Məktub - Əli Rzazadədən YENİ HEKAYƏ

Məktub - Əli Rzazadədən YENİ HEKAYƏ
  • Cəmiyyət / Maraqlı

  • MƏKTUB

    Əli Rzazadədən yeni hekayə


    İllər sonra yaşadığı şəhərə birinci qar yağıb. Uzun illərdi şəhərinin səması kimi ağacları, torpağı da çoxdandır onlara arxa çevirib getmiş, yalnız dağların zirvəsində dayanaraq yuxarıdan aşağı baxan bu təkəbbürlü vəfasız qara həsrət qalmışdılar. Təbiət də sanki insan kimidir. İllər keçsə də, ən təkəbbürlü, soyuq xasiyyətli qar olsa belə, bir gün onu bağışlayıb yenə də ona qoynunu açır. Dünən avtobusda evə gələrkən iki qadın arasında cərəyan edən söhbəti xatırlayır: “Deyəsən, qar yağacaq...” - avtobusun iri pəncərəsindən göyə baxan qadın dedi. “Sən Bakıda qarı axırıncı dəfə nə vaxt görmüsən ki?” - deyə yanındakı qadın da qarın yağmasına naümidcəsinə ona cavab verdi. İndi yəqin ki onlar da hərəsi öz evinin pəncərəsindən yağan qarı seyr edirlər.

    Həyət evində yaşamağı ona görə çox sevirdi ki, belə olanda adamın öz həyəti, həyətinə yağan öz qarı olur. Ona görə iki ay öncə binadakı evini satıb özlərinə geniş həyət evi almışdılar. Binada yaşayanda yoldaşının avtomobilini saxlamağa yeri də yox idi. İndi isə avtomobili həyətə salır.
    Qar hələ də yağır, yer pambıq, göy süd kimi ağappaqdır. Küçə darvazasını açmağa gedən yoldaşının atdığı addımların altında əzilən qarın xışıltısında elə bil yavaş-yavaş itirməkdə olan xoşbəxtliyinin səsini kökdən düşmüş pianodan çıxan son notlarında duyur. Ağ-qara uşaqlıq illərinin ünü də vardı qarda addımladığı xışıltının səsində. Amma indiki qarın rəngi də səsi kimi bir başqa görünür ona. Təəssüf ki, bir vaxt əldə etdiyi xoşbəxtliyi yavaş-yavaş itirdiyini hiss etməyə başlasa da, onu ələ keçirmək istəyən bədbəxtliyin qurbanı olmaq istəmədiyindən, düşüncələrinə hakim kəsilmiş mövzuları tez-tez dəyişir. 

    Həyətdən çıxan avtomobilin özündən sonra ağappaq yerdə qoyduğu iki qara zolaq, ilan kimi sürünə-sürünə çıxıb getdi. Ona elə gəlirdi ki, əldən verməyə doğru olduğu xoşbəxtliyin getməsində hər dəfə bu maşının özündən sonra qoyduğu izlərinin də əli var. Həmişəki kimi düşüb küçə darvazasını özü bağlayacaqdı. Hər səhər yoldaşı işə gedəndə darvazanı taybatay açıq qoyub gedir, o gedəndən sonra qadın həyətə düşüb onu bağlamağı adət etmişdi. Bəzən onun belə laqeyd hərəkətini də özünə qarşı diqqətsizlik hesab edir. Lakin bunu onsuz da yüklənmiş qəlbinə yükləməkdən qorxur. Amma bir söz demirdi, yəqin işə tələsdiyindən belə edir, - deyə düşünürdü. 

