Milli Pediatriya Sammiti konseptual çağırışlarla yadda qaldı.
Ötən gün ölkədə pediatriya sahəsinin inkişafı, uşaq sağlamlığının qorunması, müasir diaqnostika və müalicə metodlarının tətbiqi sahəsində əldə olunan yeniliklərin müzakirəsinə həsr olunan Milli Pediatriya Sammiti keçirilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti, Azərbaycan Pediatriya Assosiasiyası, AZPEC və ANDOP-un dəstəyi ilə keçirilən iki günlük sammitdə 1000-ə yaxın həkim və səhiyyə mütəxəssisi iştirak edib.
Sammitin rəsmi açılışında Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Dr. Təranə Tağı-zadə çıxış edərək uşaq tibbinin müasir çağırışlarına və qarşıda duran strateji hədəflərə diqqət çəkib. Uşaq sağlamlığının qorunmasının dövlətin gələcəyinə, onun intellektual və fiziki potensialına qoyulan ən dəyərli sərmayə olduğunu vurğulayıb.
Təranə Tağı-zadə ölkəmizdə bu sahəyə göstərilən qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycanda ana və uşaq sağlamlığının möhkəmləndirilməsi, pediatrik xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin müasir diaqnostika və müalicə imkanlarının genişləndirilməsi istiqamətində dövlət səviyyəsində son dərəcə mühüm və köklü addımlar atılıb.
Sonra çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının praktiki nəticələrinə toxunub.
Yeganə Abbasova diqqətə çatdırıb ki, ilk qanun 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanıb, 2020-ci ildə isə Prezident İlham Əliyevin imzaladığı yeni qanun bu sahənin inkişafı üçün müasir hüquqi mexanizmlər yaradıb. Mərkəz sədri bildirib ki, 2019-cu ildən Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən müvafiq hüquqi sənədlərin hazırlanmasına başlanılıb, 2022-ci ildən isə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxışında pediatriya elminin inkişafında genetikanın roluna diqqət çəkib. O bildirib ki, sammit çərçivəsində genetik tədqiqatlar, irsi xəstəliklərin diaqnostikası və müasir elmi yanaşmalarla bağlı mövzular geniş şəkildə müzakirə olunacaq.
Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının müdiri, professor Rəqsanə Məmmədova və Əməkdar həkim, t.e.d., dosent Zemfira Quliyevanın moderatorluğu ilə "Pediatriyanın aktual problemləri"nə həsr olunmuş 1-ci sessiyada t.ü.f.d. Yeganə Abbasova "Beyin ölümü: beynəlxalq diaqnostik standartlar, etik-hüquqi çağırışlar və transplantologiyada əhəmiyyəti" adlı təqdimatında beyin ölümünün yaranma mexanizmləri, diaqnostika prinsipləri, beynəlxalq standartlar və bu sahədə mövcud etik-hüquqi yanaşmalar barədə ümumi məlumat verib.
Məruzədə həmçinin beyin ölümü diaqnozunun təsdiqlənməsi üçün tələb olunan tibbi meyarlar, diaqnostik prosesin əsas mərhələləri, müxtəlif yaş qrupları üzrə tətbiq olunan yanaşmalar və qanunvericilik aspektləri diqqətə çatdırılıb. Bununla yanaşı, transplantologiyada beyin ölümü diaqnozunun əhəmiyyəti, eləcə də bu sahədə aparılan beynəlxalq elmi tədqiqatların nəticələri iştirakçılarla bölüşülüb.
Sonra “İlkin səhiyyə xidmətində uşaq qastroenterologiyası” mövzusunda t.ü.f.d., dosent Təranə Tağı-zadə çıxış edərək, uşaqlıq dövrü xəstəliklərinin erkən diaqnostikasında pediatrların üzərinə düşən mühüm vəzifələrdən bəhs edib. Alim bu sahədəki müasir protokolları, innovativ yanaşmaları və rast gəlinən kliniki halların idarə olunması yollarını ətraflı təhlil edib.
Tədbirdə t.ü.f.d., dosent Ülviyyə Hacıyeva “Uşaqlarda kəskin respirator virus infeksiyaları və onların ağırlaşmaları: diaqnostik ipucları, qırmızı bayraqlar və klinik yanaşma”, t.ü.f.d., dosent Fəxriyyə Məmmədova “Uşaqların müalicəsində pasiyentmərkəzli yanaşma: imkanlar və perspektivlər”, t.ü.f.d., dosent Lalə Hidayətova “Uşaqlarda selektiv qidalanma və qidalanma davranışı pozuntuları: norma ilə patologiya arasında” və t.ü.f.d. Bayram Bayramov “Pediatrik xəstəliklərdə fenotipdən genotipe keçid: genetik diaqnostikanın rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mirəldar Babayev, Dr. Qoşqar İsmayılov və Sevda Məmmədovanın moderatorluğu ilə keçirilən II sessiyada uşaq hematologiyasının ən aktual mövzuları diqqət mərkəzində olub. Sessiyada leykemiya, limfoadenopatiya, uşaqlarda talassemiyanın müasir laborator diaqnostikası və metabolik xəstəliklərə dair geniş elmi təhlilləri və ən son kliniki yanaşmaları özündə əks etdirən məruzələr dinlənilib.
Daha sonra t.e.d., dosent Gündüz Əhmədov və t.ü.f.d., Elnur İmanovun moderatorluğu ilə “Multidissiplinar yanaşma” mövzusunda III sessiyada isə uşaqlarda boy göstəricilərinin dinamikası, balanslı qidalanmaya və fiziki sağlamlığın formalaşmasında müasir preventiv pediatriyanın roluna dair təqdimatlar edilib, uşaq orqanizminin harmonik inkişafı üçün atılmalı olan addımlar müzakirə olunub.
Sammit işini Dr. Ülviyyə Quliyeva və Dr. Rima İbadovanın moderatorluğu ilə keçirilən “Pediatrik nevrologiyanın aktual məsələləri” mövzulu IV sessiya ilə davam etdirib.
Bu paneldə uşaq və yeniyetmələrdə qidalanma pozuntuları, valideyn-həkim münasibətləri, uşaqlarda nitq inkişafının ləngiməsi, epilepsiya, serebral iflic və miqrenin diaqnostikası və müalicəsi mövzularında pediatriyanın praktiki sahələrinə dair təqdimatlar edilib.
Sammit çərçivəsində pediatrlar və digər aidiyyəti mütəxəssislər üçün metabolik xəstəliklər üzrə praktiki kurslar keçirilib. Dr. Ləman Əlirzayevanın təqdimatında reallaşan təlim prosesində həkimlərin bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə innovativ metodologiyadan istifadə olunub.
Kurs zamanı ilkin olaraq mütəxəssislərə pre-test təqdim edilib. Məruzə və təqdimatlardan sonra isə əldə olunan nəticələrin müqayisəli təhlili üçün iştirakçılar post-test mərhələsinə cəlb olunublar. Məqsəd həkimlərin mövzuya dair yeni elmi məlumatları və müasir müalicə protokollarını mükəmməl şəkildə mənimsəmələrini təmin etmək olub.
Bildirilib ki, nevrologiyanı pediatrlar üçün daha anlaşıqlı və əlçatan etmək vacibdir. Bu, uşaqlarda meydana çıxan ilkin simptomların vaxtında tanınması və xəstələrin gecikmədən aidiyyəti mütəxəssislərə yönəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, səhiyyə sistemində xəstələr ilkin mərhələdə poliklinikaya qəbul edilir. Bu səbəbdən ilkin pediatr baxışı xəstənin həyatı və gələcək sağlamlığı üçün çox böyük əhəmiyyət daşıyır. Burada ən vacib məqam odur ki, vaxtı-vaxtında lazımi tibbi müdaxilələr edilsin və dəqiq diaqnostik kriteriyalar təyin olunsun. Bunun üçün isə pediatrlar bir çox xəstəlikləri məhz ilkin simptomlarından tanımağı bacarmalıdırlar. Bura eyni zamanda psixoloji, psixiatrik və nevroloji pozuntular da daxildir. Neyroinkişaf pozuntusu olan uşaqların vaxtında mütəxəssisə çatdırıldığı təqdirdə, onların reabilitasiyası və bərpası da bir o qədər uğurlu və effektiv olur.



