XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Hər birimiz Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənirik.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, dövlət-vətəndaş birliyi olan bir ölkəyə çevrilib.Respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub.Belə günlərdən biri də oktyabrın 3-dür. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi, böyük zəfərin başlanğıcı oldu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin, onun ardınca həmin ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın bütün sahələrdə inkişafına yol açdı. "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir". Müharibə şəraitində yaşayan Azərbaycanda iqtisadiyyatla yanaşı, ordu quruculuğuna da xüsusi diqqətin göstərilməsi vacib məqamlardan idi və heç də təsadüfi deyildi ki, Ulu Öndər bu sahədə də mühüm addımlar atdı. Öncə bu reallığı qeyd edək ki, hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi məqsədilə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması dahi şəxsiyyətin atdığı addımlar sırasında oldu. Ulu öndər nitqində qətiyyətlə bəyan edirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. 1993-cü ildən başlanan inkişaf yolu Azərbaycanı bugünkü zəfərlərinə qovuşdurdu və yeni dövrə qədəm qoymasını şərtləndirdi.
Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən böyük xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir.Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticələri göz qabağındadır. Onları sadalamaqla bitməz. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ondan üç il sonra- 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi, ölkəmizin həyatında yeni dövrün başlanması keçilən 21 illik yolun təqdimatıdır. Azərbaycan bu illər ərzində daha da gücləndi, qüdrətləndi, dünya birliyinin fəal üzvü olaraq sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi. Artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı.
Heydər Əliyev yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Ümummilli Liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaq.
Əntiqə Tağıyeva,
Masallı Tarix- Diyarşünaslıq Muzeyinin direktoru