Mirqabil Hüseynov – 75
19 noyabr 2024-cü il tarixdə Masallı şəhərinin “Lanur” şadlıq sarayında “Tərəqqi” və “Vətən naminə” medallı Əməkdar müəllim Mirqabil Nüseynovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbiri Ulu Öndərin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Veteran müəllim Fəxrəddin Talıbzadə tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mirqabil Mirhüseyn oğlu Hüseynov 1949-cu il noyabrın 19-da Masallı şəhərində anadan olub. Şəhər 1 və 2 nömrəli orta məktəblərində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsini bitirib. Həmin ildən şəhər 1 nömrəli orta məktəbində tarix müəllimi və şəhər qiyabi məktəbində metodist kimi fəaliyyətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra – 1971-ci ildən şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində direktor müavini, 1976-cı ildən şəhər 1 nömrəli tam orta məktəbin direktoru işləyib. 1990-1993-cü illərdə Masallı RİHB-nın müavini vəzifəsində çalışıb. 1993-cü ildən 2022-ci ilə kimi yenidən şəhər 1 nömrəli orta məktəbin direktoru kimi əmək fəaliyyətinə başlayıb. 47 il bu təhsil ocağına rəhbərlik edib.
Ömrünün 56 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən M.Hüseynov 2005-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub, 3 oktyabr 2013-cü ildən Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülüb.
Tədbirdə iştirak edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri Zamin Məmmədov və Niyazi Bağırov, “Masallı ziyalıları” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı Qardaş Fətullayev, “Masallı təhsil fondu”nun icraçı direktoru Hüseyn Hüseynov, “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov Ümummilli Lider Heydər Əliyevin və onun siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, ağsaqqallara olan diqqət və qayğısından danışıblar, Mirqabil Hüseynovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib, yubilyarı təbrik edib, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun imzaladığı Fəxri fərmanı, Milli Məclisin deputatı deputatı Məşhur Məmmədovun, YAP Masallı Rayon Təşkilatının məktubunu və hədiyyələrini təqdim ediblər. Çıxışlarda M.Hüseynovun əsl pedaqoq, vətənpərvər insan, gözəl ailə başçısı, mehriban dost olduğunu dilə gətiriblər.
Masallıda tanınmış rəssam Ehtiram Məmmədovun yubilyara həsr etdiyi portreti təqdim edilib.
Şəhid ailələri - iki şəhid anaları - Viləş kəndindən olan Ziba Əsgərova və Lerik rayonundan gəlmiş Sevda Novruzova, Sücəddin Novruzov Mirqabil Hüseynovun Masallıda təhsilin inkişafında, eləcə də “Cümə” məscidi dini icmasının sədri kimi fəal mövqeyindən bəhs ediblər.
Müəllim – şairə Firəngiz Niftiyeva Mirqabil Hüseynova həsr etdiyi şeirini səsləndirib.
Tələbə yoldaşı, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, Masallının tanınmış veteran müəllimi Hacı Həmdulla Məmmədov, Lerik rayonundan gələn veteran ziyalı Əflatun müəllim, Biləsuvarlı tələbə yoldaşı İslam müəllim, Cənub bölgəsinin tanınmış jurnalistləri - “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Cənub xəbərləri” saytının Baş redaktoru Zahir Əmənov, Aydın Canıyev, “Leqal.az” saytının redaktoru İbrahim Şükürov və başqaları yubilyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, cansağlığı arzulayıblar.
Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq M.Hüseynov gənclərimiz üçün əsl örnəkdir.
Yubilyar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə M.Hüseynova dost və doğmalarının da qiymətli hədiyyələr verilib.
Şirniyyat və ləziz Azərbaycan yeməkləri, şən, poetik duyğular, musiqi sədalaı altında davam etdirilən tədbirin sonunda tort kəsilib.
İbrahim ŞÜKÜROV,
ştatdankənar müxbirimiz.
Fotolar Elsevər ƏLİYEVƏ məxsusdur.