Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir
  • Cəmiyyət

  • Azərbaycanla Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdüb. Uzun illər boyu bu münasibətlər siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə, parlamentlər səviyyəsində inkişaf edərək daha da dərinləşib.

    Siyasi və diplomatik münasibətlərin inkişafı

    Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr 1991-ci ildə, ölkəmizin müstəqilliyini bərpa etməsindən dərhal sonra qurulub. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başlayıb, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənib. İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib. Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub.

    Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib.

    Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.

    Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.

    Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. İkitərəfli iqtisadi münasibətlərin inkişafı hər iki dövlət üçün prioritet istiqamətlərdən biridir və bu məqsədlə müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilir. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib və yeni təşəbbüslər üzərində iş aparılır. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərir. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılır.

    Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.

    Azərbaycan və Pakistan xalqları arasında dərin tarixi, mədəni bağlar da mövcuddur. Hər iki xalq İslam dəyərləri, ortaq tarix və ənənələr vasitəsilə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq təkcə dövlətlərarası əlaqələrdə deyil, eyni zamanda, xalqların bir-birinə qarşı duyduğu dostluq və qardaşlıq münasibətlərində özünü göstərir. Pakistan xalqı Azərbaycana daim xüsusi hörmət və məhəbbətlə yanaşır, bu isə mədəni-humanitar sahədə əməkdaşlığın daha da inkişafına şərait yaradır.

    Yuxarıda qeyd etdiyimiz bütün amillər deməyə əsas verir ki, Azərbaycan-Pakistan münasibətləri gələcəkdə daha da inkişaf edəcək və yeni əməkdaşlıq imkanları yaranacaq. İki ölkə arasında iqtisadi layihələrin genişləndirilməsi, müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi əsas strateji hədəflərdir.

    İqtisadi əməkdaşlıq sahəsində yeni ticarət marşrutlarının açılması və investisiya imkanlarının artırılması üçün müvafiq addımlar atılacaq. Enerji, kənd təsərrüfatı və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək.

    Hərbi sahədə müdafiə sənayesi, birgə təlimlər və strateji layihələr vasitəsilə əməkdaşlıq gücləndiriləcək. Mədəniyyət və təhsil sahəsində də əlaqələr genişlənəcək, tələbə mübadiləsi və humanitar layihələr artacaq.

    Bu addımlar isə öz növbəsində hər iki ölkənin strateji əhəmiyyətini artıracaq, regionda və dünyada sabitliyə töhfə verəcək.

     

    Paşayev Teymur
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi

     


    PAYLAŞ:

    Oxşar xəbərlər