Bəzi şeirlər var ki, insan onları sadəcə oxumur, öz həyatından bir parça tapır. Sevincini, kədərini, gizli sevgisini, heç kimə deyə bilmədiyi sözlərini həmin misralarda görür. Şair Anar Məcidzadənin yaradıcılığını mənim üçün maraqlı edən də məhz bu səmimiyyət, insan ruhuna yaxınlıq və həyat həqiqətlərinin poetik ifadəsidir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Anar Məcidzadə şeirlərində sevginin dərinliyinə, sədaqətin dəyərinə, insan taleyinin mürəkkəbliyinə və mənəvi dünyamızın həssas məqamlarına toxunur. Onun misralarında bəzən bir sevginin həsrəti, bəzən həyatın insana yaşatdığı sınaqlar, bəzən də insanı düşündürən həqiqətlər öz əksini tapır.
Mənə görə, poeziyanın gücü sözlərin gözəlliyindən daha çox, həmin sözlərin oxucunun qəlbində oyatdığı hisslərlə ölçülür. İnsan öz duyğularını bir şeirdə tapa bilirsə, deməli, o şeir artıq öz məqsədinə çatıb.
Bu dəfə “Leqal” oxucularına Anar Məcidzadənin qələmə aldığı “Belə sevgi olmur”, “Sevdiyim qadın”, “Tanrı dərd verməsin yaratdığına”, “Sevgi payım”, “Adamların taleyi” və “Haqq yolu” adlı şeirləri təqdim edir.
İnanıram ki, bu şeirlər hər oxucuda fərqli duyğular oyadacaq, kiməsə unudulmaz bir xatirəni, kiməsə yarımçıq qalmış bir sevgini, kiməsə isə həyatın öyrətdiyi acı həqiqətləri xatırladacaq.
Belə sevgi olmur
Saldın məni dərdə, qəmə,
Zildə idim, düşdüm bəmə,
Bir daha “sevirəm” demə,
Belə sevgi olmur, Vallah.
Düşünürdüm: Allah, nələr!
Bilməzdim ki, belə gələr,
Sevən ürək qaldı mələr,
Belə sevgi olmur, Vallah.
Mən sevdim, sən seçmədin heç,
Anladım bunu gecdən gec,
Doğruları səhvindən seç,
Belə sevgi olmur, Vallah.
Ay vəfasız, sən bir düşün,
Nələr etdim sənin üçün,
Yalanmış sözün, gülüşün,
Belə sevgi olmur, Vallah.
Sevdiyim qadın
Sən mənim yazdığım sevgi əsərim,
Adın ürəyimdə, dildə əzbərim,
Yolunu gözləyir hər an gözlərim,
Mən sənə heyranam, sevdiyim qadın.
Sevgilim, yanında uca dağam mən,
Eşqimə sadiqəm, üzü ağam mən,
Nə qədər sən varsan, bil ki sağam mən,
Mən sənə heyranam, sevdiyim qadın.
Gözünün yaşını axan görməyim,
Başın üstə şimşək çaxan görməyim,
Mən baxan gözlərə baxan görməyim,
Mən sənə heyranam, sevdiyim qadın.
Hər anım, hər ayım, ilim də sənsən,
Solmayan çiçəyim, gülüm də sənsən,
Min nəğmə söyləyən dilim də sənsən,
Mən sənə heyranam, sevdiyim qadın.
Tanrı dərd verməsin yaratdığına
Ömrün gül-çiçəkli bahar çağına,
Payız, qış gəlməsin, İlahi, barı.
Sevən ürəkləri, sevən qəlbləri,
Kaş ki, üşütməsin dağların qarı.
Yaşayaq dünyanın qəmindən uzaq,
Nə bir boran olsun, nə soyuq, sazaq,
Hər gün yeni nəğmə, yeni söz yazaq,
Şeirlər bəzəsin qoy varaqları.
Həyatın qəmindən biz uzaqlaşaq,
Kədəri adlayaq, dərdləri aşaq,
Gülsün yer üzündə hər körpə uşaq,
Qoy fərəh bürüsün bütün diyarı.
Tanrı dərd verməsin yaratdığına,
Bir insan övladı acı çəkməsin.
Balanın dərdini ata, analar,
Qardaşın dərdini bacı çəkməsin.
Sevgi payım
Bəlkə öz eşqimə, öz vüsalıma,
Öz tale payıma gecikmişəm mən.
Sevgisiz taledən, qəmgin ömürdən,
İlahi, yamanca bezikmişəm mən.
Görən, hayandadır məhəbbət payım?
Üz tutum, mən gedim eşqimə sarı.
Bəlkə uzaqlarda yolumu gözlər,
Bəlkə yaxındadır könlümün yarı.
Elə bir məhəbbət, sevgi istərəm,
Axan sular kimi dumduru olsun.
Elə bir məhəbbət, sevgi istərəm,
Əyilməz vüqarı, qüruru olsun.
Adamların taleyi
Adam var, hər günü kefi-damaqdır,
Adam var, köynəyi köhnə, yamaqdır.
Adam var, yaxşılıq gəlməz əlindən,
Adam var, adama arxa-dayaqdır.
Adam var, çiynində həyatın yükü,
Adam var, qaldıra bilmir bir tükü.
Adam var, ağrısı, dərdi-kədəri,
Dünyanın özündən daha böyükdü.
Adam var, taleyi gecədən qara,
Adam var, sinəsi min cürə yara.
Adam var, itirmir Haqqa inamı,
Düşsə də həyatda çətinə, dara.
Dünyada nə qədər Allah, adam var,
Görən, xoşbəxtdimi bütün adamlar?
Bu dünya durduqca adamlar olsun,
Bütün adamları bəxtiyar olsun.
Haqq yolu
Haqqa sığın, haqqa tapın,
Haqq ilə açılar qapın.
Doğru olsa əgər yolun,
Tanrı qoymaz darda qulun.
Yaşa ömrünü düzünə,
Tale gülsün qoy üzünə.
Bu dünyada insan gərək,
Qırmayaydı bir kaş ki ürək.