Xocalı soyqırımının vəhşilikləri xarici jurnalistlərin gördükləri və söylədikləri kimi

Xocalı soyqırımının vəhşilikləri xarici jurnalistlərin gördükləri və söylədikləri kimi
  • Cəmiyyət

  •  Tariximizin qanlı yaddaşına həkk olunan Xocalı soyqırımı xalqımızın taleyində ən dəhşətli səhifələrindən biridir. Bu faciə mahiyyət etibarı ilə yalnız bir qətliam, böyük bir cinayət deyil, eyni zamanda əsrlərdən bəri xalqımızın xeyirxahlığına yamanlıq cavabı, yurdsuz-yuvasız qalmış ermənilərə sığınacaq vermək alicənablığına qarşı bir nankorluq sübutu idi.  Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımılara məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşdi. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməməyə çalışmışdılar.Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Xocalının işğalı zamanı ermənilər istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan da istifadə ediblər. Bu məlumat Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin açıqlamasında da öz əksini tapıb. Bütün faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını kobud şəkildə pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
                  
    Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırıblar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: "...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoymuşdular".İngiltərəli jurnalist Rori Patriks qeyd edir: "Xocalıdakı faciənin miqyasını dünya ictimaiyyətinə anlatmaq çox çətindir. Biz jurnalistlər helikopterlə çətinliklə də olsa, ermənilərin məskunlaşdığı Naxçıvanik kəndinin yaxınlığına gələ bildik. Burada onlarla eybəcər hala salınmış meyit gördük. Onlar Xocalını müdafiə edən döyüşçülər deyildi, bu, Azərbaycan şəhərinin dinc əhalisi - qatillərin güllələdikləri uşaqlar, qadınlar, qocalar idi". Tomas Qolts 27 fevral 1992-ci ildə yazırdı ki, Stepanakertin (Xankəndinin) şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin axundu Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri buraya 477 meyit gətiriblər.  Bu gün məsciddə  gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkirdi. Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ermənilər tərəfindən öldürülmüşdü.  İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri də güllələmişdilər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmışdılar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları doğramağa başladılar".

    Stefan Bentura, 3 mart 1992-ci il  tarixdə yazırdı ki, ermənilərin Qarabağa hücumundan xilas olarkən qırğına məruz qalan azərbaycanlıların təhqir edilmiş cəsədləri soyuqdan qurumuş, hücumdan təxminən bir həftə sonra qarla örtülmüş yamaclara yapışmışdı. Ağdamdan helikopterlə əraziyə gələn jurnalistlər 31 cəsəd saydılar, onların bir çoxuna yaxın məsafədən baş hissəsinə atəş açılıb, bəzilərinin isə başının dərisi soyulub. Ölmüş kişi, qadın və uşaqların bəzilərinin barmaqları qoparılıb. Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı 1000-dən çox insanın ölməsi ilə bağlı ittihamları fonunda, jurnalistlər Əsgəran tərəfdə yerləşən təpələrdə meyitlər görmüşlər. Ermənistan onun silahlıları tərəfindən qarla örtülmüş dağ yollarında qətliamdan xilas olmağa çalışan kişi, qadın və uşaqları qətlə yetirdiyini danmaqda davam edir. Lakin qətliam yerlərində səpələnmiş onlarla meyit qırğın ilə bağlı Azərbaycanın məlumatlarının doğru olduğunu göstərir. Gözləri yarım açıq şəkildə qalan və ölmüş uşağını sinəsinə sıxan bir qadının cəsədi jurnalistləri müşayiət edən Azərbaycan hərbçilərinin göz yaşlarına səbəb oldu.Jurnalist Elen Vomak həmin günlərdə Xocalıda, Ağdamda gördüklərini belə təsvir etmişdi: "Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da, ötən həftə Ermənistan ordusunun Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırımı törətdiyi ehtimal olunur.   Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərəfindən onların evlərinə edilən hücumu təsdiq edən küllü miqdarda faktlar söyləyirlər. Onlar bildirirlər ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdilər. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük".

    Əlbəttə ki, hadisənin baş verdiyi zaman konkret statistik məlumat vermək müm­kün­süzdür, ancaq dünyada sensasiyalı xəbər kimi qarşılanan Xocalı faciəsinin dolğun işıqlandırılmaması ölkədə Sovet xofunu yaşadan senzura nəzarətinin təzahürü idi. Faciə ilə bağlı verilən statistik məlumatlarda jurnalist qeyri-peşəkarlığı özünü göstərir. Həmin dövrdə dünya mətbuatında Xocalıda 2000 adamın itkin düşməsi (Thomas Goltz. Corpses Litter Hills in Karabakh. "The Times” newspaper, 2 march 1992), 1000 ölü, 4000 yaralı (HIATT Fred. Killings Rife in Nagorno-Karabakh. "The Washington Post” newspaper, 3 march 1992), 1000-dən çox insanın vəhşicəsinə öldürül­məsi (Brian Killen. Attrocity Reports Horrify Azerbaijan. "The Washington Times”, 3 march 1992), Qarabağ mühari­bəsində ölkəni qoru­mağı bacarmayan ölkə prezidenti Ayaz Mütəllibovun günahlan­dırılması (Thomas Goltz. Massacreby Armenians Being Reported. "The New York Times”, 3 march 1992) və s. kimi faktiki məlumatlar qəzet­lər­də yer almışdı. Fransada nəşr olunan "Le Mond" qəzeti 1992-ci il 14 mart tarixli sayında ermənilərin törətdikləri vəhşilikləri işıqlandırmaqla yanaşı, erməniyönlü mətbu orqanların yalanlarına arqumentlərlə cavab vermişdir: "Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, reallıqdır”.

