Azərbayacan və Mərkəzi Asiya- Strateji tərəfdaşlıq

Azərbayacan və Mərkəzi Asiya-  Strateji tərəfdaşlıq
  • Cəmiyyət

  • Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında Türkmənistan Prezidentinə dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
         
    Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsinin tarixi əhəmiyyət daşıdığını qeyd edib. Azərbaycanın bu formatda iştirakının region ölkələri ilə çoxşaxəli əməkdaşlığın daha da genişləndirilməsinə yeni imkanlar yaratdığını bildirib.
          
    Prezident Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyini, son dövrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini diqqətə çatdırıb. Füzuli şəhərində məscidin tikintisini iki xalq arasındakı dostluq və mənəvi yaxınlığın mühüm nümunəsi kimi qiymətləndirib.
         
     Çıxışda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyə xüsusi əhəmiyyət verildiyi vurğulanıb. Özbəkistanın Füzulidə, Qazaxıstanın Füzulidə, Qırğızıstanın isə Ağdamda həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.
         
    Prezident İlham Əliyev Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi-ticari və investisiya əməkdaşlığının genişləndiyini bildirib. Birgə investisiya fondlarından daha fəal istifadə edilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib.
          
     Dövlət başçısı xüsusilə nəqliyyat və tranzit imkanlarının inkişafına diqqət çəkib. Xəzər dənizinin Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqələrinin genişləndirilməsində mühüm rol oynadığını bildirib.
         
     Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığını qeyd edən Prezident tranzit yükdaşımalarının yüksəldiyini və bu marşrutun daha səmərəli,rəqabətədavamlı inkişaf etdirilməsinin ümumi məqsəd olduğunu vurğulayıb.
         
     Eyni zamanda “Rəqəmsal İpək Yolu” layihəsinin əhəmiyyətini qeyd edib.

    Energetika sahəsində əməkdaşlığın da mühüm istiqamət olduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit rolunu vurğulayıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlərin davam etdirildiyini bildirib.
          
    Prezident çıxışının sonunda vurğulayıb ki,sülh,təhlükəsizlik,siyasi və iqtisadi sabitlik Azərbaycan və Mərkəzi Asiya ölkələrinin gələcək inkişafının, qarşılıqlı əməkdaşlığın və əldə olunan nailiyyətlərin əsas təminatıdır.
          
    Görüşdə Azərbaycanın 2027-ci ildə Məşvərət görüşünə ilk dəfə sədrliyinin təsdiqlənməsi Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin artan əhəmiyyətinin göstəricisi kimi qiymətləndirilə bilər.
          
    Nəticə: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığının möhkəmləndirilməsinə,nəqliyyat və enerji layihələrinin genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə və regionda sülh, sabitlik və qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş siyasətin əsas istiqamətlərini bir daha nümayiş etdirir.

    Rövşən Muxtarov,
    Masallı rayonu, Güllütəpə kənd sakini.
    PAYLAŞ:

    Oxşar xəbərlər