Mayın 14-də NATO Parlament Assambleyasının (PA) yaz sessiyası onlayn formatda işə başlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, sessiyada Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Kamran Bayramov və Elşən Musayev iştirak ediblər.
Sessiya çərçivəsində NATO PA-nın Müdafiə və təhlükəsizlik, Təhlükəsizliyin mülki ölçüsü, İqtisadi təhlükəsizlik, Elm və texnologiya, Siyasi komitələrinin iclaslarında “Silahlara beynəlxalq nəzarət”, “Rusiyanın geosiyasi və ideoloji həmlələrinin qarşısının alınması”, “Çin müdafiəsinə baxış: NATO üçün mövcud təsirləri” kimi mövzular müzakirə olunub.
Müzakirələrdə deputatlarımız fəallıq göstərib, suallarla çıxış edib və bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildiriblər.
NATO PA-nın yaz sessiyası işini mayın 17-də plenar iclasla davam etdirəcək.