AMEA-da aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

AMEA-da aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir
  • Cəmiyyət

  • AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Folklor İnstitutu və Azərbaycan Aşıqlar Birliyinin birgə dəstəyi ilə Əməkdar mədəniyyət işçisi, ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş “Aşıq yaradıcılığı: təşəkkülü, inkişaf mərhələləri və müasir istiqamətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

    Konfransda Azərbaycan alimləri ilə yanaşı, Gürcüstanın Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Türkiyənin Çanakkale Onsekiz Mart Universiteti, Erzincan Binali Yıldırım Universitesi, Bursa Uludağ Unuversiteti, Erdahan Universiteti, eləcə də Almaniya, Bolqarıstan, Orta Asiya respublikalarının və başqa dövlətlərin alimləri də iştirak edirlər.

    Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Akademiyanın humanitar elmlər sahəsində milli-mənəvi dəyərlərin, ədəbiyyatın, mədəniyyətin və Azərbaycan dilinin azərbaycançılıq ideyası əsasında daha dərindən öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyət göstərdiyini bildirib.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-da folklor sənətinin inkişafına elmi dəstək verilməsi məqsədilə son illərdə bir sıra layihələr həyata keçirilib. Bu layihələrdə klassik folklor ənənələri ilə yanaşı, XX əsrdə yaşamış, yaradıcılıq məktəbləri formalaşdırmış sənətkarların həyatı və yaradıcılığının öyrənilməsinə xüsusi diqqət yetirilir.
    AMEA rəhbəri vurğulayıb ki, elmi tədqiqatların məqsədi yalnız folklor nümunələrini öyrənmək, nəşr etmək və kitablaşdırmaqla məhdudlaşmır. Əsas vəzifələrdən biri də tədqiq olunan sənət sahəsinin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə elmi dəstək verməkdir.

    Akademik İsa Həbibbəyli bildirib ki, konfransın əsas məqsədlərindən biri aşıq yaradıcılığının müasir folklorşünaslığın tələbləri səviyyəsində araşdırılması və elmi dövriyyəyə gətirilməsidir. Akademiya rəhbəri, eyni zamanda Borçalı aşıq mühitinin Azərbaycan və Gürcüstan üçün ortaq mədəni dəyər olduğunu diqqətə çatdırıb. O, Borçalı aşıq mühitinin Azərbaycan-Gürcüstan mədəni əlaqələrində xüsusi yer tutduğunu deyərək, Azərbaycan aşıq sənətinin gürcü aşıq sənətinin formalaşmasına təsir göstərdiyini vurğulayıb.

    Bir sıra xarici ölkə alimlərinin konfransa qatılmasının tədbirin geniş coğrafiyanı əhatə etdiyinin göstəricisi olduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan, Gürcüstan və Anadolu aşıq məktəblərinin ortaq xüsusiyyətlərinin araşdırılmasının bu sənətin bütövlüyünü və qarşılıqlı əlaqələrini bir daha nümayiş etdirdiyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.

    Elmi konfransda Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək Aşıq Hüseyn Saraçlının yaradıcılığının Azərbaycan aşıq sənəti tarixində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, belə bir tədbirin keçirilməsi, ilk növbədə, ustad sənətkara və onun mənsub olduğu aşıq sənəti silsiləsinə ehtiramın ifadəsidir.
    Akademik Nizami Cəfərov vurğulayıb ki, Aşıq Hüseyn Saraçlı öz yaradıcılığında özünəməxsus baxış və ifadə tərzi ilə seçilib. Onun xüsusilə dastanları canlı, epik və eyni zamanda yumorla zəngin təhkiyə üslubunda təqdim etdiyini deyən akademik Nizami Cəfərov bu sənətkarlıq xüsusiyyətlərinin ayrıca öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

    Mərkəz direktoru aşıq sənətinin yalnız folklor irsinin qorunmasında deyil, Azərbaycan ədəbi dilinin inkişafında və yenilənməsində də mühüm rol oynadığını bildirib, aşıqların xalqın canlı dilini, ifadə imkanlarını və düşüncə tərzini ədəbi-mədəni dövriyyəyə gətirməklə ədəbi dilimizin zənginləşməsinə və yenilənməsinə xüsusi töhfə verdiklərini qeyd edib.

    O, çıxışının sonunda bildirib ki, Aşıq Hüseyn Saraçlının yaradıcılığının araşdırılması yalnız ayrı-ayrı sənətkarın irsinin öyrənilməsi baxımından deyil, XX əsr Azərbaycan aşıq sənətinin inkişaf xüsusiyyətlərinin, onun xalq dili və ədəbi-mədəni proseslərlə əlaqələrinin üzə çıxarılması baxımından da önəmlidir.

    Daha sonra Aşıq Hüseyn Saraçlının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Elmi konfransda, həmçinin görkəmli dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Türkiyənin Çanakkale Onsekiz Mart Universitetinin əməkdaşları - professor Ömər Solak, dosent Samet Doykun, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun Folklor departamentinin direktoru Ketevan Sixarulidze, Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış ediblər. Çıxış edənlər aşıq sənətinin Azərbaycan xalqının mədəni irsindəki əhəmiyyətindən danışıb, onun formalaşması və inkişaf mərhələləri, görkəmli sənətkarların yaradıcılıq irsi, habelə aşıq ənənələrinin müasir dövrdə qorunması və inkişaf etdirilməsi məsələlərinə toxunublar.

    Tədbir çərçivəsində konfransın məsul katibi - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı “Aşıq Hüseyn Saraçlı və onun Yaylaq səfəri. (Beşinci nəşr)” kitabının təqdimatı keçirilib. Bildirilib ki, ilk nəşri 2011-ci ildə işıq üzü görmüş kitabda görkəmli saz-söz ustadı Aşıq Hüseyn Saraçlının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir.

    Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəfis şəkildə çap olunmuş kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, redaktoru Əməkdar incəsənət xadimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İsmayıl Ömərovdur.

    Tədbir öz işini 8 bölmə üzrə iclaslarla davam etdirir.
    Qeyd edək ki, beynəlxalq elmi konfransda 100-dən çox məruzənin dinlənilməsi nəzərdə tutulur.

    PAYLAŞ:

    Oxşar xəbərlər