Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
  • Cəmiyyət

  • İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı.  Azərbaycanın siyasi qələbəsinin  və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında  Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam  və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. 
            
    Kəlbəcər rayonu 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.

       Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayıb. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir. 

    1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.. 
         
    Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi.
          
    Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə   böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. 
      
    Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu. Heç şübhəsiz ki, aylar, illər ötəcək, ancaq Azərbaycanın Vətən müharibəsində gösərdiyi cəsarət və vətənpərvərlik unudulmayacaq. Bununla bağlı, kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.

    Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.  
           
    Kəlbəcər  qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından ölkənin ən böyük rayonlarından biridir. Kəlbəcərin tarixi abidələri Azərbaycanın böyük sərvətidir. Həm məscidlər, həm kilsələrrespublikanın tarixi sərvətidir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. 
         
    Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğul  idilər, meşələri yandırırdılar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırıb, aparıb Ermənistanda satırdılar. 

    Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.  

    Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
                   
     25 noyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu işğaldan azad olundu.





    Əmrah Fərziyev,
    YAP gənc fəalı

    PAYLAŞ:

    Oxşar xəbərlər