Gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtının səmərəli təşkilinə yönəlmiş mühüm bir tədbir baş tutub. Masallı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə geniş vüsət alan “Sağlam məhəllə” layihəsi çərçivəsində inşa olunan yeni idman meydançasının rəsmi açılış mərasimi keçirilmişdir.
Tədbirdə Masallı RİH başçısı Araz Əhmədov, Gənclər və İdman naziri Fərid Qayıbov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babayev iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi ilə ərsəyə gələn bu müasir idman məkanında görülmüş işlərə rəsmilər tərəfindən yerində baxış keçirilmişdir. Meydançanın texniki imkanları, quraşdırılmış idman qurğuları və sakinlərin rahatlığı üçün yaradılan şərait yüksək qiymətləndirilmişdir.
Nazir Fərid Qayıbov və rayon rəhbəri Araz Əhmədov ərazidə toplaşan gənclərlə və yeniyetmə idmançılarla yaxından həmsöhbət olmuşlar. Səmimi dialoq formatında keçən bu görüşdə gənclərin idmana olan marağı diqqət mərkəzində saxlanılmış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmış və dövlətin gənclər siyasətinin regionlarda hər zaman prioritet olduğu bir daha vurğulanmışdır.
