Azərbaycanla Türkmənistan arasında münasibətlər son illər strateji xarakter almağa başlayıb. Xüsusilə 2020-ci ildən sonra ikitərəfli əlaqələrin inkişafı müsbət istiqamətdə sürətlənib.
Tərəflər strateji əhəmiyyət daşıyan əməkdaşlığı daha da inkişaf etdirməkdə qərarlıdırlar. Dünən, 22 iyun 2026-cı ildə Bakıda Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Azərbaycan Prezidenti bildirib ki, Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.
Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.
Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.
Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.
Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.
Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.
Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı.
Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.
Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.
Azərbaycan və Türkmənistan Xəzər hövzəsində yerləşən, böyük enerji potensialına malik ölkələrdir. Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına sahib dövlətlərindən biridir. Azərbaycan isə Şərq-Qərb nəqliyyat dəhlizində Türkmənistan üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri mövcuddur. Xüsusilə enerji, nəqliyyat-logistika, ticarət, gəmiçilik və tranzit sahələrində əməkdaşlıq potensialı böyükdür. Türkmənistanın özü də Şərq-Qərb nəqliyyat dəhlizinin üzərində yerləşir və Azərbaycan bu marşrutun əsas elementlərindən biridir.
Türkmənistan üçün Azərbaycanın inkişaf etmiş nəqliyyat infrastrukturundan tranzit məqsədləri ilə istifadə etmək maraqlıdır. Həmçinin Azərbaycanın neft və qaz ixracı infrastrukturu yüksək səviyyədə inkişaf edib ki, bu da Mərkəzi Asiya ölkələri üçün əlavə imkanlar yaradır. Azərbaycan üçün isə bu əməkdaşlıq tranzit gəlirlərinin artması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, ixrac və nəqliyyat infrastrukturuna yatırılmış böyük investisiyaların rentabelliyi və gəlirliliyi daha da yüksələ bilər. Bu proses həm də iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək.
Xəzər dənizində birgə layihələrin həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur. Türkmənistan qazının gələcəkdə Azərbaycanın Cənub Qaz Dəhlizi infrastrukturu vasitəsilə beynəlxalq bazarlara çıxarılması perspektivləri kifayət qədər genişdir. Trans-Xəzər layihələrinin həyata keçirilməsi Mərkəzi Asiya ölkələri üçün alternativ ixrac marşrutu yarada bilər və Azərbaycanın bu istiqamətdə rolunu daha da gücləndirər.
Ticarət dövriyyəsinin artırılması üçün də böyük potensial mövcuddur. İndiyədək Azərbaycanla Türkmənistan arasında ticarət və investisiya əlaqələri mövcud imkanlara uyğun səviyyədə inkişaf etməyib. Buna görə də, bu sahədə geniş inkişaf perspektivləri var. Qarşılıqlı investisiyaların təşviqi və gömrük prosedurlarının sadələşdirilməsi hər iki istiqamətdə investisiya axınının artmasına səbəb ola bilər.
Eyni zamanda, gömrük, tranzit və logistika prosedurlarının asanlaşdırılması, eləcə də aidiyyəti qurumlar arasında əlaqələrin gücləndirilməsi tranzit imkanlarını genişləndirə bilər. Beləliklə, ölkələr təkcə öz aralarında deyil, həm də ərazilərindən keçən marşrutlar vasitəsilə digər dövlətlərlə ticarət əlaqələrini daha səmərəli şəkildə inkişaf etdirə bilərlər.
Səbinə Səlimova,
YAP Masallı Rayon Təşkilatının əməkdaşı.