Vətəndaş məktubları: Cənab Prezident, ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq

Vətəndaş məktubları: Cənab Prezident, ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq
  • Siyasət

  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar gəlməkdə davam edir.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

    Türkiyənin Balıkesir şəhərindən Berkut Gencay Sarıkız yazır: “Hörmətli cənab Prezident, mən məktəbliyəm. Azərbaycanı çox sevirəm. Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, inşallah, əsgərlərimizə töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm. Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, qələbə sizinlədir. Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın”.

    Yozqat şəhərindən Hilalsu Mert yazır: “Hörmətli cənab Prezident, mənim 10 yaşım var. Sizi səmimi qəlbdən salamlayır, dəyərli böyüyüm kimi əllərinizdən öpür, uca Allaha Sizi qoruması üçün dua edirəm. Hər gün televiziyadan ölkənizin torpaqlarınızı işğaldan azad etmək üçün göstərdiyiniz mübarizəni həyəcanla izləyirəm. Mən inanıram ki, uğrunda şəhidlər verdiyiniz doğma torpaqlarınızı erməni zülmündən qurtaracağınız günlər yaxındadır. Biz bütün ailə üzvlərimizlə birlikdə Sizə və qəhrəman əsgərlərinizə görə dua edirik. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Mən özümə məxsus sırğamı Azərbaycan əsgərinə kömək üçün yaradılan fonda bəxş etməklə, ümid edirəm ki, az da olsa igid əsgərlərimizə dəstək ola bilərəm. Allaha əmanət olun”.

    Giresun şəhərindən Erdal Adlan yazır: “Hörmətli cənab Prezident, müraciətimin əvvəlində tarixboyu Azərbaycanın və Türkiyənin azadlığı uğrunda şəhid olan bütün əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Cənab Prezident, keçən əsrin 90-cı illərinin əvvəlində 10 yaşım olsa da, Dağlıq Qarabağın işğal edilməsi barədə xəbərləri babamla birlikdə böyük ürək ağrısı ilə qarşıladıq, göz yaşlarımızı saxlaya bilmədik. İllərdir bu yara ürəyimizdə qaysaq bağlamır, içimizi qanadırdı. Amma əmin idim ki, əsl türk olan azərbaycanlı qardaşlarım bir qarış torpaq belə verməzlər. Erməni terrorçularını doğma torpaqlarınızdan qovmanıza çox sevindim. Onları sonacan qovun, 10 yaşında olan uşaqlarımızın bir daha üzülməsinə imkan verməyin. Ermənilərin hələ 1915-1923-cü illərdə doğulduğum Giresun şəhərində törətdikləri vəhşiliklər, tarixboyu türklərə qarşı xainlikləri hələ də yaddaşlardan silinməyib. Siz mübarizənizdə qazandığınız qələbələrlə təkcə öz şəhidlərinizin deyil, erməni terrorunun qurbanı olan hər bir kəsin qisasını alırsınız. Türkiyə hər zaman candan əziz olan Azərbaycanın yanındadır. Ölkəmizin hər bir vətəndaşı Azərbaycan üçün canından belə keçməyə hazırdır və bunu özlərinə şərəf bilirlər. Mən, həmçinin türk qanı daşıyan hər kəs haqq işinizi hələlik dualarımızla dəstəkləyirik. Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızda olduğumuzu unutmayın. Şəhidlərinizə rəhmət, yaralılara şəfa diləyirəm. Tanrı türkü qorusun! Türk qanı daşıyan xoşbəxtdir”.

    Rusiyanın Moskva şəhərindən Namiq Əlimuradov: “Hörmətli cənab Prezident, artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm. Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz. Cənab Prezident Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram. Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur. Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram, sözdə də, əməldə də. Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür. Qarabağ Azərbaycandır!”.

    Tovuz sakini Kürzəli Bayramov dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, işğaldan azad olunan bütün torpaqlara və yaşadığımız sevinc hisslərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin sayənizdə uzun illərin həsrətinə son qoyuldu, əzəli, əbədi torpaqlarımıza qovuşuruq. Sevinc hisslərimizi sözlə ifadə edə bilmirik. Hər zaman yanınızdayıq, cənab Prezident.

    Şəki sakini Elvin Məmmədov: “Müzəffər Ali Baş Komandan, mən bir zabit olaraq Azərbaycanın bu haqq savaşında, işğal altında olan doğma torpaqlarımız uğrunda gedən Vətən müharibəsində canımdan, son damla qanımdan belə keçməyə hazıram. Bir Azərbaycan oğlu kimi ön cəbhədə düşmənlə üz-üzə vuruşaraq şəhidlərimizin intiqamını almaq istəyirəm. Müzəffər Ali Baş Komandan, hərbi anda sadiq qalacağıma, düşmənə qarşı vicdanla vuruşacağıma Sizi əmin edirəm. Əmrinizi gözləyirəm”.

    Şamaxı rayonunun sakini Rubabə Nuriyeva: “Hörmətli cənab Prezident, Sizin dərin savadınız, dünyagörüşünüz qarşısında dünyanın siyasət meydanında heç bir siyasətçi tab gətirə bilməz. Siz Azərbaycan xalqının xilaskarısınız. Gələcək nəsillər Azərbaycan deyəndə Sizi, İlham Heydər oğlu deyəndə isə Azərbaycanı xatırlayacaq. Allah Sizi qorusun. Yaşasın Azərbaycan xalqı! Yaşasın sevimli Prezidentimiz! Azərbaycanın şanlı Ordusuna eşq olsun!”.

    Bakı şəhər sakini Cavad Quliyev yazır: “Müzəffər Ali Baş Komandan, bir talış, bir lənkəranlı olaraq Sizə təşəkkür edirəm. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı, doğma Qarabağımızı düşmən tapdağından azad edirsiniz. Bu, Sizin yüksək savadınız və güclü iradənizin nəticəsində mümkün olmuşdur. Bütün xalqımız Sizə sonsuz təşəkkür edir və ətrafınızda sıx birləşib. Allah Sizi və mətin Ordumuzu qorusun! Cənab Prezident, çox təəssüflənirəm ki, bir vətəndaş olaraq, Vətənə olan borcumu yerinə yetirə bilmirəm. Çox istərdim ki, məni də Ordu sıralarına daxil etsinlər. Bu Vətən üçün canımı da, qanımı da verməyə hazıram. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

    Qubadlı sakini Çingiz Salmanov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdi bu günü gözləyir, Vətən həsrəti ilə yaşayırdıq. Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır. Cənab Prezident, Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”.

    Ağcabədi sakini Səbuhi Atakişiyev: “Hörmətli cənab Ali Baş Komandan, son günlər Azərbaycan Ordusu tarix yazmaqda davam edir. Çox xoşbəxtik ki, qazanılan qələbələrin canlı şahidiyik. Müzəffər Ali Baş Komandan, hər gün azad olunmuş torpaqlarımızın xəbərini eşitdikcə böyük qürur hissi keçiririk. Siz bu gün milyonların arzusunu reallaşdırırsınız, Sizə Ulu Tanrıdan güc qüvvət arzu edirik. İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşada dalğalandıracaq. Eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan Ordusuna. Qarabağ Azərbaycandır!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər