
Erməni separatçılarının Qarabağ isteriyasının tarixi, belə demək mümkündürsə, düşmən xalqın dövlətçilik tarixi formalaşdığı bir vaxtdan başlayıb və bu günə qədər də davam edir. Təsadüfi deyil ki, erməni şovinistlərinin XX əsrdə xalqımıza qarşı törətdiyi ən qanlı-qadalı hadisələr də məhz Qarabağda baş verib. XX əsrin ən böyük bəşər cinayətinin baş verməsinə, Xocalı faciəsinin törədilməsinə gətirib çıxarıb.
Azərbaycan xalqının həyatında və milli şüurunda özünə böyük yer tutan Xocalı faciəsi haqqında Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Xocalı faciəsi! İnsanlara, insanlığa qarşı törədilmiş vəhşətin, dəhşətin qaranlıq üzüdür. Xocalı faciəsi! Bəşər tarixində görülməmiş, analoqu olmayan soyqırımı aktının qara yazısı, insan hüquq və azadlıqlarını dilindən düşürməyən beynəlxalq təşkilatların ədalətsizliyi, xalqımızın qanayan yarası, qan yaddaşıdır. Və təsadüfi deyildir ki, Xocalı faciəsini bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevral ayının 24-də “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdi.
Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” söyləyən ölkə başçısı cənab İlham Əliyev Qarabağın azadlığı məsələsinə daim böyük həssaslıqla, ciddi münasibətlə yanaşıb. Ölkəmizə rəhbərliyi dövründə Ali Baş Komandan beynəlxalq tədbirlərdə, ali kürsülərdə “Xocalıya ədalət!” şüarını səsləndirib, düşmən ölkəni sülh və əmin-amanlıqla torpaqlarımızı birdəfəlik tərk etməyə, dövlət müstəqilliyimizi tanımağa çağırıb. Lakin Ermənistan siyasi elitası və onun havadarları öz ambisiyaları və maraqları ucbatından dövlətimizin bu çağırışlarına cavab verməyib. Bu da bəs etmirmiş kimi Qarabağla yanaşı, digər tarixi torpaqlarımıza qarşı ərazi iddialarına da başlayıb.
2020-ci il sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi, əslində, xalqımızın illərlə qəlbinə yığılmış, qalaqlanmış, düşmənə olan nifrətin, intiqam hissinin nəticəsi idi. Şanlı Vətən müharibəsinin başladığı tarixdən etibarən rəşadətli Azərbaycan Ordusu böyük məharətlə, hərbi səriştə və bacarıqla qısa müddət ərzində Qarabağda Dövlət Bayrağımızı ucaltmağa müvəffəq oldu. Düşmən işğalından azad edilən şəhərlərin, kəndlərin sevindirici xəbərini aldıqda hər bir azərbaycanlının qəlbi Xocalı və Şuşa şəhərlərinin azadlıq xəbərinin sorağına kökləndi. Bütün Xocalı sakinləri kimi Azərbaycan xalqı əmin idi ki, Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə Xocalı şəhəri və Xankəndi düşmən işğalından azad olunacaq. Çünki Xocalı və Xankəndinin azadlığı digər torpaqlarımızla müqayisədə daha böyük mənəvi səciyyə və əhəmiyyət daşıyırdı. Təbiidir. Çünki bu illər ərzində Xocalı şəhəri xalqımız üçün sanki bir şəhər olmaqdan, yalnız torpaq məsələsi olmaqdan çıxmış, milli təəssübkeşlik və qeyrət rəmzinə çevrilmişdi. Bəlkə, elə bu səbəbdəndir ki, Ali Baş Komandan üçrəngli bayrağımızı Xocalıda dalğalandırarkən daha çox sevinmiş, şanlı Azərbaycan Bayrağının bu yerdə, qədim Azərbaycan torpağında dalğalanmasını böyük addım bilmişdi.
Bütün bu uğurların, müvəffəqiyyətlərin, Vətənimizin əldə etdiyi siyasi nailiyyətlərin tərənnümünü sözlə ifadə etmək, bütün bunları bir yazıyla, hətta bir neçə yazıyla ifadə etmək çox çətindir. Ancaq bu gün xalqımızın milli şüurunda həmişəlik qalacaq tək reallıq var ki, o da “Bizim sözümüz imzamız qədər keçərlidir” söyləyən qalib rəhbərin fikirləridir. Bu fikirlər həm də cənab İlham Əliyevin qurub-yaratdığı müasir Azərbaycan modelinin tərənnümü, Qarabağda bərpa etdiyimiz ədalətin şüarı, Xocalıda tökülən qanların, şəhid edilən, əsir düşən soydaşlarımızın ərşə ucalan haqq səsi, haqq sözüdür. Bu, düşmən üzərində qələbə qazanan xalqımızın qan yaddaşlı illərdən, şan yaddaşlı günlərə gəlib çıxdığı o məşəqqətli yolların son dayanacağı, qədim torpağımız olan Qarabağla birgə başladığımız yeni dövlətçilik tariximizin ilk addımlarıdır
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis