İlk öncə dövlət qulluqçuları Masallı şəhər Heydər Əliyev Mərkəzinin önündə ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Tədbiri Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onların fəaliyyətində uğurlar arzulamışdır. O, çıxışı zamanı vurğulamışdır ki, Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət qulluğunda çalışmaq böyük bir məsuliyyətdir, millətə xidmət etmək fəxrdir. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir dövlət idarəçiliyi sisteminin əsası qoyulmuş, 2000-ci ildə qəbul edilmiş “Dövlət qulluğu haqqında” Qanunla bu sahədə vahid dövlət siyasəti formalaşdırılmışdır.
Bu gün həmin mükəmməl siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin 2006-cı il imzaladığı Sərəncamla iyunun 23-nün Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi təsis edilməsi, dövlətimizin bu sahədə çalışan insanlara verdiyi yüksək dəyərin və diqqətin bariz nümunəsidir.
Möhtərəm Prezidentimizin çox şaxəli və dərin mənalı bir fikrini hər birimiz fəaliyyətimizin əsas meyarı hesab etməliyik:"Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Dövlət qulluqçusu xalqın xidmətçisidir."
Bizim fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, hüquqlarının qorunması və məmnunluğu dayanır. İcra hakimiyyəti orqanları olaraq hər birimizin üzərinə düşən əsas vəzifə vətəndaşlarımızın dövlətə olan inamını və güvənini öz əməli işimizlə, humanist və qanunpərəst davranışımızla qoruyub saxlamaq və daha da artırmaqdır. Dövlət qulluqçusunun etik davranışı, peşəkarlığı və operativliyi bütövlükdə dövlətimizin nüfuzunun göstəricisidir.
Mən tam əminəm ki, rayonumuzda fəaliyyət göstərən bütün dövlət qulluqçuları öz andına sadiq qalaraq, bundan sonra da dövlət maraqlarını uca tutacaq, qanunun aliliyini təmin edəcək və vətəndaşlarımıza ləyaqətlə xidmət edəcəklər.
Fədakar əməyinizə, dövlətimizə və dövlətçiliyimizə göstərdiyiniz sədaqətə görə hər birinizə təşəkkürümü bildirirəm.
Tədbir çərçivəsində dövlət qulluğunda fərqlənmiş bir qrup dövlət qulluqçusuna Masallı rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman təqdim edilmişdir.
Eyni zamanda, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Camal Hüseynov çıxış edərək dövlət qulluqçularını təbrik etmiş, bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim etmişdir.