    İtaliyanın AGİ xəbər agentliyinin əməkdaşı Cüzeppe Dionna deyib: “Xocalı faciəsi ilə bağlı əvvəllər məlumatım az idi. Buraya gəlməzdən əvvəl araşdırma apardım. İndi isə Xocalı sakinləri ilə söhbət etdim, faciə ilə bağlı daha çox məlumat öyrəndim. Böyük faciədir. Bu faciə unudulmamalıdır. Faciə ilə bağlı məlumatlar insanlara çatdırılmalıdır”.

    İraqın xəbər agentliyinin əməkdaşı, hərbi jurnalist Abbas Əl Ələvi bildirib: “Biz bu gün burada gördüklərimizdən sonra onu deyə bilərik ki, beynəlxalq təşkilatlar, insan haqları təşkilatları susmamalı, Ermənistana qarşı xüsusi tədbirlər görməlidirlər. Ölüm birdir. Lakin soyuqda ölmək, uşaqikən ölmək, faciəvi şəkildə ölmək böyük günahdır, insanlığa qarşı cinayətdir. Təsəllimiz odur ki, Azərbaycanın işğal altındakı torpaqları azad edildi və şəhidlərin qanı yerdə qalmadı”.

     Türkiyədən gəlmiş jurnalist Əminə Kavasoğlu isə hisslərini bu cür ifadə edib: “Müharibə zamanı da burada idim. Kitablardan Xocalıda törədilənlər haqqında məlumatım var. Mülki insanların necə öldürüldüyünü bilirəm. Lakin bu torpağa gəlib həmin anları faciəni yaşayanların dilindən dinləmək çox acıdır. İyirmi doqquz il keçməsinə baxmayaraq, bu acı isti və təzədir. Amma artıq Azərbaycan xalqı bu torpaqlara gəlib burada dua edə bilir. Biz də türkük, qardaşıq. Bizim də canımız yanır. Xocalı qətliamı bir soyqırımıdır, unudula bilməz”.

    Həmin günlərin dəhşətli cinayətini özündə əks etdirən minlərlə belə xarici və yerli jurnalistlərin görüb və yazılarında qeyd edilən faktları sadalamağa olar. Bu gündə bu faciənin açılmayan, məlum olmayan tərəfləri, taleləri naməlum qalan insanların günahsız , səbəbsiz yerə ölümə məhkum olunması ifadəsi arxasında qalır. Xocalı soyqırımı qurbanlarının xatirəsinə hər zaman bizim üçün düşünmək və məsuliyyətli olmaq vacibliyini anladan bir dərdimizin. 

    Hal-hazırda xarici dövlətlərdə yaşayan azərbaycanlılar hər il Xocalı faciəsinin törədildiyi günü "Justice for Khojaly” -Xocalıya ədalət  kompaniyasını həyata keçirməklə, faciənin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm addımlar atırlar. Ümumiyyətlə, bu məsələdə həm beynəlxalq, həm də yerli mətbuat materiallarının araşdırılması, həqiqətlərimizin dünya miqyasında tanıdılmasına böyük ehtiyac var. Bu soyqırımın isə bizə Azərbaycan xalqına qarşı törədilən ağır və dəhşətli bir cinayətdir. Və bizlərdə xalqımıza qarşı törədilmiş bu amansız divanın nəticəsində heç bir zaman unudula bilməyən ağrını daşıyan yurddaşlarımızın əzab və ağrılarını dərk edərək bir dəqiqəlik belə susmamalıyıq. İstər daxildə istərsədə  xarici mətbuatda” Xocalıya Ədalət “ devizi ilə Xocalıda baş verənləri dünyaya nümayiş etdirməliyik. 

    Xocalı faciəsinin qurbanlarının qisasını , ədalətli şəkildə aldıq. Artıq bu torpaqlar azğın və cinayətkar erməni şovinistlərinin o murdar tapdağından təmizlənib. Xocalıda Azərbaycanın bayrağı dalğalanır.  Soydaşlarımız dədə-baba torpaqlarına qayıdırlar. Lakin acı və ağrı hissi isə heç zaman unudulmaz.  Keçmişimizi unutmamaq və qarşıdakı zamanda bir daha başımıza belə faciələrin gəlməsinə yol aça bilən bütün təhlükələrin qarşısını almağa hər an hazır olmalıyıq. 

       

    #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət

     

    Dilgüşə Məmmədova,
    Masallı Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçi 

     

     


    PAYLAŞ:

    Oxşar xəbərlər