şəki ədəbi mühitinin öyrənilməsi, Şəki və Qabrova lətifələrinin müqayisəli şəkildə araşdırılması, Şəki rayonunda yayılmış yabanı dərman bitkilərin tədqiqi, Qəbələ və Zaqatala rayonlarında tarixi əlyazmaların təhlili və s. istiqamətlərdə tədqiqatlar aparılaraq mühüm nəticələr əldə olunduğunu söyləyib.
Həmçinin bildirib ki, Özbəkistan Respublikasından gətirilmiş 8 tut ipəkqurdu cinsi üzərində yerinə yetirilən tədqiqatlar göstərmişdir ki, yaş baramanın ipəkliliyi Qulşan, Nafis, Yulduz, Asaka və Marvarid cinslərində 20,0-22,9 % olmuşdur. Yaş baramanın ipəkliliyi 2024-cü ilə nisbətən 2025-ci ildə Orzu, Quzal, Marxamat cinslərində 1,3% yüksək olmuşdur.
Yusif Şükürlü, həmçinin 2025-ci ilin tədqiqat planına uyğun olaraq Oğuz rayonunun bir neçə kəndlərinə ekspedisiyalar təşkil olunduğunu, xalq seleksiyasına aid tumlu, çəyirdəkli və qərzəkli meyvə nümunələrinin götürülərək Şəki REM-in təcrübə sahəsində calaqaltıya calaq edildiyini və hər bir nümunənin biomorfoloji göstəricilərinin təyin edildiyini vurğulayıb. Bundan əlavə, Şəki REM-də arxeoloji qazıntılar üçün Baş Şabalıd və Baş Küngüt kəndi ərazisinə ekspedisiyanın təşkil edildiyini və antik dövrə aid bir neçə torpaq, küp, erkən orta əsrlərə aid xristian daş qutu qəbirin aşkar edilərək tədqiqata cəlb olunduğunu deyib. Həmçinin Balakən, Zaqatala və Şəki rayonunun ucqar dağ bölgələrinə ekoturizmin qiymətləndirilməsi, çay yataqlarının monitorinqi məqsədi ilə ekspedisiyaların təşkil edildiyini diqqətə çatdırıb.
Alim, eyni zamanda Mərkəzin kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, beynəlxalq əməkdaşlıq, təltiflər, elektron elmin vəziyyəti barədə məlumatları təqdim edib.
İclasda təqdim olunan hesabatlar ətrafında akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Rauf Qardaşov, professor Rza Mahmudov, coğrafiya elmləri doktoru Zaur İmrani, coğrafiya elmləri doktoru Səid Səfərov, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, Sadıx Nəbiyev və başqaları çıxış edərək əldə olunan mühüm nəticələrlə bağlı fikirlərini bildiriblər.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli AMEA-nın Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Yer Elmləri Bölməsinin, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki REM-in 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

