Bir şəkilin hekayəsi - Əli Rzazadə

Bir şəkilin hekayəsi - Əli Rzazadə
  • Cəmiyyət

  • Bu gün şəkil çəkdirmək üçün bir fotoqrafın otağına girmişdim. Məndən öncə bir nəfər də şəkil çəkdirmək üçün hazırlıq işləri görürdü. Fotoqraf bir neçə dəqiqə gözləməli olacağımı dedi. Tələsmədiyimi bildirim. Fotoqrafın kiçik otağında  divara  vurulmuş müxtəlif tədbirlədə çəkilmiş şəkillər diqqətimi çəkdi. Onun kiçik otağında divarboyu addımlayır, asılmış şəkillərə göz gəzdirməyə başladım. 

    Divarboyu hərkətdə olan nəzərlərim hansısa bir səbəb vəya səbəblərdən, balaca bir qız uşağının gözlərinə dikildi. Bu şəkildəki uşağın siması digərlərindən fərqlənirdi. Hətta  bu fərqin mənə yaşatdığı təəssüratı yazıya çevirmək mümkünsüzdür. Mənə elə gəlirdi ki, fotodakı qəmzəli qızın simasının altında ikinci bir sima da var və onu görmək üçün mütləq bəsirət baxışlarına malik olmalıyam. Sanki körpə qız,  həyatda ilk dəfə təbəssüm edib  və o, hansısa bir hadisəyə heç vaxt olmayacağı qədər ilk dəfə sevinib və fotoqraf bu ilk sevinci qaçırmayıb, tez onu tarixin yaddaşına çevirib.  Lakin onun təbəssümünün altında,  bir kədər də öz amansız zəncirlərini uşağın boynuna salıb və ondan qurtulmağa imkan vermir.

    Mənə elə gəldi ki, bu fotoda xoşbəxtliyə qərq olmuş azyaşlı qız uşağı az sonra hıçqıra- hıçqıra ağlayacaq. Və onun xoşbəxtliyinin bu fotonun çəkildiyi müddət qədər ömrü varmış. 

    Mənə elə gəldli ki, çərçivənin içərisinə təhkim olunmuş bu uşaq, uzun illərdir məhz burada məni gözləyr, mənə sözü var, öz sevincini mənimlə bölüşmək istəyir, amma onun xoşbəxtliyi bu çərçivəyə, fotoya, hətta fotoqrafın bu kiçik otağına sığımır, buralar onun qarşısında  maneəyə çevrilir. Mənə elə gəlirdi  o, mənə demək istəyir ki...

    Və bu vaxt arxadan gələn səs məni o uşaqdan, onu da məndən alıb apardı, məni xoşbəxt uşaq fotosunun içindən çıxatdı..
    - Sizin növbənizdir.. bu tərəfə buyurun-deyə fotoqraf səsləndi.

    Şəkil çəkdirəndən sonra fotodakı uşağın şəxsiyyətini müəyyənlişdirmək,  onun kimə aid olduğu haqda fotoqrafdan soruşmaq qərarına gəldim. Axı, hər bir şəkilin öz hekayəsi olur.

    Orta boylu, orta yaşlı, fotoqraflara məxsus baxış tərzi olan müsahibim danışmağa başladı:
    Bir neçə il öncə orta məktəblərdən biri tərəfindən mənə müraciət olunmuşdu ki,  birinci siniflər üçün “vinetka” şəkilləri çəkim. Mən təklifi qəbul edib, həmin orta məktəbə getdim.

    Vaxtaşırı belə təkliflər alıram. Qaydaya uyğun olaraq müəllimə məni qarşılayıb, sinifdəki uşaqların şəkil çəkdirmələri üçün şərat yaratdı və mən hazırlayacağım vinetkanın üslubuna uyğun, bir-bir uşaqların müxtəlif formada şəkillərini çəkməyə başladım. Onlar sevinə -sevinə, səbirsizlik göstərərək obyektivin qarşısına tələsir, biri digərindən qabağa keçmək istəyirdilər. Müəllimə isə onların növbəylə gəlmələrini çalışırdı.