    Yeni ilə iki gün qalıb. İlk dəfə yeni köçdükləri bu evdə özü, yeddi yaşlı qızı, dörd yaşlı oğlu və yavaş-yavaş ondan soyumaqda olduğu sevgisi yeni ili birlikdə qeyd edəcəklər. Heç özü də bilmir niyə birdən-birə belə oldu, hardan başladı onların arasında soyuqluq, kim tökdü ocaqlarının üstünə buz kimi suyu. Niyə və hansı səbəbdən bir-biri ilə döyünən ürəklər ayrı döyünməyə başlayıb. Qar kimi soyuqluq hakim kəsilib ailənin üzərinə. Elə bilir həyatında nəsə baş verəcək. Ötən illərdən fərqli olaraq, bu il evdə “yolka” da qurmağa həvəsi qalmayıb. Hər il bu vaxt artıq bir həftə əvvəldən “yolka” qurar, uşaqlarla birlikdə rəngli şarlarla bəzəyərdilər otaqlarını, ata gələnə qədər uşaqların ona sürpriz etməsinə yardım edərdi. O vaxt hər ikisi düşünürdü ki, bu dünyada əbədi olan yalnız onların bir-birinə sevgisidir. İnsan ölməyə məhkum olduğu halda, sevgi isə ölməzdir. Bəzən “ölənə qədər sevmək” kimi kökündən yanlış ifadələr eşidilir. Əsl sevgi insanlara bu həyatda yaşadığı dövrdə istifadə üçün verilir, onlar öldükdən sonra isə sevgi ölmür, digər insanların həyatında təcəlli edir, yenidən yaşamağa davam edir. Yəni, əslində, sevgi müxtəlif həyatlarda, müxtəlif insanların qəlbində onlar bu dünyada yaşadığı müddətdə xoşbəxtliyi hiss etsinlər deyə verilir və o, Tanrı qədər əbədidir. Amma o, bir dəfə gələn qonaq kimidir. Yaxşı qarşılanarsa, qalar, laqeyd münasibətlə qarşılanarsa, gedər, bir də geri dönməz. 

    İndi ailəyə hakim kəsilən soyuqluq haqqında düşünür. Düşünür ki, bəlkə də onun soyuqluq kimi təsəvvür etdiyi və gecələr yuxusuna haram qatdığı bu nəticə, əslində, heç mövcud deyil, hiss etdikləri və onun həyatının kabusuna çevrilən isə onun yanlış təsəvvürlərindən başqa bir şey deyil. Axı, insanın ən böyük düşməni onun təsəvvürləridir. İnsan öz təsəvvürü ilə özünü həm xoşbəxt, həm də bədbəxt edə bilər. Bəlkə də bu, təbii, hamının yaşadığı bir həyat tərzidir. Bəzən də ona elə gəlir ki, bu soyuqluq məhz bu evə köçəndən sonra evinin hər bir otağında, künc-bucağında ayaq açıb yeriməyə başladı. Bəzən də düşünür ki, bəlkə də illərdir öyrəşdiyi həyata bu evə köçəndən sonra bir də çevrilib diqqətlə baxdı, dünəni bu günlə, bu günü sabahla müqayisə etməyə, yaxşını pisdən ayırmaq üçün əlini həyatının dərinliyinə qədər apardı və əlinə soyuqluq dəydi. 
    Və bəzən də ona elə gəlir ki, o, öz gözəlliyini, qadın təravətini itirib, artıq yoldaşının münasibətində bu üzdən dəyişiklik sezilməkdədir. Bunu düşünəndə güzgünün qarşısına keçir, qamətinə, simasına, gözlərinə, uzun saçlarına baxır. Ciddi şəkildə hansısa bir dəyişiklik görmür. Amma düşünür ki, gözləri onu aldada bilər. İnsanlar dəyişdiyini özləri nadir hallarda hiss edir, bunu kənardakıların dilindən eşidirlər. Ola bilsin, gözəlliyi itdikcə yoldaşının ona olan diqqəti də azalmağa başlayacaq. İçindəki səs onu dəli edir. Lakin buna inanmaq belə istəmir. 

    Yoldaşının maşınla çıxıb gedərkən açıq qoyduğu darvazanı düşüb özü bağladı, divara vurulmuş poçt qutusundan yoldaşının abunə olduğu, amma ona maraqsız olan futbol qəzetini götürüb yenidən isti mətbəxinə qayıtdı. Bu vaxt qarşıdakı ikimərtəbəli evin qapısının səsi gəldi. Evdən iki nəfər çıxaraq, həyətə düşdülər. Onlara nabələd deyildi. Üzbəüz evdə yaşayan cütlüyü bura köçən gündən tanıyır. Mətbəxin pəncərəsindən onların ağappaq qarla dolmuş, hələ üzərinə iz düşməmiş həyəti aydın görünürdü. Olduqca xoşbəxt cütlük olduqları görünür. Əslində, bura köçən gündən, düz iki aydır ki, o qədər də gənc olmayan bu xoşbəxt cütlüyün adlarını bilməsə də, onları kənardan müşahidə edir, həyatlarını seyr edir. Bura yeni köçəndən bu pozitiv cütlüyün xoşbəxt həyat tərzi diqqətini cəlb edib. Son illər özünü itirdiyi ailə səadətini bu cütlüyün həyat tərzində tapmışdı sanki. Bəzən insan bir hissi yaşamasa da, nə qədər acı olsa da, onu kənardan izləməklə də doya bilir. 

