Mühüm vəzifələr

Mühüm vəzifələr
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

    Əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərində ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.  

    Müşavirədə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək qeyd etdi ki, ötən əsrin sonunda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilərək fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik dövründə dövlətimizin tarixi uğurlarının bayraqdarıdır. Möhtərəm Prezidentimiz, Partiyamızın sədri cənab İlham Əliyevin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayındakı nitqi aparıcı siyasi təşkilatın keçdiyi tarixi yolu,  qazanılan nailiyyətləri, qarşıda duran vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. Eyni zamanda, bu qurultay yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələnin başlanğıcı sayılır.

    Seyfəddin Əliyev bildirdi ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultaydakı nitqində qazanılan uğurlarla yanaşı, diqqəti ideoloji təhlükəsizlik amillərinə də cəlb edib. Dövlətimizin başçısı artıq daha çevik ideoloji iş qurmağın, şablonlardan və formal xarakterli tədbirlərdən uzaqlaşmağın vaxtı çatdığını vurğulayıb. Yəni faydalı iş əmsalını yüksəltmək üçün zamanın çağırışlarına uyğun yeni, müasir ideoloji yönüm formalaşdırılmalıdır.

    Dövrümüzün tələbləri baxımından mühüm əhəmiyyət kəsb edən bu çağırışlar ölkəmizin ideoloji məkanını yad təsirlərdən qorumaq məqsədi daşıyır. Bu prinsip, eyni zamanda, Azərbaycanın müstəqil xarici siyasət strategiyasının əsasını təşkil edir. Dövlətimizin başçısının vurğuladığı kimi: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

    Təşkilat sədri sonda qeyd etdi ki, YAP-ın VIII Qurultayında müəyyən olunan bu strateji hədəflər bütöv Azərbaycanın qüdrətlənməsinə və milli təhlükəsizliyimizin daha etibarlı qorunmasına xidmət edir. Bu baxımdan, partiyanın yeni fəaliyyət proqramı sadəcə siyasi yenilənmə deyil, həm də dövlətimizin qarşısında duran milli hədəflərin reallaşması üçün mühüm yol xəritəsidir. Xüsusilə gənc nəslin dövlətçilik ideologiyası ətrafında sıx birləşməsi və yad təsirlərdən uzaq olması ölkəmizin daxili sabitliyini daha da sarsılmaz edəcəkdir. Məhz bu sarsılmaz birlik və müstəqil siyasi iradə Azərbaycanın Zəfər dövründəki yeni tarixi uğurlarının ən böyük qarantı rolunda çıxış edir.
     
    Milli Məclisin deputatı Məşhur Məmmədov çıxış edərək qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı ölkəmizin qarşıdakı dövr üçün əsas strateji prioritetlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngin oldu. Xüsusilə dəyişən geosiyasi mühit, dünyada münaqişələrin genişlənməsi, beynəlxalq hüququn ciddi sınaqlarla üzləşməsi fonunda Azərbaycanın təhlükəsizliyinin və müstəqil xarici siyasət kursunun qorunması məsələləri xüsusi aktuallıq daşıyır. Bundan əlavə M.Məmmədov çıxışı zamanı vurğuladı ki, bu gün ölkəmizin iqtisadiyyatının güclənməsi özünü yerlərdə əhalinin, xüsusən də aztəminatlı ailələrin sosial rifahının artırılmasında özünü büruzə verir.

    Müşavirədə şəhid anası, R.Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəb ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon filialının sədri Ramiz Tağıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları çıxış edərək VIII Qurultayın tarixi əhəmiyyətindən bəhs etdilər. Çıxış edənlər xüsusilə vurğuladılar ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası şəraitində keçirilən bu qurultay partiyanın gələcək fəaliyyəti üçün mükəmməl bir ideoloji strategiya ortaya qoydu.

    Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.




    PAYLAŞ:

    Oxşar xəbərlər