    Artıq sinifin yarıdan çoxsunun şəkilini çəmişdim.  Bu vaxt uşaqlardan biri “ müəllim gəlim?” deyə öz növbəsinin çatdığını xatırlatdı. “Sənin anan vinetka istəməyib” deyə müəllimə cavab verdi və növbəti uşağın geymini səliqəyə salaraq, mənim yanıma göndərdi.  Başım işə o qədər qarışmışdı ki,  uşaqla müəllimənin qısa dialoquna qulaq müsafiri oldum və söhbətin məzmununu tam anlaya bilmədim. Amma o balaca qızın siması diqqətimi çəkməmiş deyildi.

    Mən uşaqların şəkillərini çəkdikdə, o balaca qız, sinif yoldaşlarının əyin başını sanki səliqəyə salmaqda onlara kömək etməyə çalışır, özü də mənim obyektivimdən kənarda, sinif otağının arxa hissəsində, asılqanın altında gülə -gülə, sevinə- sevinə şəkil çəkdirirdmiş kimi pozlar verir, sinif yoldaşlarını güldürürdü. Az sonra o bir daha incə səsiylə müəlliməsinə  “məllim bəs mən? Mən də çəkdirim dəəə” deyə səsləndikdə, müəlliməsi “sənin anan sifariş vermədi, dedi istəmirik” deyə cavab verdi və bu zaman mən illərin təcrübəli fotoqrafı kimi anladım ki, uşağın valideyni vinetka hazırlatmaq üçün maddi vəziyyətinin imkan vermədiyindən sifarişdən imtina etmişdir.

    Orada cərəyan edən bu kiçik, amma faciəli hadisəni sözlə ifadə etmək mənim imkanım xaricindədir. Orada olmayan, o durumu görməyən, o birinci sinifdə oxuyan balaca uşağın simasındakı  məsum cizgilərin şahidi olmayan kimsə,  məni çətin anlayar.

    Bu vaxt mən o balaca uşağa yaxınlaşıb onun əlindən tutdum və foto çəkmək üçün lövhənin qarşısında hazırladığım kiçik  pavilyona gətirdim.  Onun boyu qədər əyilib, “SƏNİ HEÇ ÇƏKMƏZMİYƏM GÖZƏLİM?!” dedim və onun da fotosunu çəkməyə başladım. 

    Bax, bu  şəkil həmin an çəkdiyim o şəkildir. Daha sonra digər uşaqların vinetka üçün çəkdirdikləri bütün formalarda onun da şəkilini çəkdim.
    Bir müddət sonra vinetkalar hazır olduqda, onları  məktəbə gətirdim. Dərs gününün sonu idi, uşaqlar artıq evlərinə getmək üçün sinifdən çıxmağa hazırlaşıdılar. Bütün uşaqların vinetkalarını müəlliməyə verdim.

    Təkcə o balaca qızın vinetkasını şəxsən özüm ona təqdim etmək istəyirdim. Yaxınlaşıb ona vinetkanı verəndə, uşaq gözlərinə inanmadı. Bircə onun simasını, gözlərindən süzülən xoşbəxylik şöləsini görə bilsəydiniz. Onun boyu qədər çöməlib qarşısında dayandım, vinetkanı onun kiçik əllərinə qoydum. Çox sevinirdi, balaca qolları ilə boynuma sarıldı. Bu, dünyanın ən gözəl, ən saf, ən səmimi qucaqlanması idi.

    Sonuncu dəfə o uşağı elə həmin gün məktəbin həyətində evə gedərkən gördüm, vinetkasını çiskin yağışdan qorumaq üçün sinəsinə sıxıb məktəbin həyətindən çıxış qapısına doğru, qapıda onu gözləyən anasının yanına elə qaçırdı ki.

    PAYLAŞ:

    Oxşar xəbərlər