AMEA-da “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib

AMEA-da “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib
  • Cəmiyyət

  • Martın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar “Aşıq sənətində milli-mənəvi dəyərlər” mövzusunda beynəlxalq elmi simpozium işə başlayıb.

    Tədbir AMEA-nın Folklor İnstitutu, Qars Qafqaz Universiteti Dövlət Konservatoriyası, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti Aşıq Ənənəsi Tətbiq və Araşdırma Mərkəzi, Tovuz rayon Xeyriyyə Cəmiyyəti və Dünya Qarapapaq Türkləri Vəqfinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

    Simpoziumu giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qüdrətli söz ustadı Mikayıl Azaflının həyat və yaradıcılığından danışıb, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, “Konstitusiya və Suverenlik İli”ndə keçirilən tədbirin Azərbaycanın tam suverenliyi şəraitində, həm də ümumilikdə müstəqillik dövründə Mikayıl Azaflı sənətinin yenidən öyrənilməsi, onun irsinin daha dərindən tədqiq olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Azərbaycan aşıq sənətinin qədim tarixə və  zəngin ənənələrə malik olduğunu deyən akademik İsa Həbibbəyli Türk dünyasının böyük şəxsiyyətlərindən olan Dədə-Qorquddan başlayaraq bugünədək Azərbaycanda aşıq ədəbiyyatının yazılı ədəbiyyatla paralel şəkildə inkişaf etdiyini və özünün böyük simalarını yetişdirdiyini söyləyib.

    “Türk dünyasında aşıq sənəti möhkəm təməllərə dayanır və Türk xalqının zəngin mədəniyyətinin sübutudur”, - deyə bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, aşıq ədəbiyyatının əsasını Türk dünyasında Dədə-Qorqud qoymuşdur.  “Kitabi-Dədə Qorqud” dastanı tarixdə türk dünyasının vəhdətini qoruyub saxlayan ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır.

    O, Türk dünyasında aşıq ədəbiyyatının inkişafında Azərbaycanın aparıcı yer tutduğunu söyləyib. Qeyd edib ki, qədim zamanlardan bugünədək bütün inkişaf dövrlərində Azərbaycan xalqı özünün Dədə Qorqud, Aşıq Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Pəri, Aşıq Ələsgər kimi ustad aşıqlarını yetişdirib. Aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgər öz yaradıcılığı ilə bu sənətin böyük ənənələrini layiqincə yaşadıb.

    Sovet dövründə də aşıq ədəbiyyatının inkişaf etdiyini və Azərbaycan Aşıqlar Birliyinin yaradıldığını söyləyən akademik İsa Həbibbəyli aşıq sənətinin ustadlarından sayılan Aşıq Şəmşir və Mikayıl Azaflı kimi qüdrətli söz ustadlarının aşıq sənətini daha da zənginləşdirdiklərini qeyd edib. O, Mikayıl Azaflı yaradıcılığının hələ sovetlər birliyi dövründə xalqın milli-mənəvi varlığının təbliğinə həsr olunduğunu diqqətə çatdırıb.

    AMEA rəhbəri nitqinin sonunda tədbirin Mikayıl Azaflı sənətini bir daha işıqlandırmaq, aşıq poeziyasını onun yaradıcılığı fonunda yenidən dəyərləndirilmək baxımından aktual olduğunu vurğulayıb, simpoziumun işinə uğurlar arzulayıb.

    Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Qəzənfər Paşayev, Ərzincan Binəli Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Almaniyadan olan tədqiqatçı aşıq Ozan Şiar Ağdaşanın məruzələri dinlənilib.

    Məruzələrdə Mikayıl Azaflı yaradıcılığının Azərbaycan mədəniyyəti üçün əhəmiyyətindən və onun aşıq sənətinə verdiyi töhfələrdən bəhs olunub. Bildirilib ki, Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq olub. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilib.

    Qeyd olunub ki, Mikayıl Azaflı yaradıcılığının ana xəttini fəlsəfi fikirlər təşkil edib. Onun şeirlərində həyat fəlsəfəsi özünü bariz şəkildə göstərib. Ustad sənətkarın yaradıcılığına dissertasiya həsr edən türkiyəli tədqiqatçı Əli Kafkasyalı Azaflını “Müasir Azərbaycan aşıqlarının bayraqdarı” adlandırıb.

    Daha sonra Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev çıxış edib. O, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından olan Mikayıl Azaflının yaradıcılığına nəzər salaraq bildirib ki, ustad sənətkar folklorumuzun, musiqi mədəniyyətimizin yayılmasında, sevilməsində, dilimizin saf, təmiz, duzlu və şirin olmasında böyük xidmətlər göstərib.

    İnstitut direktoru qeyd edib ki, Mikayıl Azaflı Azərbaycan aşıq poeziyasını mükəmməl şeir nümunələri və gözəl aşıq havaları ilə zənginləşdirib, klassik ənənələrin müasir dövrə ötürülməsində körpü rolunu oynayıb. O, ustad aşığın keşməkeşli taleyi, qaçaqlıq və zindan həyatının onun yaradıcılığına da təsir etdiyini və ictimai məzmunlu, dövrdən, zamandan şikayət ruhlu şeirlərinin ortaya çıxmasına səbəb olduğunu söyləyib.

    Dosent Hikmət Quliyev beynəlxalq elmi simpoziumun Mikayıl Azaflı yaradıcılığının müasir dövrün imkanları kontekstində yenidən gündəmə gətirilməsi, yeni nəsillərə çatırılması, eləcə də elmi yanaşma və baxışlar əsasında dərindən öyrənilməsi baxımından önəmini qeyd edib.

    Beynəlxalq elmi simpozium öz işini 8 bölmə iclası üzrə davam etdirib.

    Tədbirin yekununda Aşıq Mikayıl Azaflı yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.

    Qeyd edək ki, hibrid formatda gerçəkləşdirilən simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Almaniya və digər ölkələrdən 50-dən çox alim və tədqiqatçı qatılıb.





    PAYLAŞ:

    Oxşar xəbərlər