Zəfər tarixində Kəlbəcərin azad olunması xüsusi önəm daşıyır

Zəfər tarixində Kəlbəcərin azad olunması xüsusi önəm daşıyır
  • Cəmiyyət

  • Vətən müharibəsinin hər günü dönə- dönə öyrənilməli və fəxr edilməli bir tarixdir. Bu zəfər tarixinin içində Kəlbəcər uğrunda döyüşlər və onun azad olunması xüsusi önəm daşıyır. Ermənistanla 170 km-lik sərhədi olan Kəlbəcərin düşmən əlində olması onlara çox böyük strateji üstünlük verirdi. Onlar Kəlbəcər ərazisindən istifadə etməklə ən qısa yollarla işğal etdikləri ərazimizdə yerləşdirdikləri hərbi qüvvələrini silah-sursatla, ərzaq, yanacaq və s zəruri vasitələrlə təmin edirdilər. Təsadüfi deyil ki, Vətən müharibəsinin elə ilk günlərində ən qızğın döyüşlər Kəlbəcərin şimal hissəsində gedirdi. Dağ yüksəkliklərində yerləşən düşmən postları ələ keçirildikdən sonra artıq strateji üstünlük ordumuzun tərəfində oldu və Ermənistandan gələn bütün təminat yolları bağlandı.

    Bütün bunlara məhz müharibənin ilk günlərində nail olmaq lazım idi ki, canlı qüvvələrimizin böyük hissəsini cəbhənin digər istiqamətlərinə yönəltmək mümkün olsun: "Daha sonra Cəbrayılın azad olunması, Zəngilan və Qubadlı istiqamətində hücum xəttinin genişləndirilməsi və qoşunlarımızın cənub- qərb istiqamətindən Laçın və Kəlbəcər istiqamətində irəliləməsi mümkün oldu. Beləliklə, hələ müharibənin ilk günlərində Kəlbəcərdə əldə edilmiş hərbi uğurlar sonrakı həftələr ərzində digər döyüş bölgələrindəki qələbələrimizi asanlaşdırmış oldu. Qarabağ ərazisində çoxsaylı itkilər vermiş düşmənin 25 minlik işğalçı ordusu mühasirə vəziyyətinə düşəndə Ermənistanın məğlubiyyəti qəbul etməkdən başqa yolu qalmadı. 9 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Ermənistan Kəlbəcəri noyabrın 25- də döyüşsüz təslim etməyə məcbur oldu.

    Kəlbəcər ölkəmizin ən yüksək dağlıq ərazisidir. İlk insan məskənlərindən olan Kəlbəcər təbii ehtiyatları, çoxsaylı tarixi- mədəni abidələri ilə ölkəmizin ən zəngin bölgəsidir. İşğal altında qaldığı müddətdə Kəlbəcər talan edilmiş, meşələr, bağlar, evlər yandırılmış, onun təbii ehtiyatları vəhşicəsinə istismar edilmişdi. Ermənilər bu rayonu döyüşsüz təhvil versələr də yenə öz iyrənc xislətlərinə sadiq qalaraq şəhəri və kəndlərimizi yandıraraq tərk etdilər.

    Bu 4 ildə Kəlbəcərin bərpası və keçmiş məcburi köçkünlərin öz evlərinə qaytarılması üçün geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən 25 noyabr Kəlbəcərin şəhər günü qeyd olunur. Kəlbəcər həmişə olduğu kimi bu gün də Azərbaycanın tarixi baxımından və ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Yaxın zamanlarda bu bölgədən didərgin düşmüş bütün soydaşlarımız öz doğma evlərinə qayıdacaq və Kəlbəcərdə həyat yenidən öz axarına düşəcək. Əminəm ki, zəngin təbii ehtiyatları ilə ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verəcək Kəlbəcər həm də özünün turizm potensialı ilə bütün dünyanın diqqətini cəlb edə biləcək.




    Eldar Kazımov, 
    YAP Masallı Rayon Təşkilatının məsləhətçisi.
    PAYLAŞ:

    Oxşar xəbərlər