Masallıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir-sərgi keçirilib

Masallıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir-sərgi keçirilib
  • Cəmiyyət

  • 26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Masallı rayonunda “Qalib Azərbaycan Ordusu: tarix, qəhrəmanlıq və Zəfər ənənələri” mövzusunda tədbir-sərgi təşkil olunub.

    Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirə Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Masallı rayon Komitəsi yaxından dəstək göstərib.

    Tədbirdə Masallı RİH-nin məsul əməkdaşları, təşkilatçı qurumların rəhbərləri, müharibə veteranları, qazilər və rayonun mədəniyyət işçiləri iştirak ediblər.
    İlk olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli tarixi yoldan, ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən bəhs edib.

    Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon üzrə sədri Ramiz Tağıyev, “Yeni Həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev və Birinci Qarabağ müharibəsi veteranı Fuad Ağayev çıxış ediblər.
    Çıxış edən veteranlar və qonaqlar ordumuzun döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqlardan, Silahlı Qüvvələrimizin müasir gücündən və Zəfər ənənələrinin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsindəki böyük rolundan danışıblar.

    Tədbirin yekununda qonaqlar mövzuya həsr olunmuş sərgiyə baxış keçirib, nümayiş etdirilən eksponat və rəsm əsərləri ilə tanış olublar. Sonda xatirə şəkilləri çəkdirilib.


    PAYLAŞ:

    Oxşar xəbərlər