Vətəndaşlar Prezidentə yazırlar: Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik

Vətəndaşlar Prezidentə yazırlar: Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik
  • Siyasət

  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vətəndaşlarımızdan, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyə və digər ölkələrin vətəndaşlarından məktublar ünvanlanmaqda davam edir.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

    Türkiyənin Sakarya vilayətindən Sarıgül Səvzəliyeva yazır: “Çox dəyərli Prezident, hörmətli cənab Ali Baş Komandan, mən əslən türkəm, həyat yoldaşım isə Azərbaycandandır. Tarixi çox sevirəm, tarix müəllimiyəm. Universitetdə tarix dərsləri keçərkən Qarabağda yaşanan qətliamları, Xocalı qırğınını göz yaşları ilə oxuyardım. Bu gün isə rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusunun tarixə yazdıqlarını sevinc göz yaşları ilə izləyirəm. Azərbaycan tarixində dönüş yaradacaq fəaliyyətinizi yeni nəsillərə ləyaqətlə öyrədəcəyimdən zərrə qədər şübhəniz olmasın. Qarabağın düşmənlərdən təmizlənməsi uğrundakı mübarizənizi cani-könüldən dəstəkləyirik. Çox sevdiyimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının hər bir sakini kimi lazım olduqda can Azərbaycan üçün canımızı fəda etməyə hazır olduğumuzu bildirmək istəyirəm. Sevgili atanız ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Allahın köməyi ilə zəfər Azərbaycan Ordusunundur. Rəbbim Sizi və qəhrəman əsgərlərimizi qorusun!”.

    Mersin vilayətindən Atila Mehmet: “Çox hörmətli Prezident, Allahdan Sizə və xalqınıza daimi lütf və mətanət arzulayır, şəhidlərinizə isə rəhmət diləyirəm. Taleyinizdə nə varsa onu paylaşmaq, qarşılaşdıqlarınız önündə sizlərlə çiyin-çiyinə durmaq istəyirəm. Allah Sizi, bizi və bütün İslam dünyasını qorusun, yar və yardımçınız olsun. Bizlərlə xain davranan, oyun oynamağa cəhd edən düşmənlərimiz isə gücün nə olduğunu gördülər. Uca Rəbbimdən tezliklə işğal altında olan torpaqlarınızı azad etmək üçün xalqınıza kömək olmasını arzulayıram. Bir türk olaraq bu mübarizənizdə daim Sizin yanınızda olmaq, “bir millət, iki dövlət” ideyasına xidmət etmək istəyirəm. Qəlbimlə, ruhumla və dualarımla Sizin yanınızdayam. Sizin yolunuzda, haqqın, ədalətin bərpası yolunda qardaşlarımla bir sırada olmaq, Allah qismət edərsə, şəhidlik zirvəsinə ucalmaq mənim üçün şərəfdir. Artıq analarımızın, atalarımızın göz yaşı axıtmasını, övladlarımızın valideynlərindən məhrum olmasını istəmirik. Allaha əmanət olun!”.
    Bakı şəhər sakini Qələmirzə Masiyev: “Çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.

    Qubadlı sakini Günel Allahverdiyeva: “Möhtərəm cənab Prezident, Siz bu günlərdə Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazırsınız. Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır. Mən Qubadlıdan köçkün düşəndə 8 yaşım vardı. Ürəyimizdə müharibənin açdığı yaralarla böyüdük. Amma bu günlərdə torpaqlarımızın azad olunması xəbəri yaralarımıza məlhəm oldu. Qubadlı sakini kimi öz adımdan və bütün qubadlılılar adından Sizə və müzəffər Ordumuza dərin minnətdarlığımızı bildirirəm. Qarabağ bizimdir, zəfər bizimlədir!”.

    Laçın sakini Firdovsi Təhməzov: “Hörmətli cənab Prezident, mən 1992-1994-cü illərdə bir qolum olmadan Qarabağ döyüşlərində iştirak etmişəm. Torpaqlarımızın azad edilməsi, otuz ildən bəri narahat qalmış şəhid ruhlarının şad olması, mənfur erməni faşistlərinin öz layiqli cəzasını alması üçün hazırda gedən döyüşlərdə də iştirak etməyə hazıram. Əmrinizdəyəm, Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

    Şəkidən Besik Kuribabaşvili yazır: “Müzəffər Ali Baş Komandan, mən 1983-cü ildə Qax rayonunun Meşəbaş kəndində anadan olmuşam. Hərbi xidmətimi 2002-ci ildə Füzuli rayonunun Alxanlı kəndində yerləşən hərbi hissədə tank əleyhinə raket qurğusunun baş atıcısı və manqa komandirinin müavini vəzifəsində yerinə yetirmişəm. Sizin məlum Fərmanınızı böyük sevinc və fəxr hissi ilə qarşıladıq. Vətənimizin işğal altında olan torpaqlarının azad olunması vaxtı, nəhayət gəlib çatdı. Çoxdan gözlədiyimiz an, səbirsizliklə arzuladığımız zəfər yürüşü üçün bizlərə imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Cənab Prezident, Vətənimin bu ağır, lakin şərəfli zamanında, ürəklərin cəbhə üçün, torpaq üçün döyündüyü bir vaxtda, hamının bir nəfər kimi “Qarabağ” deyərək mübarizəyə qalxdığı anda mən də bir Azərbaycan vətəndaşı və azsaylı xalqın nümayəndəsi kimi, Vətən qarşısında müqəddəs borcumu yerinə yetirmək istərdim. Cənab Ali Baş Komandan, doğma torpaqlarımızı düşməndən azad etmək üçün, canımdan və son damla qanımdan keçməklə şəhid olmağa hazıram. Şəhidlik zirvəsinə ucalmaq ömürboyu arzusunda olduğum xoşbəxtliyi yaşamaq deməkdir mənim üçün. Ulu Öndərimizin layiqli davamçısı kimi Sizə və rəşadətli Ordumuza bu şərəfli yolda böyük uğurlar arzulayıram. Vətənə verəcəyim candır. Qarabağ Azərbaycandır!”.
    PAYLAŞ:

    Oxşar xəbərlər