    Həyətə düşər-düşməz, kişi qar yumurlayıb sevgilisinin üstünə atdı və xoşbəxt uşaq kimi gülüşməyə başladılar. Və beləcə, qartopu oyunu başladı. Deyəsən, övladları hələ yoxdur. Çox güman, müasir insanlar kimi, hələ ki öz həyatlarını yaşamaq istəyirlər. Nə zamansa bir övlad dünyaya gətirəcəkləri haqda plan qururlar. Amma hələ ki yeni ailə qurmuş cütlük kimi ancaq özlərinə vaxt ayırmaq, əylənmək, öz həyatlarını doyunca yaşamaq istəyirlər.

    Müqabil evin mətbəx pəncərəsindən belə bir xoşbəxtliyi izləmək, az da olsa, xoşbəxt duyğular yaşadır özünü xoşbəxt hiss etməyən bir qadına. Necə də xoşbəxtdir bu cütlük. Axırıncı dəfə nə vaxt yoldaşı ilə belə qartopu oynadığını xatırlamaq istəyir, amma xatırlamır. Məsələn, elə bu gün səhər yoldaşı getməzdən öncə bir-iki dəqiqə bunu edə bilərdilər, amma etmədi. Qarın yağmadığı adi günlər kimi, avtomobilini işə saldı və çıxıb getdi. Əlindəki fincanın içindən qalxan qəhvənin buxarı pəncərəyə hopur. Buxar xoşbəxt cütlüyü seyr etməkdə ona maneçilik törədir. Köynəyinin qolu ilə pəncərənin şüşəsinə hopmuş buxarda bir zolaq açır ki, xoşbəxt cütlüyün qartopu oynamasını izləyə bilsin. 
    Saat on birdir və o, mətbəxdə artıq tək deyil. Səhər yeməyini yenicə yeyən qızı ilə mətbəxin pəncərəsindən ağappaq qarı seyr edirlər. İkinci növbə məktəbə gedəcək qızı uşaqları məktəbə aparan avtobusun siqnal səsini gözləyir. Müqabil evdə yaşayan xoşbəxt cütlük artıq həyətdə görünmürlər. Amma həyətlərində özlərindən sonra böyük bir qar adamı izi qoyublar. 

    - Ana, ora bax, qar adamı, - deyə qızı təəccüb və sevinclə pəncərədən qarşı evin həyətini göstərir soyuducunun içindən nəysə götürüb qapısını bağlayan anasına. Əlindəkini stolun üstünə qoyub, pəncərəyə yaxınlaşır. 
    - Hanı? Aha... gördüm qızım, - deyə ana cavab verir.
    - Onu kim düzəltdi? - deyə qızı soruşur.
    - Nə bilim... Yəqin qonşu evdə yaşayanlar düzəldib, - deyə cavab verir. Sanki qonşu ailədə yaşayan xoşbəxt cütlüyü neçə vaxtdır heç izləmir, səhərdən o həyətdə qartopu oynayanları heç görməmiş kimi davranır. Öz hisslərini qızı ilə bölüşmək istəmir.
    Məktəb maşınının siqnal səsi gəlir. Qızının əlindən tutub küçəyə çıxır. Ağappaq dünyada sarı rəngli məktəb avtobusu həmişəkindən fərqli görünür. Hər yer qar olduğundan, dünya boyda qar adamının simasında kökdən düzəldilmiş burnunu xatırladır bu sapsarı avtobus. Məhəllənin uşaqları küçənin soyuğundan qurtulmaq üçün avtobusa minməyə tələsirlər. Uşaqlar avtobusa doluşur, qızı da minir və o, avtobus qar örtmüş asfaltla yavaş-yavaş gözdən itənə kimi gözləyir. Uşaqlarını məktəbə yola salan bütün valideynlər artıq evlərinə qayıdıb, o isə hələ də avtobusun hərəkət etdiyi istiqamətə doğru baxaraq üstünə qar dənəcikləri qonmuş heykəl kimi dayanıb. Bir az daha artıq küçədə qalmaq, üşümək, pambıq kimi göydən enən qar dənələrinin altında itmək istəyir. 

