23 oktyabr 2026-cı il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə ətraflı məlumat verib.
İcra başçısı, həmçinin müşavirənin əhəmiyyətini qeyd edərək, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığın inkişafında heyvan sağlamlığının qorunmasının və profilaktik tədbirlərinin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib.
AXA sədri fermerlər arasında maarifləndirmə işləri genişləndirilməsini, profilaktik peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, heyvanların diaqnostik müayinələrə cəlb olunmasını, xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınmasını, təsərrüfatlarda sanitariya-gigiyena normalarına əməl olunmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə AXA- nın sədr müavini Fuad Məmmədov heyvandarlıqda tətbiq olunan yeni subsidiya qaydaları barədə təqdimatla çıxış edərək ətraflı məlumat verib.
Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov heyvan sağlamlığının qorunması sahəsində 9 ay ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Tədbirdə Masallı, Cəlilabad, Lənkəran, Astara, Cəbrayıl, Lerik, Buləsuvar, Neftçala, Salyan rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri çıxış edərək ərazilərdə mövcud epizootik vəziyyət, görülən işlər və qarşılaşdıqları problemlər barədə məlumat veriblər.
Çıxışlar zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir çərçivəsində səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinin təqdimatı keçirilib.
Daha sonra iştirakçılar fermer təsərrüfatlarına, həmçinin süd emalı müəssisəsinə baş çəkib görülən işlərlə tanış olublar.




