Bu gün, 30 may 2024-cü il tarixdə Masallı şəhər Gənclər Evində Masallı Rayon İcra Hakimiyyəti, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Folklorşünas alim Füzuli Bayatın “Masallı Folklor Örnəkləri” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ağsaqqalları, ziyalıları, media əməkdaşları və gənclər iştirak etmişlər.
Təqdimat mərasimi Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı rayon rəhbərini, qonaqları və iştirakçıları salamlayaraq bildirdi ki, xalqımızın əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir. Çünki ana dili kimi folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Masallının folklor ənənələrinin, adətlərinin və folklor materiallarının toplanılması, sistemləşdirilməsi, toplu formada nəşr edilərək gələcək nəsillərə çatdırılması böyük iş olduğu təqdirdə həm də çox məsuliyətlidir.
Füzuli Bayatın nəşr etdirdiyi 3 cildlik kitab folklorumuzun inkişafında və gələcək nəsillərə çatdırılmasında böyük rolu vardır. Çünki Masallı rayonu ölkəmizin qədim yaşayış məskənlərindəndir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov bildirdi ki, Füzuli Bayat Azərbaycan folklorunun və ədəbiyyatının təbliği, yayılması ilə bağlı böyük işlər görmüşdür.
Füzuli Bayat 18 iyun 2005-ci ildə Hüseyn Qazi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən "Türk Kültür ve Bilimine Hizmet Ödülü"nə layiq görülmüşdür. 6 May 2006-cı ildə elmi əsərlərin birinciliyinə görə Türk Ocaqları Baş icraçı direktoru tərəfindən "Prof. Dr.Osman Turan Başarı Ödülü" almışdır. 2007-ci ildə Samsun səhərində Şamanlıqla bağlı verilən çoxsaylı panel və konfranslara görə Ülkü Ocaqları tərəfindən mükafatla təltif olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə Azərbaycan folklorunun tədqiqi və təbliği sahəsindəki çoxillik səmərəli elmi fəaliyyətinə görə Füzuli Gözəlov Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı rəyasət heyətinin qərarı ilə 4 oktyabr 2012-ci ildə Füzuli Bayat "Azərbaycan Bayrağı" mükafatı ilə təltif olunmuşdur.
Avropa Nəşr Mətbu Evi mükafat komissiyasının qərarı ilə Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin qorunmasında, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ortaq türk ədəbiyyatı, müasir folklor sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, türk xalqlarının müasir folklor tarixinin elmi araşdırılmasında göstərdiyi xidmətinə görə 2015-ci ildə "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur. 2022-ci ildə “Qafqaz-Media” İctimai Birliyinin “Xarıbülbül” medalı və eyni adlı diplomu ilə mükafatlandırılıb. 2023-cü il və 2024-cü ildə iki il ardıcıl olaraq Milli Elmlər Akademityasının rəyasət heyəti tərəfindən “İstinadda rekord diplomu” təltif olunmuşdur. Füzuli Bayat Tükiyədə indiyə qədər işləyən xarici vətəndaşlar içində ən çox elmi əsərləri olan tədqiqatçı hesab edilir. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla bir çox ölkələrdə 80-dən çox beynəlxalq simpoziumlarda, konfranslarda, qurultaylarda məruzə ilə iştirak etmişdir.
Çıxışın sonunda rayon rəhbəri kitabın müəllifinə qiymətli hədiyyə təqdim etdi.
Sonra “Masallı Folklor Örnəkləri” kitabının 3-cü cildinin müəllifi folklorşünas alim Füzuli Bayat çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olan bütün əməkdaşlara, Rayon İcra Hakimiyyətinə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinə təşəkkürünü ifadə etdi. Artıq kitabın 4-cü cildinin də nəşri üçün folklor nümunələrinin toplanılmasına başlanıldığını bildirdi. Xalqımıza, xüsusilə cənub bölgəsinə məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də burada yaşamaqdadır. İnsanların ən sevincli və kədərli vaxtlarında: beşik başında, tarlada, inək sağanda, xəmir yoğuranda, nehrə çalxayanda, qız köçürəndə, oğul evləndirəndə və digər mərasimlərdə yaranıb. Onlar: laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər, lətifələr, söyləmələr, alqış və qarğışlar, atalar sözləri, məsəllər, nəğmələr və rəqslərdir.
”Masallı” toponiminin bir yozumu da folklor nümunəsi olan “Misallar”la bağlıdır.Yəni “məsəlli, misallı” diyar,“məsəl çəkənlərin” bol olduğu bir yurd yeridir.Müxtəlif zamanlarda bu diyarda yaşayan insanlar şifahi xalq yaradıcılığının ən gözəl nümunələrini yaradıblar.
Çıxış edən AMEA Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova bildirdi ki, Azərbaycan xalqının şifahi poetik yaradıcılığı kimi mənalandırdığımız folklorun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Folklor xalqın yaddaşı və taleyidir: hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir. Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Folklorşünas alim Füzuli Bayatın “Masallı Folklor Örnəkləri” kitabının 3-cü cildinin işıq üzü görməsi sadlanan amillər üçün çox vacibdir.
Sonda çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova tədbirin təşkilinə görə rayon rəhbərinə və əməkdaşlarına təşəkkürünü bildirdi.
Füzuli Bayata “Masallı Folklor Örnəkləri” kitabının 4-cü cildinin ərsəyə gəlməsində köməkliyini əsirgəməyəcəyini diqqətə çatdırdı.
Daha sonra Arzu Bağırova rayon rəhbəri cənab Araz Əhmədova və Füzuli Bayata qiymətli hədiyyə və İctimai Birliyin Fəxri fərmanını təqdim etdi.
Folklorşünas alim Füzuli Bayatın “Masallı Folklor Örnəkləri” kitabının 3-cü cildinin təqdimat mərasimi “Halay” xalq folklor kollektivinin çıxışı ilə yekunlaşdı.
ƏLİHÜSEYN ŞÜKÜROV