    Arxadan gələn addımların altında əzilən qarın xışıltı səsinə çevrilir arxaya. Müqabil evdə yaşayan həmin xoşbəxt cütlük qol-qola girib, xoşbəxtlik ona tamarzı insanın yanından ötüb keçdiyi kimi, yanından keçib gedirlər. 
    Axşamdır, mətbəxin ortasında qoyulmuş dairəvi masanın arxasında ailəlikcə əyləşib şam edirlər. Yoldaşı bu gün evə həmişəkindən bir saat tez gəldiyindən, şam yeməyini də birlikdə bir saat tez yeyirlər. Yoldaşı işdə baş verən gülməli hadisəni ən xırda detalıyla uşaqlarına nağıl edir. Uşaqların gülüş səsi götürüb mətbəxi. Onun isə nə yeməyə, nə də dinləməyə həvəsi var. Amma biruzə verməməsi üçün arabir dodaqlarını qaçırmağa məcburdur. Hərdən başını qaldırıb pəncərədən baxır, müqabil evin pəncərəsindən işıq düşür həyətə. Hərəkət edən kölgələrə göz atır. Baxışlarını pəncərədən çəkib aşağı dikir, qarşısındakı isti şorbanı qaşıqla ehmalca qarışdıraraq guya soyumasını gözləyir. “Görəsən, hara getmişdilər birlikdə? – öz-özünə düşünür. “Yəqin bu günün qar kefini çıxarmaq, sabahın bayram hazırlığını görmək, bəlkə də bayramı yaddaqalan etmək üçün birlikdə şəhərə çıxdılar”. Xəfifcə udqunduqdan sonra şorbadan bir qaşıq içir. 

    Pəncərədən düşən işıq söndü, qarın ağlığı olmasaydı, qarşı evin həyəti zülmətə qərq olardı. “Yəqin bu gün də tez yatdılar” - deyə düşünür. Sabah da bayramdır, təbii ki, belə xoşbəxt cütlüklərin yeni il mərasimi də təmtəraqlı olar. Kənardan səs gəlir, adını eşidir, yoldaşıdır. Boşqabına bir az da şorba əlavə etməsini istəyir və niyə belə fikirli olduğunu soruşur. “Heç, gözüm yol çəkdi birdən-birə” - deyib mövzunu uşaqların dərslərindən söz açaraq dəyişir. 

    Növbəti ilin ikinci həftəsidir. Qar artıq çoxdan əriyib. Sanki ancaq yeni ilə görə yağmış, bir neçə günlük sevinc gətirmişdi xoşbəxt ailələrə. Qonşunun çəpərinin o tayında qalmış qar adamı da ruhu bədəndən çıxmış kimi yox olmuşdu. Həyətdən eşidilən yük maşınının səsi diqqətini cəlb edir. Mətbəxin pəncərəsindən müqabil evin həyətində dayanmış avtomobilə ev əşyaları yükləndiyi görünür. Yük xidmətinin uniformasını geyinmiş iki nəfər evdən əşyaları daşıyaraq maşına yığırlar. Xoşbəxt cütlük isə gözə dəymir. O gecə evin işığı yanmadığından, evdə kiminsə olmadığı məlum idi. Bir neçə gün hər mətbəxə keçəndə pəncərədən boylanır, qonşu evi, sahibsiz bir ev kimi, zülmət içərisində görünürdü. 

