Hər il 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da milli ordunun yaradılması ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirilmişdir.
Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər ərzində ordumuzun maddi-texniki bazası gücləndirilmiş, şəxsi heyətin peşəkarlığı artırılmış və müasir hərbi texnika ilə təchiz olunmuşdur.
2020-ci ildə baş vermiş Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Şəhidlərimizin fədakarlığı, qazilərimizin şücaəti və xalqımızın birliyi tariximizin ən şanlı səhifələrindən birini yaratdı.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Hər bir vətəndaş ordumuzun uğurları ilə fəxr edir və onun daha da qüdrətlənməsini arzulayır.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı təbrik edir, Vətənimizin müdafiəsində xidmət edən hər kəsə uğurlar arzulayırıq.
Aybəniz Novruzova,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi