Prezidentə yazırlar: Siz Azərbaycanın ən yeni şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız

Prezidentə yazırlar: Siz Azərbaycanın ən yeni şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız
  • Siyasət

  • Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.

    LEQAL.AZ  Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

    Gürcüstanın Marneuli bölgəsində yaşayan Kənan Mehdiyev yazır: “Hörmətli cənab Prezident, bu gün Azərbaycanın ürəyi dünyanın hər yerində döyünür. Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin şahididir. Hörmətli Prezident, mən Sizə Gürcüstanda yaşayan bütün azərbaycanlıların adından təşəkkür edirəm. Siz təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlılarının Prezidentisiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizin kölgənizi bizim millətin başının üzərindən əskik etməsin. Azərbaycanın qazandığı qələbələr, əldə etdiyi uğurlar bizi çox qürurlandırır və bu uğurların müəllifi Sizsiniz. Əminəm ki, xalqımızın birliyi bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Hər zaman dövlətimizin yanındayıq, Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

    Qazaxıstanın Merke rayonundan Nəbi Qafarovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizi, yenilməz Ordumuzu və bütün Azərbaycan xalqını qazandığımız zəfərlər münasibətilə təbrik edirəm. Nəhayət, bu müqəddəs torpaqlarımızı erməni adlı tör-töküntüdən təmizləyirsiniz. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Təki Vətən sağ olsun!”.

    Rusiyanın Moskva şəhərindən Ceyran Vəliyeva: “Hörmətli cənab Prezident, mən azərbaycanlı olduğum üçün sözün əsl mənasında fəxr edirəm. Ailəmiz Rusiyanın Moskva şəhərində yaşayır, son günlər bütün vaxt Azərbaycandan olan xəbərləri izləyirik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var və təşəkkür edirik ki, bizə bu sevinci yaşadırsınız. Oxuduğum məktəbdə fəxrlə gəzirəm, çünki hər kəs bilir ki, mən azərbaycanlıyam, biz zəfər çalırıq və çalacağıq! Qarabağ Azərbaycandır!”.

    Saatlı rayonundan Şövqü Abasov dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandanım, mən, Abasov Şövqü Heydərəli oğlu 1982-ci ildə Saatlı şəhərində anadan olmuşam. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi və Ali Hərbi Məktəbi bitirmişəm. Mənə baş leytenant hərbi rütbəsi verilmişdir. 2006-cı ildə Hərbi Təlim-Tədris Mərkəzini bitirmişəm. Həmin il döyüş bölgəsi olan Murovdağda yerləşən N saylı hərbi hissəyə göndərilmişəm. 2012-ci ilə qədər döyüş bölgəsində xidmət etmişəm. Artilleriya üzrə peşəkar hərbçiyəm. Bu gün də mənim ürəyim hərblə döyünür. Son günlər Sizin rəhbərliyiniz altında Silahlı Qüvvələrimizin döyüşlərdə göstərdiyi igidlik və şücaətlər məni daha da ruhlandırmışdır. Cənab Prezident, yenidən hərbi xidmətə qayıtmaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin bircə əmriniz kifayətdir”.

    Bakı sakini Əli Dadaşov: “Cənab Ali Baş Komandan, dəyərli və güclü sərkərdə, mən Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirəm. Mən sevinirəm ki, Sizin kimi Prezidentimiz var. Bizi dünyada qalib xalq kimi tanıtdınız. Sizin və qüdrətli Ordumuzun sayəsində bu qalibiyyəti qürur və sevinc hissləri ilə qeyd edirik. Bizə azad, firavan və bütöv Azərbaycan bəxş etdiyinizə görə Ordumuza və Sizə öncə özüm sonra isə bütün azərbaycanlı uşaqların adından minnətdarlığımı bildirirəm. Qarabağ Azərbaycandır!”.

    Möhtərəm Prezident, sevimli rəhbər.
    Allah Sizi qorusun!
    Siz bizə yol göstərən uzaqgörən Lider, məğrur sərkərdəsiniz. Sizin məqsədyönlü fəaliyyətiniz və cəsarətli addımlarınız sayəsində 30 illik Qarabağ həsrətimizə son qoyulur. Bütün xalq - uşaqdan böyüyə hamı Sizinlədir. Xalq Sizi sevir, Sizə inanır və rəğbət bəsləyir.
    Cənab Ali Baş Komandan, zabit və əsgərlərimiz Sizin komandanlığınız altında hünərlə döyüşlərə atılır. Torpaq, Vətən uğrunda mərdliklə vuruşub şəhid olan oğullarımızın ruhu şaddır. Çünki Siz bizə qələbə bəxş edir və yeni tarix yazırsınız. Yeni yazılan şərəfli tariximizin müəllifi Sizsiniz. Sizə Allahdan güc-qüvvət diləyirik.
    Cənab Ali Baş Komandan, xalqımız tezliklə Sizdən Şuşada üçrəngli Bayrağımızın asılması xəbərini gözləyir. İnanırıq ki, o gün uzaqda deyil və bu Qələbə sevincini bizə yaşadacaqsınız.
    Hörmətlə,
    Səfalı Paşayev
    Əlihüseyn Şükürov
    Azərbaycan Respublikası, Masallı rayonu.
    PAYLAŞ:

    Oxşar xəbərlər