    Həyətdən çıxarkən bu dəfə nədənsə darvazanı yoldaşı özü bağlayaraq getmişdi. O, həyətə düşdü, küçə darvazasının kənarında divara vurulmuş rəngli post qutusundan qəzeti götürmək üçün qutunu açdı. Qutuda iki qəzetlə bərabər, kiçik bir zərf də vardı. Məktub? – sanki kimləsə danışırmış kimi, sual verdi. Bu evə köçəndən cəmi bir dəfə poçt qutusuna məktub gəlmişdi. Yoldaşının yol hərəkəti qaydasına görə cərimə xəbərdarlıq məktubu idi. O vaxt məktubu axşam yoldaşına verəndə hətta zarafatla müzakirə də etmişdilər ki, indiki dövrdə poçt qutusuna daxil olan ancaq və ancaq avtomobil cəriməsi haqda məktub ola bilər. Çünki insanlar çoxdan bir-birinə kağız üzərində məktub yazıb göndərməyi unutmuşlar. 
    Qəzet və bir də ağ zərfdən ibarət olan məktubu qonaq otağındakı masanın üzərinə qoydu, amma zərfin üzərinin yazısız və əllə düzəldilmiş olması, göndərənin və məktubu alanın ünvanının yazılmaması marağına səbəb olduğundan, açmaq qərarına gəldi. 
    Gözəl xətlə yazmağı bacaran xətt sahibi yazırdı:

    “Salam. Yəqin ki, indi hanısa növbəti günün səhəridir və siz post qutusunu açıb yoldaşınızın abunə olduğu futbol qəzetini götürərkən mənim qutuya atdığım bu məktubu da götürmüş və açaraq oxuyursunuz. Özümü təqdim etməyəcəyəm. Çünki mən sizin adınızı bilmədiyim kimi, sizin də
    mənim adımı bilməməyiniz daha ədalətlidir. Amma bir-birimizin adını bilməsək də, mən sizi çox gözəl tanıyıram. Mən sizi tanıdığım qədər siz məni tanımasanız da, diqqətinizi çəkməsəm də, bəlkə də məni bir-iki dəfə ötəri görməmiş olmazsınız. Axı, necə də olmasa, üzbəüz evlərdə yaşamışıq. Bəli, mən sizinlə üzbəüz yaşayan qadınam. Həm də bədbəxt bir qadın. Ona görə özümü bədbəxt adlandırdım ki, illərdir əlimin içində saxlamağa çalışdığım ailəmi qoruyub saxlaya bilmədim. Həm də ona görə bədbəxtəm ki, bu, mənim iradəmdən asılı olmayan səbəblərdən oldu. Bir qadının xoşbəxtliyi onu sevən ailəyə və övladlara malik olmasıdır. Lakin təəssüflər olsun ki, indiki cəmiyyətdə qadın övlad ərsəyə gətirə bilmirsə, ona qarşı olan sevgi hissinə də xələl gəlir. Doğrudur, istisnalar var, amma nə yazıq ki, mən və mənim ailəm bu istisnaya aid ola bilmədi. 

    Bu məktubu sizə yazmaqda məqsədim öz dərdimi sizə yükləmək deyil. Amma bunu bilmək sizin haqqınızdır. Bizim qonaq otağından sizin mətbəxinizin və uşaqlarınızın yatdığı otağın içərisi görünürdü. Sizin o evə köçməyiniz bizə elə xoş təsir edirdi ki, hər gün axşamı gözləyir, qonaq otağımızın işığını söndürüb sizin ailəni, xüsusən də film kimi, izləməkdən zövq alırdıq. Övladlarınız daha çox maraqlı obraz idi bizim üçün. Yoldaşım daha çox oğlunuzu müşahidə edirdi. Onların adını bilməsək də, özümüz həm qızınıza, həm də oğlunuza ad qoymuşduq. Mən elm adamı olduğumdan, çox vaxt kompüterin qarşısında əyləşib yazı-pozu işləri ilə məşğul olanda, bəzən yoldaşım “Tez gəl, gör dovşan neynəyir” - deyə məni uşaqlara baxmağa çağırırdı. Və mən tez qaranlıq qonaq otağımıza keçib oğlunuzun iştahla yemək yeməyinə, atasını dinləyib onun söhbətlərinə gülməyinə tamaşa edirdim. Yoldaşım oğlunuzu çox istəyirdi, amma mənim sizin qızınıza olan hissim tam başqa idi. Allah saxlasın, onun qəribə baxışları var. Qırmızı donu və hörükləri, könülsığallayan gülüşü ona çox yaraşır. 

