Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır

Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
  • Siyasət

  • Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də digər ölkələrin vətəndaşlarından məktublar ünvanlanmaqda davam edir.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

    Rusiya Federasiyasının Dağıstan Respublikasından Ağamirzə Atayev yazır: “Hörmətli cənab Prezident, mənim 39 yaşım var, Dağıstan Respublikasının Dərbənd rayonunda Heydər Əliyev adına Cemikənd orta məktəbində işləyirəm. Azərbaycan Ordusunun Qarabağdakı əks-hücum əməliyyatlarını izləyirəm. Qarabağ torpaqlarının azad edilməsi xəbərləri gələndə özümü çox xoşbəxt hiss edirəm və hər gün yeni xəbərlər gözləyirəm. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinə və işğaldan azad edilmiş digər kəndlərə, qəsəbələrə görə çox sevindim. Qubadlı, Laçın, Xankəndi, Şuşa, Kəlbəcər şəhərlərinin işğaldan azad olunmağını da səbirsizliklə gözləyirəm. Mən də növbəti yay tətilimi Azərbaycanda keçirmək və Şuşada qalmaq istəyirəm. Gənc nəslin Azərbaycan və Qarabağ həqiqətlərini bilmələrini və ermənilərin yalanlarına inanmamalarını istəyirəm. Cənab Prezident, Sizə və bütün əsgərlərə doğma torpaqların azad edilməsinə görə təşəkkür edirəm və yeni-yeni uğurlar arzulayıram. Uca Allah Sizi və əsgərlərinizi qorusun!”.

    ABŞ-ın Kaliforniya ştatında yaşayan Mətin Məsimli: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı tarix boyunca müxtəlif qələbələrə və uğurlara imza atıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və daha sonra Sizin prezidentliyiniz dövründə həm maddi-texniki bazası möhkəmləndirilmiş, həm də peşəkarlığı artırılmış müzəffər Azərbaycan Ordusu sentyabr ayının 27-dən başlayaraq Azərbaycan torpaqlarını böyük bir şücaətlə düşməndən azad edir. Bu, bir Azərbaycan gənci kimi məni çox qürurlandırır və sevindirir. Bu qələbələri Azərbaycan xalqına Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır. Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazır. Mən bir azərbaycanlı gənc olaraq Sizinlə fəxr edir və hər zaman əmrlərinizi gözləyirəm. Azərbaycanın parlaq gələcəyinin yalnız Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığınız siyasi yolda olduğuna inanıram. Hər zaman Sizi dəstəkləyir və özümü həmişə bu yolda görməkdən sonsuz bir qürur duyuram. Hazırda Kaliforniya Universitetində magistr təhsili alıram. Amerikada yaşadığım bu 8 illik təhsil dönəmində öyrənmiş olduğum texnoloji və iqtisadi bilikləri təhsilimi bitirdikdən sonra Vətənimin inkişafı üçün Azərbaycanda tətbiq edəcəyim günü böyük bir səbirsizliklə gözləyirəm. Mən Azərbaycan əsgəri və iqtisadi-texnologiya mütəxəssisi kimi vətənimə və dövlətimə xidmət edəcəyəm və bundan həmişə qürur duyacağam. Sonda, sözlərimi bu şüarla bitirmək istəyirəm: Yaşasın Azərbaycan! Yaşasın Ali baş komandan! Qarabağ Azərbaycandır!”.

    İsrailin Təl-Əviv şəhərindən Muraz Davidov Rafaeli İzavou, Emil Rzayev, Samir Abramov, Seymur Abramov, Azis Sadiyev, Kamal Zeynalov, Tural Simxayev, Kamal Bakabayev, Zəkəriyyə Şamilov, Adil Şamilov, Şahlar Zeynalov, Anar Nəsimov və Rüfət Nəsimov yazırlar: “Hörmətli cənab Prezident, Sizi İsraildə yaşayan, əslən Azərbaycandan olan dağ yəhudiləri adından salamlayırıq. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim doğma Vətənimizdir. Biz Sizinlə fəxr edir, Sizə inanırıq, cənab Prezident. Qarabağ Azərbaycandır!”.
    Salyandan Nihad Əsgərov: “Hörmətli Prezidentim, mən 6-cı sinifdə oxuyuram. Yaşım yol versəydi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə mən də can-başla qatılardım. Bu məktubla Sizə bildirmək istəyirəm ki, biz Sizə və rəşadətli Ordumuzun igid əsgərlərinə inanırıq. Əminik ki, Azərbaycan Ordusu üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq. Allah Azərbaycanımızı, müzəffər Ordumuzu və Sizi qorusun, cənab Prezident! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

    Sabirabaddan Əlipənah Soltanovun məktubunda deyilir: “Əziz və hörmətli Prezidentimiz, sentyabrın 27-dən indiyədək bizə yaşatdığınız xoş günlərə görə Sizə minnətdarlığımı bildirirəm. Biz işğal altında olan torpaqlarımızın Sizin və şanlı ordumuzun sayəsində tamamilə işğaldan azad olunacağına bütün qəlbimizlə inanırıq. Yaşasın xalqımız, yaşasın Prezidentimiz, yaşasın ordumuz! Qarabağ Azərbaycandır!”.

    Ağsudan Mahir Dəmirli yazır: “Əziz və hörmətli Prezidentimiz, Sizin uğurlu yolunuzu hər zaman dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək bir vətəndaş olaraq əldə etdiyiniz nailiyyətlərə hər zaman sevinir və uğurlarınızın gələcəkdə də çox olmasını arzu edirəm. Arzu edirəm ki, Şuşada, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızın azad olunmasını tezliklə xalqımıza bəyan edəsiniz. Ailəliklə Sizi sevir və dəstəkləyirik”.
    PAYLAŞ:

    Oxşar xəbərlər