XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin təqdimatı keçirilib

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin təqdimatı keçirilib
  • Cəmiyyət

  • Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının “Birinci Türkoloji Qurultay – 100” nəşrlərinin təqdimatı keçirilib. 

    Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türkologiya elmi tarixində müstəsna yer tutduğunu bildirib. Qeyd edib ki, 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən Qurultayda dünyanın müxtəlif bölgələrindən 131 nümayəndə iştirak edib, türkologiyanın dilçilik, ədəbiyyatşünaslıq, folklor, etnoqrafiya, tarix və fəlsəfə kimi istiqamətləri üzrə aktual məsələlər müzakirə olunub. Qurultay türk dünyasının elmi irsinin kompleks şəkildə öyrənilməsi üçün mühüm zəmin yaradıb.

    Akademik İsa Həbibbəyli vurğulayıb ki, keçmiş sovet rejiminin sonrakı dövrlərdə türk xalqları arasında elmi-mədəni inteqrasiyanın genişlənməsinə mane olmasına baxmayaraq hazırda Birinci Türkoloji Qurultayın elmi ənənələrinin bərpası istiqamətində mühüm işlər görülür, türk dünyasının tarixi, ədəbiyyatı, dili və mədəniyyətinin müxtəlif aspektləri üzrə tədqiqatlar aparılır. 

    Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması haqqında” Sərəncamından sonra bu sahədə tədqiqatların daha da genişləndiyini deyən AMEA rəhbəri əlavə edib ki,  Elmlər Akademiyası tərəfindən Türkoloji Qurultayın 100 illiyi ilə bağlı 30-dan çox kitab nəşr olunub. 

    “Bu nəşrlər Azərbaycanın türkologiya elminin inkişafına verdiyi töhfələrin göstəricisi olmaqla yanaşı, ölkəmizin beynəlxalq türkoloji tədqiqatlar məkanında mövqeyini də gücləndirir”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb. 
    O, Qurultayın mühüm nailiyyətlərindən biri olan latın qrafikasına keçid qərarının türk xalqları arasında elmi-mədəni əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. 

    AMEA prezidenti, həmçinin Qurultayla bağlı arxiv sənədlərinin üzə çıxarılmasının və elmi dövriyyəyə daxil edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, uzun müddət məxfi saxlanılan sənədlərin araşdırılması Qurultayın hazırlanması və keçirilməsi ilə bağlı yeni məlumatların əldə olunmasına imkan yaradır. 

    Akademik İsa Həbibbəyli təqdim olunan kitabların Birinci Türkoloji Qurultayın elmi irsinin gələcək nəsillərə çatdırılmasına, türkoloji tədqiqatların zənginləşdirilməsinə və türk xalqları arasında elmi-mədəni əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

    Sonra çıxış edən millət vəkili, Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Elnarə Akimova Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasının və bu münasibətlə AMEA-nın yeni nəşrlərinin təqdimatının türkoloji irsinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirib ki, Qurultayın yubileyi çərçivəsində 2026-cı il ərzində müxtəlif elmi və mədəni tədbirlər təşkil olunub, çoxsaylı nəşrlər işıq üzü görüb. Bu kitablar alimlərin arxivlərdə apardıqları araşdırmaların, ilkin mənbələrin dərindən öyrənilməsinin və böyük elmi zəhmətin nəticəsidir.

    Elnarə Akimova vurğulayıb ki, türk düşüncəsinin və türk məfkurəsinin qorunmasında müxtəlif dövrlərdə alimlərin, yazıçıların və ziyalıların mühüm xidmətləri olub. Təqdim olunan nəşrlər isə Birinci Türkoloji Qurultayın irsinin yeni elmi yanaşmalar əsasında tədqiqinə və türkoloji tədqiqatların zənginləşdirilməsinə imkan yaradır.

    Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov isə çıxışında Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin tarixi zərurətdən irəli gəldiyini bildirib. Vurğulayıb ki, 1920-ci illərdə türk dünyasının aparıcı türkoloq alimləri Bakıda fəaliyyət göstərmiş, şəhər türkoloji tədqiqatların əsas mərkəzlərindən biri kimi formalaşmışdı. Akademik Nizami Cəfərov Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi alimlərin fəaliyyətini xatırladaraq onların Bakıdakı elmi mühitin inkişafında mühüm xidmətləri ilə seçildiyini söyləyib.

    Onun sözlərinə görə, Qurultayın yubileyinə həsr olunan nəşrlər Azərbaycan türkoloji məktəbinin tarixən məhdudlaşdırılmış imkanlarının bərpasına, elmi irsin qorunmasına və yeni tədqiqatların aparılmasına xidmət edir. Akademik Nizami Cəfərov bu nəşrlərin hazırlanmasında elmi keyfiyyətə və ilkin mənbələrin araşdırılmasına xüsusi diqqət yetirildiyini deyib. Vurğulayıb ki, arxiv sənədləri və Qurultayın stenoqrafik hesabatı əsasında hazırlanan kitablar tarixi hadisələrin daha dərindən öyrənilməsi üçün yeni imkanlar açır. 

    Təqdimat mərasimində, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli, filologiya elmləri doktoru, professor Adil Babayev və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək Birinci Türkoloji Qurultayın türkologiya elminin inkişafındakı tarixi rolundan, Qurultayın irsinin araşdırılmasının önəmindən və təqdim olunan nəşrlərin elmi dəyərindən danışıblar.

    Nəşrlərin hazırlanmasında ilkin mənbələrin öyrənilməsinin əhəmiyyətini vurğulayan natiqlər bu kitabların gələcək tədqiqatların genişləndirilməsinə və türkoloji elmin zənginləşdirilməsinə töhfə verdiyini bildiriblər.

    "Leqal.az"

    PAYLAŞ:

    Oxşar xəbərlər