Xocalı soyqırımının beynəlxalq aləmdə  tanınması barədə

Xocalı soyqırımının beynəlxalq aləmdə  tanınması barədə
  • Cəmiyyət

  • Xocalı - Sözün bitdiyi yer. XXI əsrin astanasında təkrarsız tarixi cinayətlərdən olan Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. Xeyirin şər üzərində qələbəsi, işığın qaranlıq, ağın qara, yaxşının pis üzərində zəfəri bizim tərbiyə genefondumuzun köklü ünsürlərindəndir. Elə 44 günlük Zəfər yürüşümüzdə də ruhumuz mütləq zəfər istiqamətində mübarizəyə köklənmişdi. Lakin, dinlədiyimiz heç bir hekayədə, oxuduğumuz heç bir tarix salnamələrində nə zəfər asanlıqla əldə olunmuş, nə də haqq-ədalət asan bərqərar olmuşdu. Bəlkə də elə budur, zəfəri hər şeyə rəğmən şirin, haqqı, ədaləti ilahi edən. Vurğulanacaq əsas məqamlardan biri odur ki, tarixən mübarizələr içində olmuş, əsarətlər altında başına müsibətlər gətirilmiş Azərbaycan hər zaman od-alovun içindən ayaqları üzərində çıxdığı kimi, bu dəhşətin, fitnənin də içindən qələbənin qanadlarında çıxmağı bacardı. Zamanında ölkə qura bilsinlər deyə, ölkə qurmaq niyyətləri bizim də savaşımıza ortaq olsun, dəstək olsun deyə tarixi torpaqlarımızdan pay etdiyimiz ermənilər, heç çox keçmədi ki, mənfur və xəyanətkar simalarını ortaya qoydular. 1988-ci ildən başlayaraq yeni ərazi iddiaları ilə çıxış etməyə başlayan mənfur qonşularımız soydaşlarımızı ardıcıllıqla öz yurd yuvalarından didərgin salmağa başladılar.

    3-4 il ərzində etdikləri hər cür vəhşiliyin ardından 1992-ci il  ilin fevral ayının 25-dən 26-na keçən gecə tarixin ən dəhşətli faciəsini-soyqırımı həyata keçirdilər. 2022-ci il Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. XX əsr tariximizin qanlı faciələrindən olan Xocalı soyqırımı insanların yaddaşında silinməz izlər qoymuşdur. Xatın, Xirosima, Naqasaki kimi insan fəlakətləri törədilmiş ünvanlar sırasına 26 fevral 1992-ci ildə Dağlıq Qarabağda erməni quldur birləşmələri tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı da əlavə olunmuşdur. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan etmişlər. Ermənilər dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağılasığmaz vəhşiliklə öldürmüşlər. Qədim tarixi abidələri, ictimai binaları, xəstəxana və poliklinikaları, məktəbləri, fərdi mülkləri, dövlət idarələrini yandırıb dağıtmışlar. Erməni birləşmələrinin vəhşiliyi nəticəsində həmin günlərdə 613 nəfər öldürülüb, 1275 nəfər dinc sakin girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq Xocalı sakini müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Onların 76 nəfəri yetkinlik yaşına çatmayanlardır. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə ömrünün qürub çağını yaşayan qocalar olub. Şəhidlərin 56 nəfəri diridiri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların bədəni süngü ilə deşik-deşik edilmişdir. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Yalnız çox az sayda əhali Azərbaycanın nəzarətində olan Ağdam şəhərinə çata bildilər. Erməni vandalizminin iç üzünü açan bu təcavüz nəticəsində altı ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.  
               
    Tarix boyu çoxsaylı müharibələr olub. Müharibə isə dağıntı deməkdir. Yəni, müharibələr nəticəsində ölkələr, şəhərlər, kəndlər və infrastruktur dağılır. Hər zaman belə olub. Amma dağıntıların və faciələrin forması, miqyası, üsulları və dərəcəsi fərqli olub. Qarabağ müharibəsi dağıntıların miqyası baxımından, bəlkə də, ən çox fərqlənən müharibə oldu. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında işğal nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib. 
             
    Azərbaycan xalqının haqq səsini hər zaman bütün dünyaya çatdıran xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”— deyərək təşəbbüs irəli sürmüş və 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız soyqırımı kimi insanlıq tarixinə düşmüş bu qanlı olaylarla müqayisə oluna bilər. XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

    “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir. Bu qətnamədə göstərilən halların ən yüksək səviyyəsi Xocalıda baş vermişdi. Ona görə də əminliklə deyə bilərik ki, Xocalı soyqırımı beynəlxalq cinayətdir.  Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. 
             
    Xocalı faciəsinin dünya miqyasında tanıdılması, məhz soyqırımı kimi tanınması istiqamətində görülən işlər uzun illərdir ki, davam edir. Bu fəaliyyətdə QHT-lər, xaricdə yaşayan azərbaycanlılar, xüsusilə gənclər hər zaman aktiv iştirak edirlər. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan “Justice for Khojaly” informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə oluna bilər. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
           
    Xocalı faciəsindən sonra Ermənistanın prezidenti olmuş Serj Sarkisyan müsahibələrinin birində öz vəhşiliklərini etiraf edərək bildirmişdi ki, Xocalı hadisələrinə qədər azərbaycanlılar inanmırdılar ki, biz mülki əhaliyə silah doğruldarıq. Bu vəhşiliyi etiraf edən, tarix boyu yüzlərlə riyakarlığa imza atan erməni dığaları 44 günlük Vətən müharibəsində dəlik axtarırdılar gizlənmək üçün.  Qarabağın hər qarışında silahsız insanların qanlarını tökən ermənilər igid əsgərlərimiz tərəfindən elə silahları ilə birgə məhv edildilər. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

    Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Cənab Ali Baş komandan İlham Əliyevin “Dəmir Yumruğu” sayəsində, müasir Azərbaycan Ordusunu, rəhbərliyini, siyasətini əvvəlki ilə qarışdıran, bizi özləri kimi “köhnə hamam, köhnə tas” bilən vandallar ağır zərbə alsalar da, əminik ki, ən ağır zərbələr hələ qarşıdadır. Qarabağ Azərbaycandır! 
       
    #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət

                 
    Tural Sadıqov,
    Masallı Gənclər evinin metodisti

    PAYLAŞ:

    Oxşar xəbərlər