Masallı rayonunun Şərəfə kəndində kənddaxili yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən asfaltlaşdırma işləri uğurla başa çatdırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov kənddə aparılan işlərlə yerində tanış olub, görülən işlərin nəticələri və həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat alıb.
Sözügedən asfaltlaşdırma işləri yerli bələdiyyənin və sakinlərin birgə maddi vəsaiti hesabına həyata keçirilib. Layihə çərçivəsində kənddaxili yolun 1.2 kilometr uzunluğunda hissəsinə yeni asfalt örtüyü döşənib. Layihənin icrasına ümumilikdə 80 min manat vəsait sərf olunub ki, bunun da 15 min manatı Şərəfə kənd bələdiyyəsi tərəfindən, qalan hissəsi isə kənd sakinlərinin daxili imkanları hesabına qarşılanıb.
Həyata keçirilən tədbirlər nəticəsində kənd sakinlərinin rahat gediş-gəlişi üçün daha əlverişli şərait yaradılıb, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və ətraf mühitin abadlaşdırılmasına töhfə verilib.
Rayon rəhbəri görülən işlərin kənd əhalisinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayaraq, yaşayış məntəqələrində abadlıq-quruculuq və infrastruktur layihələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sakinlər göstərilən diqqət və qayğıya, eləcə də həyata keçirilən layihələrə görə minnətdarlıqlarını ifadə ediblər.
