AMEA-da ortaq tarixi irsin araşdırılması fəaliyyəti genişlənir

AMEA-da ortaq tarixi irsin araşdırılması fəaliyyəti genişlənir
  • Cəmiyyət

  • AMEA-nın prezidenti akademik İsa Həbibbəyli İraq Parlamentinin deputatı Ərşad Saleh və Pakistanın MUSLİM İnstitutunun direktor müavini Asif Tanver Avanla görüşüb.

    AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə AMEA-nın vitse-prezidenti v.i.e, akademik Gövhər Baxşəliyeva, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayeva, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov, Şərqşünaslıq İnstitutunun Rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini dosent Elnur Mustafayev və digər nümayəndələr iştirak ediblər.

    Görüşdə akademik İsa Həbibbəyli tarixi-mədəni köklərə əsaslanan əlaqələrin əhəmiyyətindən bəhs edib. Kərkükün coğrafi baxımdan Türkiyədən çox, məhz mənəvi və etnik-mədəni tellərlə Azərbaycana bağlılığını xüsusi qeyd edərək, bu bağlılığın əsrlər boyu qorunub saxlanıldığını diqqətə çatdırıb. 

    Akademik Kərkük xalqının Azərbaycan üçün doğma və qardaş xalq olduğunu vurğulayaraq bildirib ki, hazırda AMEA-da Kərkükün tarixi, zəngin ədəbiyyatı və folkloru ilə bağlı araşdırmalar uğurla davam etdirilir. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Folklor İnstitutunda və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda bu istiqamətdə dərin tədqiqat işləri aparılır, dəyərli elmi əsərlər dərc olunur və birgə beynəlxalq konfranslar təşkil edilir.

    Dahi şair Məhəmməd Füzuli irsinin bəşəri əhəmiyyətinə diqqət çəkən AMEA rəhbəri, ustad sənətkarın irsinin tədqiqi istiqamətində Azərbaycan və Kərkük alimləri arasında səmərəli əlaqələrin qurulduğunu bildirib. O, Füzulinin həm Kərkükdə, həm də Pakistanda böyük rəğbətlə tanındığını və sevildiyini, həmçinin türkman alimlərinin İmadəddin Nəsimi irsi ilə bağlı tədqiqatlar apardığını deyib. 

    Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan bu gün dünya füzulişünaslığının və nəsimişünaslığının əsas elmi mərkəzi statusunu daşıyır. Eyni zamanda bildirilib ki, türkman və Azərbaycan tədqiqatçıları Füzuli poeziyası ilə klassik türkman ədəbiyyatının nümayəndələri, xüsusilə Məhtimqulu Fəraqi yaradıcılığı arasında paralellər aparır, həmçinin tanınmış kərkük ədəbiyyatşünası Əta Tərzibaşının irsini dərindən öyrənirlər. 

    AMEA prezidenti, həmçinin tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi ilə keçirdiyi görüşləri xatırladıb.

    Akademik İsa Həbibbəyli Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq əlaqələrindən də bəhs edib. 2024-cü ildə AMEA-da Məhəmməd Füzuli və Sultan Baho yaradıcılığına həsr olunmuş “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan ədəbiyyatındakı ədəbi əlaqələr” mövzusunda elmi konfransın keçirildiyini və bu tədbirin iki ölkənin ədəbi mühitini bir-birinə daha da yaxınlaşdırdığını diqqətə çatdırıb.

    Səmimi qəbula görə minnətdarlığını bildirən İraq Parlamentinin deputatı Ərşad Saleh Azərbaycan və türkman eli arasında əlaqələrin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu deyib. O, ortaq tarixi dəyərlərimizi və adət-ənənələrimizi xalqlarımızı bizi bir-birinə bağlayan qırılmaz mənəvi körpü olaraq xarakterizə edib.

    Kərküklü deputat İraqda ən çətin və mürəkkəb tarixi dönəmlərdə belə türkman dilini, mədəniyyətini və kimliyini böyük fədakarlıqla qoruyub saxladıqlarını bildirib. Deputat vurğulayıb ki, türkman və Azərbaycan alimləri ortaq mədəni-tarixi dəyərlərə dair müştərək araşdırmaları daha da genişləndirməlidir.

    Ərşad Saleh bu məqsədlə Məhəmməd Füzuli yaradıcılığına dair növbəti ortaq elmi konfransın keçirilməsi təşəbbüsünü irəli sürüb. O, həmçinin Azərbaycanla tələbə mübadiləsi sahəsində uğurlu fəaliyyətin mövcudluğunu önə çəkərək, gələcəkdə AMEA ilə doktorantura səviyyəsində gənc kadrların mübadiləsinin təşkilində və bu istiqamətdə birgə addımların atılmasında maraqlı olduqlarını bildirib.

    Görüşdə professor İmamverdi Həmidov ərəbdilli mənbələrdə Azərbaycan mədəniyyətinə və elminə aid zəngin məlumatları araşdırdığını qeyd edib. 

    Sonra dosent Elnur Mustafayev Şərqşünaslıq İnstitutunda İraq-türkman irsinin öyrənilməsi istiqamətində görülən işlərdən danışıb. 

    Pakistanın MUSLIM İnstitutunun direktor müavini Asif Tanver Avan isə öz çıxışında ölkələrimizin müxtəlif strateji sahələrdə, xüsusən də elm və təhsil istiqamətində uğurlu əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, AMEA ilə qurulan sıx əlaqələrin sayəsində nümayəndə kimi Azərbaycanda daha çox tanındıqlarını qeyd edib. Qonaq Azərbaycana olan sevgisini şeirlərlə ifadə edib.
    Asif Tanver Avan yaxın vaxtlarda Pakistanda Sultan Baho irsinə dair çap olunacaq yeni kitabın həm Bakıda, həm də Pakistanda təntənəli təqdimat mərasiminin keçiriləcəyini bildirib və akademik İsa Həbibbəylini həmin təqdimatlara dəvət edib.

    Sonda xatirə fotosu çəkilib, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qonaqlara Qarabağa aid nəfis tərtibatlı kitablar hədiyyə edib.

    Müəllif: Leqal.az




    PAYLAŞ:

    Oxşar xəbərlər