    Artıq iki aydan çoxdur ki, mətbəxinizin pəncərəsi bizim televizorumuza çevrilmşdi. Bəli, mən bilirəm... Bilirəm ki, başqasının evini pusmaq mədəniyyətsizlikdir, amma bəzən insan özündə olmayanı başqasında görəndə, ona baxmaqla da xoşbəxt ola bilir. Yoldaşınızın isə sizə olan sevgisi o qədər maraqlıdır ki, eləcə də ixtisasım məni əmin edir ki, elə bir insanla izdivacınız sizə ancaq xoşbəxtlik hissi yaşada bilər. ...Bir gün səhər idi, ayaqqabısını təmizlədiyini gördüm, daha sonra sizin qəhvəyi rəngli uzunboğaz çəkmənizi də qaldırıb əlindəki parça ilə təmizləməyə başladı. Anlayıram, bu, sizin üçün adi görünə bilər, amma mənim üçün bu, bir qadının xoşbəxtliyi, kiçik nəsnələrdə belə, ona verilən dəyərlərdən biridir. Biz bilmirik həyat süfrəsinin menyusunda daha nələr var, ona görə də gördüyümüzlə tez doymağa çalışmamalıyıq.

    Hə, bir də bir gün siz yeni köçəndə evinizin qarşısında təcili yardım maşınının dayandığını gördük. Yadımdadır, həmin axşam çox narahat olduq, düşündük uşaqlarınız xəstələnib, amma daha sonra uşaqları həyətinizdə görəndə əmin olduq ki, təcili yardım sizin üçün gəlib. O, çıxıb gedəndən sonra yoldaşınızın evdən çıxıb, qapının arxasında dayanaraq siqaret çəkdiyini və gizlətməyə çalışdığı aramla damcılayan göz yaşlarını ara-sıra ovcunun içi ilə sildiyini görürdüm. Gözlərindəki kədər sönüklüyünü xatırlayıram. O, ağlayırdı. Sonra o, əllərini göyə açıb nə isə pıçıldadı. O, dua edirdi. Yoldaşıma “Qonşu, yoldaşının xəstələndiyinə görə gizli-gizli ağlayır” - dedim. 

    Hələ sizin yoldaşınız işə gedəndən sonra düşüb onun ardınca baxmağınız, darvazanı özünüz bağlamağınız, sizin ona olan sevginizi necə də açıq-aşkar göstərir. Bir gün yoldaşım “Qonşu xanım hər gün yoldaşının arxasınca düşüb darvazanı özü bağlayır. Maraqlıdır, deyilmi, əzizim? Yoldaşı işə gecikməsin deyə, itirdiyi bir neçə dəqiqəsini ona hədiyyə edir sanki” - demişdi. Ondan sonra hər səhər mən də oyanıb diqqətimdən qaçan bu fədakarlığınızın şahidi olurdum. 

    Qısası, xoşbəxt qonşunun xoşbəxt həyatı yavaş -yavaş mənim ailəmdə müzakirə olunmağa başladı. Yoldaşımın belə övladsız, soyuq ailənin davam etdirməyə gücü çatmadığını hiss etməyə başladım. Bilirdim ki, xoşbəxtlik görüntüsü ilə örtülüb, basdırılanlar zamanla peyda olur. Və biz ayrılmaq qərarına gəldik və mən başa düşdüm ki, bu, qismətin işarəsidir. Beləcə, bir vaxt xoşbəxt sandığım ailəmi “həqiqətin” qaranlığında itirdim. Elə bilməyin məni o tərk etdi, yox. Mənim təklifim və hər ikimizin razılığı ilə biz bu evliliyə son qoyduq. Mən də, o da ziyalı insanlarıq, dava- dalaşla, mənasız söhbətlərlə düşmən kimi ayrılmaq heç birimizə yaraşan deyildi. Düşünürdüm ki, övlad verə bilmədiyim bir insanı nə vaxtsa əldə edə biləcək bu imtiyazdan məhrum etmək haqqına malik deyiləm. Sadəcə, bu qədər.

    Sizi əmin edirəm, bu məktubu yazmaqda məqsədim sizdə günah görmək, nədəsə ittiham etmək deyildir. Tanrı şahiddir, başlıca məqsədim diqqətinizə bunu çatdırmaqdır ki, ailəniz sizin həyatda bəlkə də ən böyük uğurunuzdur. Ailənizi və onun xoşbəxtliyini qoruyun. Hə... lap unutmuşdum... bu arada siz həm də çox gözəl qadınsınız.”


    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər